Əvəz Ələkbərova yeni vəzifə verildi: “Dəvət etdilər, mən də qəbul etdim”
Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib. GUNDEMİNFO.AZ sabiq nazir yeni vəzifəsi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- Əvəz müəllim, yeni vəzifədə işə başladığınız doğrudurmu?
- Bəli doğrudur. Təhsil bizim gələcəyimizdir. Bu sahənin inkişafı perspektivimiz üçün yaxşı təminat deməkdir. Pratika, təhsil və elmin birgə nəticələri daha böyük effekt verir. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük islahatlar gedir. Həm də təhsildə yeni, müasir idarəçilik sistemi yaranır. Bu islahatlardan kənarda qalmaq və iştirakçı olmamaq mümkün deyil.
Bu işlərdə biliyimi, bacarığımı tələbələrə çatdıra bilərəmsə bu, çox gözəl olar. Həm də müəllim sözü xalqımız tərəfindən həmişə böyük iftixarla qiymətləndirilib.
- Bilmək olarmı, yeni işiniz nədən ibarətdir?
- Əlbəttə. Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı var: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və təcrübələndirmək üçün gərək mənəvi haqqın olsun”.
Azərbaycan Dövlət İqtisad Universiteti mənim məzun olduğum ali məktəb ocağıdır. Həm də adını çəkdiyim universitetlə, görkəmli alimlərlə daim əlaqələr qurmuşam. Həmçinin, 2008-ci ildə iqtisad elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişəm. 40-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifiyəm.
Yeni işimin nədən ibarət olmasına gəlincə, deyə bilərəm ki, Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsini icra edəcəm. Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olundum. 3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb.
Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var.
- Yeni işlərinizdə sizə uğurlar arzulayırıq. Bəs yeni işinizlə bağlı hansı ümidləriniz var?
-Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak etmək...
Bir sözlə, universitetdə olduqca uğurlu, gözəl işlər gedir. Həmçinin, çalışacağam ki, rektorluğa yaxından kömək etməklə, təhsil islahatlarının həyata keçirilməsində töhfəmizi əsirgəməyək.
1041 dəfə oxundu