Azərbaycan hökuməti məhz insan amilinə ciddi önəm verir -
Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla mövcud iqtidarın apardığı siyasətin mərkəzində insanların rifahı, həyat şəraitinin yaxşılaşdırılması dayanır. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycan hökumətinin iqtisadi siyasəti sosial yönümlüdür: “Biz bunu həmişə büdcə paketi müzakirə ediləndə də vurğulayırıq ki, budcə qarşısında duran məqsəd sosial yönümlüdür. Bu gün bütün dünyada qlobal iqtisadi çətinliklər yaransa da, Azərbaycan iqtidarının, cənab Prezidentin apardığı siyasətin sosial mahiyyəti qabarıq şəkildə görünür və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən işçilərin, o cümlədən büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının, həmçinin sosial müavinətlərin, pensiyaların, prezident təqaüdlərinin, ümumiyyətlə, bütün təbəqədən olan insanların maddi təminatının artırılması istiqamətində qəbul olunan qərarlar, Prezident tərəfindən verilən sərəncamlar bir daha sosial siyasətin məhz elə iqtisadi çətinlik dövründə də özünü büruzə verdiyini ifadə edir və bu onu göstərir ki, nə qədər çətin olsa da, Azərbaycan hökuməti məhz insan amilinə ciddi önəm verir”.
Vitse-spiker vurğulayıb ki, bu, həm də Azərbaycan iqtidarının tədbirli, siyasətində ardıcıl və məqsədyönlü olduğunu göstərir: “Digər ölkələrə baxsaq, heç bir ölkədə qlobal iqtisadi çətinlik şəraitində belə qərarların qəbul olunduğunu görmərik. Təkcə bu dövrdə yox, bütün dövrlərdə Azərbaycan hökuməti insanların rifahının yaxşılaşmasına yönəlmiş ciddi qərarların müəllifi kimi çıxış edib və bu dəfə də belədir”.
965 dəfə oxundu