Müsavatın Məclis sədrinin fikirləri narazılıq yaratdı

Müsavatın Məclis sədrinin fikirləri narazılıq yaratdı

Müsavat Məclisinin sədri Nüşabə Sadıxlının partiyadan çıxarılanlar və narazılar barədə APA-ya verdiyi müsahibə narazılıqla qarşılanıb. Məclis sədri qurumdan çıxarılanların müsavatçı adına layiq olmadığını, kimin-kim olduğunun aydınlaşdığını bildirib
N.Sadıxlının əsas qalmaqal yaradan fikirləri bunlardır: “Müsavatçı adını daşımağa layiq olmayanlar partiyadan xaric olunsa yaxşıdır”. ADR hərəkatının rəhbəri, partiyadan xaric olunan Qubad İbadoğlu səslənən fikirlərə şərh vermək istəmədiyini bildirdi: “Danışdıqları sözün məsuliyyətini dərk etməyənlərin açıqlamalarını şərh etmək istəmirəm. Müsavat adını hörmətdən salanlar, partiyanın nüfuzuna xələl gətirənlər, qurultayda seçkiyə haram qatanlar. saxta bəyanatlar verənlər, nizamnamə pozuntuları, anti-demokratik üsullar, qrup maraqları ilə partiyanı idarə edib dərnək səviyyəsinə endirənlərdir. Bunlar ictimaiyyətə yaxşı bəllidir. Tarix də vaxtı gələndə öz qiymətini verəcək”.


Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı ziyalı bir xanımın dilindən səslənən bu cür fikirlərə təəssüfləndiyini gizlətmədi: “Sadəcə, təəssüfləndim. Nüşabə xanım kimi, ziyalı bir şəxs bu cür fikirlər səsləndirməməlidir. Ən azından illərdir eyni yolu getdiyimiz insanlara belə qiymət vermək doğru deyil. O insanların böyük əksəriyyəti fədakar müsavatçılardır. Bunu mübarizələri ilə sübut ediblər. İndi o insanlar Arif Hacılını bəyənmirlərsə, bu, o demək deyil ki, müsavatçı adına layiq deyillər. Əslində onlar nümayiş etdirirlər ki, Müsavatda baş əymək, mütilik yoxdur. Hər kəs öz doğru bildikləri uğrunda mübarizə aparır. Məclis sədrinin belə fikirlər səsləndirməməsi daha doğru olardı. Narazı deyilən kəsim 50% səs alıb. Rayon təşkilatlarından belə narazılar var.

Hamısını damğalamaqla hara gedirik? Bu yolun da bir sonu olacaq. Müsavat könüllük əsasında fəaliyyət göstərir. Heç kəsə maaş verilmir. Fəaliyyət göstərənlərin mübarizə əzmindən xəbər verir. Belə insanların çıxmasına laqeyd yanaşmaq, partiyadan çıxarmaq başucalığı gətirməz. Çıxarılanların siyahısına baxsaq, Müsavatı təsis edənlər, iş yerlərini itirənlər, meydanlarda qanI tökülənlər, təhsil yerlərindən azad olunanlar, həyatlarının ən gözəl çağlarını həbsxanalarda keçirənlər var.

Belə ifadələr insanları ruhdan salır, proseslərdən uzaqlaşdırır. Ümumiləşmiş ifadələr işlətmək olmaz. Nüşabə xanım deyir ki, kimin-kim olduğu aydınlaşdı. Kimin-kim olduğunu zaman göstərəcək, Nüşabə xanım. Məclis sədri birləşdirici funksiya daşımalı, bu postun sahibi hansısa qrupun mövqeyini müdafiə etməməlidir. Bizə qiyməti biz vermirik, cəmiyyət verir. Hadisələri tələsdirmək lazım deyil. Xalqın gözü tərəzidir. Zaman gələcək, xalqımız yaşanan proseslərə öz qiymətini verəcək. İstərdim ki, bu zaman partiyamıza böyük zərər dəyməsin”.

Müsavatdan istefa verən sabiq partiya funksioneri Adil Qeybulla Nüşabə Sadıxlının fikirləri ilə bağlı daha sərt danışdı: “Bu fikirlər onun siyasi savadsızlığından və mədəni səviyyəsindən xəbər verir. Onun fikirləri komikdir. Mən də belə hesab edirəm ki, kimin-kim olması aydınlaşdı. Nüşabə xanımın məqsədi Məclis sədri kimi parlamentə düşməkdir. Xanım olduğundan, çox şeyi açıqlamaq olmur”.(musavat.com)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1362 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...