“Minsk Qrupu erməniləri məmnun edir” - Avropanın “beyin mərkəzi

“Minsk Qrupu erməniləri məmnun edir” -


Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış, Brüsseldə mənzillənən nüfuzlu Avropa Siyasəti Mərkəzi (European Policy Center) Dağlıq Qarabağ münaqişəsinə dair geniş təhlil hesabatı hazırlayıb

“Dağlıq Qarabağ və Avropa Sərhədlərində Böhranlar Mənbəyi” (Nagorno-Karabakh and the Arc of Crises on Europe’s Borders) adlı hesabatın müəllifləri Amanda Paul və Dennis Sammut yazırlar ki, Avropa İttifaqı bu münaqişənin kənarında qalaraq, əvəzində bu yükü tamamilə ATƏT-in Minsk Qrupunun çiyinlərinə yükləyib.

Təhlilçilərin fikrincə, bunun əsas səbəbi ondan ibarətdir ki, İttifaqın Azərbaycan və Ermənistana təsir alətləri yoxdur. Hər iki ölkə Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmaqdan imtina edib.

Hesabatda qeyd olunur ki, buna baxmayaraq, Avropa İttifaqı bu münaqişəyə tamamilə biganə qala bilmir, çünki gərginliyin eskalasiyası nəinki Avropanın yeni Cənub Qaz Dəhlizi (Southern Gas Corridor SGC) infrastrukturuna təhlükə yaradır, digər tərəfdən, onsuz da qaçqın böhranının içində olan Avropa üçün daha bir potensial miqrant axını riskinə yol açır.

Hesabat Avropa İttifaqını münaqişənin nizamlanmasında daha fəal və praktik rol oynamağa çağırır.

Minsk qrupu İrəvanı məmnun edir


Tərəflərin Minsk Qrupuna münasibətinə gəlincə isə, hesabat onun varlığından daha çox İrəvanın məmnun olduğu qənaətindədir.

Müəlliflərin fikrincə, bu, ona görə baş verir ki, Ermənistan Minsk qrupunu bu münaqişədə hazırkı “status quo”nun uzanması və qorunmasının vasitəsi kimi qavrayır. Azərbaycan da, ara-sıra səslənən tənqidlərinə baxmayaraq, bu qrupla əməkdaşlığını davam etdirir, hərçənd onun tərkibinin başqa ölkələrin də daxil edilməsi hesabına genişləndirilməsinə çağırışlar edir. Hesabatda deyilir ki, regionda geosiyasətin dəyişməsi və regional qüvvələr arasındakı tarixi rəqabət Qarabağ münaqişəsinə birbaşa təsir göstərir. Müəlliflərin fikrincə, Qərb və Rusiya arasında münasibətlərin soyumasına baxmayaraq, Minsk qrupunun həmsədrləri birgə işləməkdə davam edirlər.

Rusiya-Türkiyə qarşıdurması

Hesabatda bu da qeyd olunur ki, Rusiya hərbi təyyarəsinin Suriya üzərində Türkiyə tərəfindən vurulmasının ardınca Moskva-Ankara münasibətlərinin korlanması da Qarabağ münaqişəsinə mənfi təsir göstərən faktorlardan biri ola bilər. Belə ki, Rusiya Ermənistanı müttəfiq hesab edirsə də, Azərbaycan və Türkiyə arasında sıx münasibətlər mövcuddur.

“Regionun Türkiyə-Rusiya qarşıdurmasının alovuna düşməməsi üçün bütün tərəflərdən təmkin və müdriklik tələb olunacaq”, –hesabatda deyilir.

Hesabatda Rusiyanın Qarabağ münaqişəsində oynadığı rola geniş yer verilib. Qeyd olunur ki, Rusiya Cənubi Qafqazda “həm sülhyaradıcı, həm qızışdırıcı, həm silah təchizatçısı, həm regional polis, iqtisadi hegemon və “ənənəvi dəyərlərin” müdafiəçisidir”. Hesabat müəllifləri yazırlar ki, Rusiya bu regionda Ukraynada olduğundan daha böyük alətlərə malikdir.

“Həmsədrlər arasında Rusiya xüsusilə fəaldır. Xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda danışıqlar prosesinin irəlilədilməsi üçün bir neçə ideya təklif edib. Bu ideyaların təfərrüatları açıqlanmasa da, onların Fransa və ABŞ tərəfindən qəbul olunduğu bildirilib”, - analitiklər bildirir.

Hesabatda xatırladılır ki, Qarabağ münaqişəsi Rusiyanın regiondakı hegemonluğunun aləti kimi qalmaqda davam edir. Qeyd edilir ki, üstəlik Rusiya burada 1994-1998-ci illərdə yalnız Ermənistanı dəstəkləməklə buraxdığı səhvi təkrarlamaq fikrində deyil. O zaman Azərbaycan məhz bu səhv ucbatından Qərbin orbitinə düşmüşdü.

Bununla belə, hesabatda vurğulanır ki, Azərbaycanın Rusiyanın gömrük ittifaqına qoşulacağı gözlənilən deyil, çünki Bakını Qərblə enerji maraqları, Türkiyə ilə güclü bağlar birləşdirir və Azərbaycan elitası müstəqil siyasət yürütmək imkanını itirmək istəməzdi.

Avropa hərəkətə keçməsə…

Hesabatda qeyd olunur ki, hazırda Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü daha aydın dəstəkləməyə başlasa da, Bakı İttifaqın Qarabağ münaqişəsinə yanaşmasından ümumən narazıdır.

Azərbaycan hesab edir ki, Aİ Azərbaycan torpaqlarının işğalına, Ukrayna ərazisinə Rusiyanın müdaxiləsinə verdiyi reaksiyadan daha yumşaq münasibət bəsləyir.Hesabatda bildirilir ki, üstəlik Avropa strukturlarının Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid etməsi və xüsusilə Avropa Parlamentinin bu xüsusda 10 sentyabr 2015-ci il tarixli qətnaməsi bu incikliyi daha da artırıb.

Qarabağ münaqişəsinin yaxın perspektivləri barədə isə hesabatda deyilir ki, nə Bakının, nə də İrəvanın müharibənin yenidən alovlanmasını istəməmələri sülhün qarantiyası kimi qəbul edilməməlidir. Təhlilçilərin fikrincə, münaqişənin yenidən alovlanması üçün bütün faktorlar artıq mövcuddur. Hesabatda deyilir ki, Avropa İttifaqı nəhayət Qarabağ münaqişəsinin çözümü istiqamətində konkret addımlar atmalıdır. Belə olmazsa, Avropa İttifaqının birbaşa sərhədlərində olan münaqişənin çözümündə heç bir rola malik olmaması təsəvvürü yaranacaq.

“Qarabağ münaqişəsi bundan sonra Rusiyanın periferiyasında lokal problem kimi deyil, Avropa İttifaqının qonşuluğunda qorxulu sabitsizlik mənbəyi və potensial böhran kimi qiymətləndirilməlidir”, – təhlilçilər bildirir.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...