Fazil Mustafa AŞPA-dakı iclasdan sensasion faktlar açıqladı
“Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) görünməmiş saxtakarlıq baş verdi. Bu gün Volterin və Markoviçin məruzəsi müzakirəyə çıxarıldı
Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə, onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi”.
Modern.az saytı xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib.
Deputat xatırladıb ki, Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı idi. O, Avropa Şurası rəhbərliyinin ATƏT-in Minsk Qrupu ilə bu sənədin qəbulunu əngəlləmək üçün gizli şəkildə sövdələşməyə getdiyini bildirib.
“Avropa Şurası rəhbərliyi Minsk Qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədi. İclası AŞPA-nın yeni prezidenti Aqramunt aparırdı. Səsverməyə yaxınlaşanda qəfildən Pedro Aqramuntu çağırdılar və yerinə vitse-prezident keçdi. Səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər iştirak etmədiyinə görə, səsverməni uzadırlar. Nəticədə Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə olmaqla rədd edildi”.
Fazil Mustafa daha sonra bildirib:
“İki faktı deyim: Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rafael Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə, Polşa və başqa ölkələrdə, hətta din xadimləri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər.
Volterin məruzəsi siyasi xarakterli və işğalı birmənalı vurğuladığına görə, Avropa dövlətləri ciddi lobbiçilik göstərərək, qətnamənin qəbul olunmasının qarşısını aldılar.
Sərnsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı. Ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi. Ona görə də balans saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması bu şərtlərdə müsbət addım sayıla bilər”.
Qeyd edək ki, Strasburqda AŞPA-nın sessiyasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsi olub.
AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” sənədi qəbul edilməyib.
Digəri isə isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentari Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat idi.
1017 dəfə oxundu