"Mən getməsəm də, DAK bu vəziyyətdə sıxıntı yaşaya bilər" - Vəli Küçük Paşa
GUNDEMİNFO.AZ istefada olan jandarma generalı, mərkəzi İsveçin Malmö şəhərində yerləşən Dünya Azərbaycanlılar Konqresinin keçmiş Türkiyə təmsilçisi Vəli Küçükün APA-ya müsahibəsini təqdim edir:
- Siz həbsdən çıxandan sonra vəkiliniz olmuş qızınız Zeynəb xanımın həbsə girməsi təhlükəsi yaranmışdı. O məsələ nə yerdə qaldı?
- Qızımın işi tamamilə ləğv edildi. Ali Məhkəmənin plenumu vəkilim Zeynəb Küçükün işini müzakirə etmək üçün toplanaraq işin xətm edilməsinə dair qərar qəbul etdi. Silivridə olarkən məni müdafiə etdiyinə görə əsəbi vəziyyətdə dediyi bir sözlə bağlı protokol tutmuşdular, sırf o sözə görə Zeynəbə cəza vermişdilər. Ali Məhkəmənin plenumu qızımın son anda həbsə girməsini əngəllədi. Ədalət yerini tapdığına görə çox məmnunam.
- Bəs sizin “Ergenekon” işiniz nə yerdədir, orada son hökm verildimi?
- Ali Məhkəmə bizim işimizə aprelin 21-də baxacaq. Böyük ehtimalla, bizim işimizi ibtidai istintaqa qaytarıb orada xətm edəcəklər. Məni bu işlər yox, Malmöyə - DAK-ın qurultayına gedə bilməməyim narahat edir.
- Niyə gedə bilmədiniz?
- Mənimlə bağlı Ankaraya yazıblar ki, Vəli Küçük təşkilatını bir yerə toplayıb mühüm qərarlar qəbul etməyə gedir.
- Xaricə çıxmağınız qadağan deyilsə, niyə icazə vermədilər?
- Türkiyədə elə təsəvvür yaradıblar ki, mərkəzi Malmödə yerləşən Dünya Azərbaycanlıları Konqresi mənim gizli təşkilatımdır. Ona görə getməyimə mane oldular. Cavad Derəxtiylə danışmışdıq, dəvətnamə göndərmişdilər. Görünür, Qərbin İranla razılaşmasından sonra mənim DAK toplantısında iştirak etməyim məqsədəuyğun sayılmayıb. Amma getsəydim, DAK-ın gələcəyi baxımından çox faydalı olacaqdı.
- Siz Cənubi Azərbaycan məsələsində hər hansı kənar müdaxiləyə qarşı çıxırsınız, sizdən niyə narahat olsunlar?
- DAK-ın müxtəlif ölkələrdəki üzvlərini mənə görə yenidən incidəcəklərindən qorxuram. Onlara təzyiq göstərilməsini istəmirəm. Mərkəzi Malmödə olan DAK-ı mənim təşkilatım kimi təqdim edərək, “Vəli Küçük yenidən təşkilatını bir yerə toplamağa gedir” deyilməsi bunun işarəsi ola bilər. Buna görə narahatam. DAK-ın üzvlərini mənə görə incitməsinlər. İranda fərqli durum meydana çıxdı, Orta Şərqdə qüvvələr nisbəti yenidən dəyişir. Bu vəziyyətdə Malmödə önəmli məsələləri müzakirə edəcəkdik, ancaq icazə vermədilər. Mən getməsəm də, DAK bu vəziyyətdə sıxıntı yaşaya bilər. Bunu isə heç istəmirəm.
880 dəfə oxundu