“Əli Kərimli ölkəni də AXCP-nin gününə salar“
AXCP sədrinin fikirləri gülüş doğurub
Zahid Oruc: “Azərbaycan insanı Əli Kərimliyə inanmadığını onun mitinq çağırışlarına gəlməməklə sübut etdi”
AXCP sədri Əli Kərimli Meydan.TV-yə verdiyi geniş müsahibədə bildirib ki, ölkənin bütün problemlərini öz üzərinə götürməyə tam hazırdır. Partiya sədrinin bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
AXCP sədrinin fikirlərini əksəriyyət gülüşlə qarşılayıb. Buna səbəb elektorat bazası olmayan bir rəhbərin bu qədər böyük iddia irəli sürməsidir. Dekabrın sonlarından başlayaraq ölkəni ağuşuna alan devalvasiya qarşısında susqun mövqe sərgiləyən, yalnız facebookda yazdığı 1-2 statusla kifayətlənən bir partiya sədri problemlərin məsuliyyətini necə öz üzərinə götürə bilər? Yaxud keçirdiyi mitinqlərə min nəfərdən artıq iştirakçı toplaya bilməyən bir lider 10 milyonluq xalqa necə rəhbərlik edə bilər? Bütün bu sualların fonunda AXCP sədrinin fikirləri rişxəndlə qarşılanıb.
İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Əli Kərimlinin İlham Əliyevin dırnağı belə ola bilmədiyini söylədi: “Bir çoxları hesab edir ki, hazırkı dövrdə yeni iqtisadi mərhələyə keçid zamanında siyasi aktivlik üçün zəmin var. Bu fonda özlərini cəmiyyətə təqdim etmək, hansısa narazı insanların rəğbətini qazanmaq və hakimiyyətlə mübarizədə mühüm qüvvəyə çevrilmək istəyirlər. Xüsusilə, Qərb dairələri ilə Azərbaycan arasında yaranan vəziyyət, həmin dairələri xarici siyasət kontekstində hərəkət etməyə vadar edir. Daxildə rəğbət qazanmasalar da, ayrı-ayrı xarici dövlətlərlə əlaqələr qurub hakimiyyətlə siyasi mübarizədə üstünlük qazanacaqlarına ümid edirlər. Belə demək mümkündürsə, Ukrayna variantını yaratmaq istəyirlər. Kliçkodan Poroşenkoya qədər hakimiyyətin kimlərdən ibarət olacağı artıq müəyyənləşib. Belə variant uzun müddət müxalifətdə qarımış şəxslərin də qəlbinə hakim kəsilib. Əli Kərimli daşıdığı bütün keyfiyyətlərə görə, dağıdıcılığı, aqressiyası, xəyanətkarlıq keyfiyyətləri ilə istənilən halda ölkəni Xalq Cəbhəsi Partiyasının gününə salar. O ada 4-5 şəxs iddia edib. Xalq Cəbhəsinin hüquqi varisliyindən onun siyasi varisliyi üzərində də daim didişmələr gedib. O şəxslər nə vaxt orada siyasi sabitliyi bərqərar ediblər ki, onun fonunda ölkədə məsuliyyəti öz üzərlərinə götürsünlər, siyasi sabitlik yaratsınlar, beynəlxalq əlaqələr qursunlar? Əli Kərimli və onun çevrəsindəki məhdud adamlar İlham Əliyevin heç dırnağı da deyillər. Bu gerçəkdən belədir. İllər ərzində ölkədəki quruculuq tədbirlərini, keçilən yolu son devalvasiya fonunda qiymətləndirməklə üzərindən xətt çəkmək yolverilməzdir. Bu şəxslər düşünürlər ki, ölkənin valyuta ehtiyatının yüksəldiyi zamanlardır. Ən mühüm layihələrin gerçəkləşdiyi, iqtisadiyyatın inkişafı üçün şərait yaranan mühüm bir dövrdə kimsə prosesləri başqa bir şəxsə verəcək? Onlar bunu ağıllarına gətirməsinlər”.
Z.Oruc hakimiyyət iddiasında olan şəxsləri normal qarşıladıqlarını da qeyd etdi: “Hakimiyyət iddiasını heç kim süngü ilə qarşılamır. Lakin bunu o qüvvə göstərməlidir ki, cəmiyyətdə böyük ehtirama, hörmətə malik olsunlar. Eyni zamanda qəlblərində talibançılıq təfəkkürü daşımasınlar. Real ideyalarla Azərbaycanın gələcəyini vəd etsinlər. İnsanlar da düşünsünlər ki, bunlar bolşevik deyillər. Böhran zamanında onların fəallaşmaq siyasətləri ilk hadisə deyil. İndiyə qədər dəfələrlə buna bənzər halların şahidi olmuşuq. Sizləri əmin edirəm, 2016-cı ildə dövlət başçısının elə mühüm tədbirləri reallaşacaq, hər kəs bir daha görəcək ki, ölkəni həlledici anlarda durumdan çıxaran lider yenə İlham Əliyevdir. Buna heç kəs şübhə etməsin. Ötən dövr ərzində bunlar dəfələrlə sübuta yetirilib. Çin iqtisadiyyatından tutmuş, ABŞ-ın bu gün ki fond birjalarına qədər müxtəlif problemlər yaşanırsa, Azərbaycan da bu cür problemlərdən sığortalanmayıb. Bu dövr ərzində qeyd etdiyimiz inkişaf tədbirləri ilə yanaşı hökumətin fəaliyyətində müəyyən qədər nöqsanlar da var. Biz çağırışlar etmişik ki, yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən insanlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Lakin bu, heç bir halda hakimiyyət dəyişikliyi anlamına gələ bilməz. Çünki ölkə bütövlükdə Xalq Cəbhəsinin gününə qalardı. Azərbaycan insanı Əli Kərimliyə inanmadığını onun mitinq çağırışlarına gəlməməklə sübut etdi. Əks halda ora bir milyon insan yığışsaydı, böyük qüvvə demək olardı. O zaman düşünərdik ki, ölkənin taleyi ”Məhsul" stadionunda müəyyən edilir, Administrasiya binalarında yox. Amma göründüyü kimlər bunlar yoxdur. Qeyd etdiyiniz qəhrəmanların belə şəraitdə aktuallaşması virtual qəhrəmanlıqdır. Bunun real alt qatı yoxdur".
1299 dəfə oxundu