Azərbaycandakı nurçular yenidən hədəfdə

Azərbaycandakı nurçular yenidən hədəfdə


Türkiyənin hökumətyönlü qəzeti “Yeni Şafak” son sayında “Paralel imamların Qafqaz oyunları” adlı məqalə dərc edib. Məqalədə “paralelçilər”in (Fətullah Gülən camaatı) Qafqaz regionu üzrə imamlarını necə seçməsindən və onların həmin ölkələrin dövlət orqanlarına necə sızmasından bəhs olunur.

GUNDEMİNFO.AZ azadliq.info-ya istinadən xəbər verir ki, məqalədə iki məqam xüsusilə diqqəti cəlb edir. Müəllif yazır ki, regionun imamları Azərbaycandakı məktəblərin məzunları arasından seçilir. Əvvəlcə onlara “Türkiyə-Rusiya əlaqələri”, “Türkiyə-Gürcüstan mədəniyyəti” adı altında dərnəklər açılır.
Daha sonra həmin şəxslər dövlət qurumlarına yerləşdirilir: “Fətullah Gülənin xaricdə açdığı ilk ali məktəb Qafqaz Universitetidir. Imamlar bu universitetin məzunları arasından seçilir. Əsasən QHT-lər yaradaraq bu sahədə fəaliyyət göstərdikləri görüntüsünü yaradırlar. QHT-lər də adətən ”Azərbaycan və Türkiyə həmrəyliyi”, “Türkiyə mədəniyyəti” adları altında faəliyyət göstərir. Növbəti hədəf həmin şəxsləri dövlətin yüksək vəzifələrinə yerləşdirməkdir. Imamlar sistemli şəkildə Azərbaycanın bürokratik sisteminə sızır.
Məqalədə diqqət çəkən birinci məqam dövlət orqanlarına sızmaq üçün Nurçuların strateji nikahlara girməsidir. Siyasətdə önəmli vəzifə tutan şəxsin qızıyla və ya yoldaşı vəfat edən biriylə evlənirlər. Bu yolla önəmli isimlərlə əlaqələrini gücləndirirlər. Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan kimi ölkələrə də Azərbaycanda yetişdirdikləri imamları göndərirlər. Ukrayna və Tatarıstanla da bağlı eyni üsuldan istifadə olunur”.

Məqalədə diqqət çəkən ikinci məqam isə ondan ibarətdir ki, Türkiyədə “paralel quruluş”a qarşı mübarizə başladığında Azərbaycan hökuməti də bu istiqamətdə hərəkətə keçib. “Gülən”in nəzarətində olan məktəb və kurslar qapadılıb. Lakin bu mübarizə uzun sürməyib və çox keçmədən məktəblər fəaliyyətlərini bərpa ediblər. Sadəcə başqa ad altında: “Qapadılan məktəblərin yerinə ”Istək” liteseyləri açıldı. Məktəblərdə yalnız ad dəyişikliyi oldu. Müəllimlər də əvvəlki kadrlardır”, deyə məqalədə vurğulanır.

Bəs, belə bir məqalənin meydana gəlməsi nə məqsəd daşıyır? Ərdoğana yaxın mətbuatın vaxtaşırı bu məsələyə müraciət etməsinə səbəb nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Nurçularla bağlı bəzi dövlət məmurları vəzifələrindən uzaqlaşdırılsa da, bu prosesin tam başa çatdığını da söyləmək çətindir. Azərbaycana Türkiyədən gələn ilk iş adamlarının məhz bu şəbəkədən olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, onların Azərbaycanı tərk etməsi hazırkı məqamda hakimiyyətə sərf etmir. Çünki ölkə hazırda ciddi maliyyə böhranı ilə üz-üzədir. Bu şirkətlərin Azərbaycanı tərk etməsi milyardlarla vəsaitin ölkədən çıxarılması deməkdir: “Müstəqillik dövründə Azərbaycanda ilk türk televiziya kanalı ”Zaman” idi. Sonradan “Zaman” qəzeti və məktəblər, şirkətlər açıldı. Ona görə görünür, qısa müddətdə bütün bu prosesi dayandırmaq və üstündən xətt çəkmək Azərbaycan hakimiyyətinə asan deyil. Əgər Ərdoğana yaxın qəzetdə yenidən Azərbaycandakı nurçular məsələsi gündəmə gətirilirsə, deməli, Ankarada narahatçılıq var ki, Bakı prosesi sona qədər başa çatdırmayıb”.

Azərbaycan hakimiyyətinin hazırda ehtiyatlı mövqe tutduğunu deyən E.Şahinoğlu vurğuladı ki, vaxtaşırı olaraq Ərdoğana yaxın mətbuat bu məsələyə toxunur. Bu isə Azərbaycan hakimiyyətinə bir mesaj kimi dəyərləndirilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...