Putin Ərdoğandan başqa hamıyla danışdı
Rusiya Prezidenti Vladimir Putin Suriyada atəşkəsin əldə olunması ilə bağlı dövlət və hökumət başçıları ilə danışıqlarını davam etdirir. Axar.az xəbər verir ki, Kreml rəhbəri iki gün ərzində Suriya, Səudiyyə Ərəbistanı, İran, Qətər, İsrail və Azərbaycan dövlət başçıları ilə müzakirələr aparıb. Çərşənbə axşamı Qətər əmiri Hamid bin Xəlifə Əl Sani ilə danışan Putin az sonra Suriya lideri Bəşər Əsədlə müzakirələr aparıb. Kremldən verilən məlumata görə, Əsəd ölkədə atəşkəsin əldə edilməsi üçün Putinə kömək edəcəyini deyib.
Əsəddən sonra Putinin Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə telefon danışığı baş tutub. Putin krala Rusiya və ABŞ arasında əldə edilən razılıq barədə məlumat verib. Kral da öz növbəsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu deyib. Ər-Riyadla danışıqlardan sonra Putin iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparıb. Rusiya prezidenti reallaşdırdığı telefon diplomatiyasının ardından Təhlükəsizlik Şurasının daimi üzvlərinin Suriyadakı atəşkəsi müzakirə etmək üçün yığıncağı çağırılıb.
Daha sonra Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı müzakirələr aparıb.
Son olaraq Rusiya lideri ilə Prezident İlham Əliyev arasında telefon danışığı reallaşıb. Kremldən verilən məlumata görə, söhbət zamanı ticari-iqtisadi əməkdaşlıq, o cümlədən beynəlxalq aktual məsələlər müzakirə olunub.
“Liderlər Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparıb. ABŞ və Rusiya arasında Suriyada sülhün bərqərar olunmasını nəzərdə tutan razılaşmanın tətbiqinin önəmi vurğulanıb”, - Kremlin məlumatında bildirilib. Putinin reallaşdırdığı telefon diplomatiyasına Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın adının olmaması ikitərəfli əlaqələrin tam qopduğu təəssüratını yaradır.
984 dəfə oxundu