Hansı ölkələrdə səfirliklərimiz bağlana bilər? - ŞƏRH
Son günlər Azərbaycanın bəzi səfirliklərinin ləğv olunması haqda müxtəlif fikirlər səsləndirilir. İddialara görə, əlavə xərclərdən xilas olmaq üçün biz neçə səfirliyin ləğv olunması nəzərdə tutulub. Hətta mətbuatda bağlanacaq diplomatik nümayəndəliklərin siyahısı da dərc olunub.
Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, diplomatik nümayəndəliklərin bağlanacağı haqqında məlumatın təqdim olunması obyektivlikdən kənardır və qeyri-ciddidir.
H. Hacıyev qeyd edib ki, digər dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyi sistemində də işin optimallaşdırılması və xərclərə qənaət edilməsi nəzərdən keçirilir: “Ancaq bu barədə yekun qərar hələ qəbul edilməyib. Qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlı və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal-hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə baxılır. İkincisi burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir”.
Hazırkı durumda səfirliklərin ləğvinə ehtiyac varmı?
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycanın bəzi ölkələrdə diplomatik nümayəndəlik saxlaması əlavə xərcdir.
“Hesab edirəm ki, belə bir qərarın verilməsi doğru olardı. Düşünürəm ki, ilk olaraq uzaq Afrika və Asiya ölkələrindəki konsulluqlar bağlanmalıdır. Yəni, onların funksiyasını səfirliklər həyata keçirə bilər. Bundan başqa Afrikada və bəzi ərəb ölkələrindəki səfirliklərimizin bağlanması məqsədəuyğundur.
Azərbaycan xarici siyasət büdcəsinə qənaət etmək üçün dövlət tərəfindən bu addım atılmalıdır. Hətta bu zərurətdir. Çünki, büdcəyə qənaət etmək lazımdır. Qənaət isə dövlətçiliyin əsas prinsiplərindən biridir”, - deyə Q. Hüseynli vurğulayıb.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP rəsmisi Aydın Mirzəzadənin fikrincə, bu məsələdə söhbət təkcə qənaətdən yox, xarici siyasətin daha səmərəli formada aparılmasından gedir: “Bu gün Azərbaycanın xarici siyasət aparması üçün kifayət qədər imkanları var. Bu istiqamətdə ölkəmiz dünyada ən yaxşı nümunələrdən birini göstərir. Dünya diplomatik praktikasında bir qayda olaraq vaxtaşırı xaricdəki səfirliklərin genişlənməsi, diplomatların say tərkiblərinin azaldılması, yaxud regional səfirliklərin birləşdirilməsi praktikası çoxdur.
Bu baxımdan xarici diplomatik nümayəndəliklərimizin bəziləri ixtisar oluna, diplomatların sayı azaldıla, bəzilərində isə əksinə, Azərbaycanın maraqlarından irəli gələrək diplomatların sayı arta bilər. Bu qarşıda duran məsələlərən asılıdır. Məqsəd səfirliklərin bağlanması deyil, xarici siyasətimizi daha səmərəli aparmaqdır”, - deyə A. Mirzəzadə vurğulayıb.
924 dəfə oxundu