İsgəndər Həmidovun partiyası yenidən qeydiyyata alınmaq istəyir
Azərbaycan Milli Demokrat Partiyası (AMDP) dövlət qeydiyyatına alınması barədə Ədliyyə Nazirliyinə yenidən müraciət hazırlayır.
Bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədri Qələndər Muxtarlı məlumat verib.
Onun sözlərinə görə, bu, partiyanın qeydiyyata alınması ilə bağlı nazirliyə 9-cu müraciətidir:
"1 il 7 aydan artıqdır ki, 54 nəfər təsisçi ilə qeydiyyata alınmaq üçün nazirliyə müraciət etmişik. 8 dəfə nöqtə, vergül kimi bəhanələrlə müraciəti geri qaytarıblar. Qüsur hesab edilən hallar ortadan qaldırılıb və təkrar müraciət etmişik. Lakin qeydə alınmayıb".
Qələndər Muxtarlı bu sahənin çox ciddi nəzarətdə olduğunu xatırladıb:
"İndi də adla bağlı dəyişiklik zərurəti yaranıb, onu da həll edib yaxın vaxtlarda sənədləri təqdim edəcəyik. Görək nə olur".
Qeyd edək ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 1992-ci ildə İsgəndər Həmidov tərəfindən Bozqurd Partiyası adı altında yaradılıb. 1995-ci ildə qeydiyyatı ləğv edilən partiya 1999-cu ildə adını dəyişərək rəsmi fəaliyyətə başlayıb. 2008-ci ildə partiya yenidən qeydiyyatdan keçib və 14 aprel 2023-cü ildə fəaliyyətini dayandırılıb.
39 dəfə oxundu