Ziyafət Əsgərov səfir təxribatından danışdı
“Avropa İttifaqının Bakı ofisinin və Yunanıstan səfirinin boykot çağırışı ilə bağlı yayılan xəbər çox ciddi məsələdir”.
Bu sözləri AzVision.az-a açıqlamasında Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Avropa Oyunlarına qarşı ortaya çıxan işbirliyinə münasibət bildirən Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
O, qeyd edib ki, hazırda bu istiqamətdə araşdırma aparılır: “Araşadırma başa çatdıqdan sonra biz öz mövqeyimizi bəyan edəcəyik. Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarına kölgə salmaq cəhdi baş tutmayacaq”.Qeyd edək ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.
Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.
Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb. Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.
1453 dəfə oxundu