“Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq” - Elxan Süleymanov

“Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq” -


GUNDEMİNFO.AZ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsini təqdim edir:

- Bu gün AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı məruzə qəbul olunmadı. Buna münasibətiniz necədir?

- Bu gün AŞPA-da müzakirə olunan hər iki qətnamə layihəsinin müəllifi mənəm. Daha doğrusu, üç qətnamə layihəsi var idi. Birincisi, Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatı, ikincisi isə Melitsa Markoviçin Sərsəng harayı ilə bağlı hesabatı. Bundan başqa, girov götürülmüş iki azərbaycanlıyla bağlı qətnamə layihəsi də var. Lakin o vaxt fitnəkar, Azərbaycanın düşməni olan AŞPA-nın baş katibi Voytsex Savitski bu qətnamə layihəsini ört-basdır etməyə çox çalışırdı.

"Bir daha öyrəndik ki, adı demokratiya olan evə arxayın olub, burada haqqı-ədalət axtarmaq gülüncdür"

İrəli sürülmüş qətnamə layihəsi Robert Valterin hesabatına göndərildi, o da hesabatı hazırladı. Qətnamə layihəsinin bəndlərindən də biri Ermənistan dövlətinin hər iki girovun tezliklə azadlığa buraxması tələbi idi. Bu sənəd komitələrdə də böyük səs çoxluğu ilə qəbul olunmuşdu. Ancaq son mərhələdə sənədin qəbul olunmaması artıq gözlənilən idi.

Bunun səbəblərindən biri diplomatiyamızın, mediamızın, siyasətçilərimizin bu məsələdə lazımı səyi göstərməməsidir. Çox maraqlıdır, işğalçı, təcavüzkar ölkə öz işğalını, təcavüzünü avropalıların məntiqinə yeridir, bu işdə “günahsızlığını” göstərmək istəyir. Burada bir çox üzv ölkələrin millət vəkilləri söhbət zamanı etiraf edirlər ki, ermənilər keşişlərdən, patriarxlardan, din xadimlərindən tutmuş, həmin ölkələrdə olan mədəniyyət, ictimai-siyasi xadimlərə qədər hamı ilə əlaqə yaradır, hansı deputatın öz ölkəsində kimin sözünü eşidə biləcəyini belə müəyyənləşdirib, onun vasitəsilə xahiş etdirir, ermənilərin mövqeyinə səs verməyə təşviq edirlər. Üzv ölkələrdən olan deputatlar özləri bunu etiraf edir.

Elə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı da bir çağırış idi. Bu işdə ən böyük zərbəni o bəyanat vurdu. Həmçinin, Avropanın ən böyük partiyası olan Avropa Xalq Partiyasının (AXP) sədri məhz Sarkisyan ona məktubla müraciət etdiyi üçün gəlib qrupuna təsir etdi, onları öz iclaslarında bu hesabata səs verməməyə çağırdı. Bütün bu proseslər əlbəttə bizi məğlubiyyətə düçar etdi. Bundan əlavə, ermənilər 23 ildir ki, hər yerdə hər dəfə bu problemi “Dağlıq Qarabağ münaqişəsi” kimi təbliğ edirlər. Uzun illər mətbuatda, televiziyada, parlamentdə mən bunun davasını aparıram, bunun münaqişə adlandırılmasının əleyhinəyəm. Bu hesabatın da kökü, gücü, qüdrəti, gələcəyi adı ilə bağlı idi : Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri. Amma 23 ildə həmişə bu məsələlər müzakirə olunanda işğal edilmiş ərazilər qeyd edilməyib, ancaq Dağlıq Qarabağ münaqişəsi deyilib. Axı bu münaqişə deyil, münaqişə tərəflər arasında ziddiyyətdir. Burada konkret olaraq işğaldan söhbət gedir. Məruzədə konkret olaraq yazılmışdı ki, Ermənistan dövlətinin silahlı qüvvələri, separatçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal edib. Məhz buna görə də Ermənistan Avropa Şurasına üzv dövlətlərin prezidentlərini, baş nazirlərini, xarici işlər nazirlərini, hökumət nümayəndələrini bu hesabatın ləğvinə cəlb etmişdilər. Bu hesabat qəbul olunsaydı, onun adı bütün beynəlxalq ictimaiyyətə məsələnin mahiyyəti haqqında məlumat verəcəkdi. Buna görə də Ermənistan hakimiyyəti iş apardı. Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq. Hesab edirəm ki, bura demokratiya evi deyil, bura istədiklərini edə bilən bir təşkilatdır. Bunlar bir gün belə edir, sabah başqa cür. Bunlar göz görə-görə işğal faktını dandılar. Mən buna, əlbəttə, çox təəssüflənirəm. Eyni zamanda onu da bir daha öyrəndik ki, adı demokratiya olan evə arxayın olub, burada haqqı-ədalət axtarmaq gülüncdür. Avropa Şurası öz nüfuzunu itirmiş təşkilatdır. Bu təşkilat yalançı, fırıldaqçı qətnamə və sənədləri ilə dünyanın gözünü bağlayır, sadə insanları aldadır, ictimai fikri çaşdırır.

- Sizin qətnamə layihəsinin müəllifi olduğunuz ikinci hesabat isə qəbul olundu...

- Biz ikinci hesabatda çox mühüm qələbə qazandıq. Hesab edirəm ki, bu hesabat mənim irəli sürdüyüm qətnamə layihəsi əsasında hazırlanmasından başqa, eyni zamanda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının əməyinin nəticəsidir. Məhz Sərsəng su anbarı ilə bağlı AVCİYA-nın rayonlarda yaratdığı koordinatorlar beynəlxalq təşkilatlara bu bölgədə yaşayan insanların susuzluqdan əziyyət çəkdikləri, ərazidəki səhralaşma, ekoloji, bioloji fəlakətlə bağlı saysız-hesabsız məktublar ünvanlayıblar. Amma o təşkilatlardan heç bir cavab gəlməyib. Yəni, birbaşa, mərkəzləşmiş şəkildə Azərbaycan torpaqlarının işğalı barədə Avropada Azərbaycana qarşı çox güclü qəzəb və nifrət var. Azərbaycana insan haqları və digər məsələlərdə beynəlxalq təşkilatlarının təzyiqinin ancaq bir səbəbi var, bizim başımız qarışdırıb, torpaqlarımızın işğaldan azad olunması məsələsində susdurmaq. Həmişə belə olub, Azərbaycan işğal olunmuş əraziləri ilə bağlı məsələni aktuallaşdırdıqca, onlar da Azərbaycanda insan haqları məsələlərini kəskinləşdirməyə çalışacaqlar.

Görünür xanım Markoviçə bölgələrdən, vətəndaşlardan göndərilən saysız-hesabsız məktublar, onunla vətəndaşlar arasında görüşlərin təşkili və s. kimi məsələlər bu hesabatın hazırlanmasında, qəbul olunmasında öz bəhrəsini verdi. Bu hesabatda da işğal faktları bütövlüklə öz əksini tapır. Misal üçün, xanım Markoviç hesabatının bəndlərindən birində qeyd edib ki, Ermənistan dövləti, silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib. İşğal etdiyi ərazilərin birindəki Sərsəng su anbarını qeyd edir. Bundan başqa, daha irəli gedərək xanım Markoviç göstərir ki, işğal edilmiş ərazilərdən başqa ermənilər daha altı rayonu da susuz saxlayaraq burada yaşayan insanların həyatında ekoloji, humanitar və bioloji faciə yaradıblar. Eyni zamanda xanım Markoviç qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməlidir. Hesab edirəm ki, bu, bizim qələbəmizdir. Bu hesabatda da Ermənistanın işğalçı olduğu qeyd edildi. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir. Hesabatın biri qəbul edilməsə də, əsas məqsəd Ermənistanın işğalçı siyasətini gündəmə gətirmək idi, biz buna nail olduq. Mən də bu qətnamə layihələrinin müəllifi olaraq, özümü çox xoşbəxt hiss edirəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...