Azərbaycana qarşı qaz oyunu: gizli Sürix görüşü Gürcüstanı qarışdırdı

Azərbaycana qarşı qaz oyunu:


Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Sürixdə Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Yelena Burmistrva ilə gizli danışıqlarının üzə çıxması bu ölkədə müxalifətin və ekspert çevrələrinin ciddi etirazlarına səbəb olub. Xəbər verildiyi kimi həmin danışıqlar Gürcüstanın Rusiyadan qaz almasına və bazarda Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın payının azaldılmasına yönəlmişdi.

Gürcüstanın energetika naziri bundan əvvəl də “Qazprom”la bir neçə dəfə danışıqlar keçirib. Hər dəfə bu, Gürcüstanda etirazlarla qarşılanıb. Müxalifət hökuməti ölkəni Rusiyadan asılı vəziyyətə salmaq cəhdində və Azərbaycanla münasibətləri korlamaqda ittiham edir.

Xəbərlərə görə, müxalif “Vahid Milli Hərəkat” partiyasının fəalları “Qazprom”la danışıqlara etiraz olaraq hökumətin “boz kardinalı” hesab edilən milyarder Bdzina İvanişvilinin iqamtgahı qarşısında aksiya keçiriblər. Kaxa Kaladze isə etirazları sakitləşdirmək üçün aparıcı ekspertlərdən ibarət qrupla görüş keçirib.

Nazir ekspertlərlə görüşündə deyib ki, Gürcüstan “Qazprom”dan qaz almağa məcburdur. Çünki ölkənin əsas qaz təchizatçısı olan Azərbaycandan alınan qaz tələbatı ödəməyə bəs etmir.

Görüş haqda danışan ekspert David Şaraşenidzenin dediyinə görə, nazir onları əmin edib ki, qaz qıtlığı Rusiya ilə danışıqları zəruri edir. Lakin Kaladzenin mövqeyi ekspertləri inandırmaq üçün kifayət etməyib. “Əsas problem odur ki, indiki mərhələdə “Qazprom”la danışmaq zəruridir. Artıq bir neçə aydır ki, bu mövzuda danışıqlar aparılır və biz indiyə qədər hökumətdən dəqiq mövqe eşidə bilməmişik. Gah belə deyirlər, gah elə. Bu da çox pisdir”-Şaraşenidze bildirib. Ekspert deyib ki, Kaladze Rusiya tərəfi ilə danışıqların məxfi keçirilməsini “Qazprom”un istəyi ilə əsaslandırıb.

Şaraşenidzenin sözlərinə görə, məsələyə SOCAR-ın necə münasibət bildirəcəyini gözləyirlər. O, sabah SOCAR-ın Gürcüstan ofisinin rəhbərinin ekspertlərlə görüşəcəyini, habelə hökumətlə danışıqlar aparılacağını bildirib. “Nazirin mövqeyinə gəldikdə isə deyir ki, Azərbaycanla problem yaranmamalıdır”-ekspert deyib.

Gürcüstanın Milli Neft-Qaz Korporasiyası isə iddia edib ki, Azərbaycandan qaz təchizatında problemlər yaranır. Bu səbəbdən Gürcüstan Rusiyadan qaz almağa məcburdur. Şirkətin bildirdiyinə görə, Azərbaycan lazım olan həcmdə qaz təmin edə bilmir və bu da sənaye müəssisələrinin işini çətinləşdirir. SOCAR isə Bakıdan dərhal bu iddianı təkzib edib və Gürcüstana qaz təchizatında problem olmadığını bildirib.

Lakin Gürcüstan şirkəti bildirir ki, SOCAR qaz təchizatını artırmaq gücündə deyil. Ona görə də sabah SOCAR nümayəndəsi ilə danışıqlar olacaq və Gürcüstanın kommersiya qaz bazarında iştirak, qiymətlər və qaz həcmi barədə danışıqlar aparılacaq.

Gürcüstandan gələn xəbərlərə görə Rusiya ilə qaz danışıqları yekunlaşmaq üzrədir və tərəflər tezliklə Ermənistana qaz tranzitinə dair yeni şərtləri də əhatə etməklə müqavilə bağlaya bilərlər. Narahatlıq doğuran amil həm də budur ki, Gürcüstan İrandan da qaz almaq üçün danışıqlar aparır. Həm də Ermənistan üzərindən. Bütün bunlar Azərbaycanın Gürcüstanın energetika bazarındakı mövqelərinin zəiflədilməsinə yönəlmiş siyasi planların tərkib hissəsi kimi görünür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...