Hökumətin 2016-cı il üçün QARABAĞ PROQNOZU
Azərbaycanın 2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmayacaq. Azərbaycan mövqeyində kardinal dəyişiklik etmədən münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirəcək. Bunu Dailykarabakh-a açıqlamasında baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi aydındır: “Torpaqların geri qaytarılması, vətəndaşlarımızın öz yurd-yuvalarına dönməsinin təmin edilməsi Azərbaycan üçün birmənalı dəyərlərdir və bu dəyərlər dəyişilməzdir. Danışıqlar prosesində xırda taktiki dəyişikliklər mümkün olsa da, prinsipial mövqeyimiz dəyişməzdir”.
Baş nazirinin müavini deyib ki, Minsk qrupu ədalətin bərpa olunması, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün səmərəli fəaliyyət göstərə bilməyib. Ancaq Azərbaycan danışıqlar prosesindən son ana qədər istifadə etməklə prinsiplərindən geri çəkilməyəcək. YAP rəsmisi son vaxtlar cəbhədə yaranan gərginliyə də münasibətini bildirib: “Cəbhə xəttində Ermənistan hərbçilərinin təxribat cəhdlərinin artması Azərbaycan Milli Ordusunun güclənməsi ilə əlaqədardır. Düşmən Azərbaycanın mövqelərini yoxlamaq üçün təxribatlara əl atır. Hər dəfə də Azərbaycan Ordusunun layiqli cavabını alıb”.
Ə.Əhmədov, həmçinin vurğulayıb ki, cəbhədə gərginliyin artması geopolitik vəziyyətlə də bağlıdır: “Regionda baş verən proseslər də bütövlükdə gərginliyin artmasına gətirib çıxarıb. Digər maraqlı tərəflər də bu proseslərdən faydalanmağa çalışırlar”.
1037 dəfə oxundu