Avropa İttifaqı ilə Avropa Şurası Azərbaycanda işçi axtarır
Avropa Şurası İnsan Haqları və Qanunun Aliliyi baş direktorluğu Avropa İttifaqı ilə Avropa Şurası arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanda çalışacaq yerli qısamüddətli məsləhətçilərin işə qəbulunu elan edib.
APA-nın quruma istinadən verdiyi məlumata görə, vakansiya “2015-2017-ci illər üzrə Avropa Şurası-Avropa İttifaqı Şərq Tərəfdaşlığı üzrə Proqramlı Əməkdaşlıq Çərçivəsi” əsasında həyata keçiriləcək.
Layihənin məqsədi məhkəmələrin effektivliyini artırmaq, hakimlərin təlim səviyyəsini, məhkəmələrin müstəqilliyini inkişaf etdirmək və onları Avropa standartlarına uyğunlaşdırmaqdır. Yerli qısamüddətli məsləhətçilərin Bakı və Azərbaycanın müxtəlif regionlarda fəaliyyət göstərəcəyi planlaşdırılır. Bu gündən başlayan ərizə qəbulu yanvarın 22-də bitəcək.
Layihə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihə Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Hakimlərin Seçim Komitəsi, Ədliyyə Akademiyası və 5 məhkəmə ilə əməkdaşlığı əhatə edəcək. Layihənin icrasına 2016-cı ilin fevralında başlanılacaq, 70 iş günü olmaqla, ən geci 2016-cı ilin dekabrında bitirilməsi planlaşdırılır.
1101 dəfə oxundu