AXCP-dən qovulan Dəyanət Babayev: "MTN-ə müraciət etmişəm"
"Özlərini nüfuzdan salırlar"
"Nə oldu, mən AXCP-ni tənqid edən kimi səhifəm qırıldı? Müsahibələrimdə demişəm ki, cəbhəçilərdən şübhələnirəm" Bu fikirləri Ölkə.Az-a AXCP-dən qovulan fəal Dəyanət Babayev partiyadan uzaqlaşdırılması barədə danışarkən deyib. O qeyd edib ki, AXCP bu addımla özünü nüfuzdan salır: "Partiyadan uzaqlaşdırılmağımla bağlı qərarı qərar saymıram. Bu, Məclisin dayaq dəstəsinin səlahiyyətindədir, bir də MNTK-nın. Nizamnaməyə görə, birbaşa çıxarılma yoxdur. İlk olaraq tövsiyə xarakterli xəbərdarlıq olunmalıdır. May ayının 24-də Nərimanov rayon təşkilatının müşavirəsi oldu. Sonradan müşavirəni məclisə çevirdilər. AXCP sədrinin müşaviri Məmməd İbrahim tərəfindən tanımadığımız bir neçə nəfəri məclisə üzv etdilər. Ağaşirin bəyi partiyadan uzaqlaşdırdılar. Ağaşirin bəy də ömrünün uzun ilini partiyaya sərf etmiş insandı. Mən orada etiraz elədim. Bununla bağlı "Facebook"da status yazdım".
Babayevin sözlərinə görə, bütün problemlər də bundan sonra başlayıb:
"Həmin günü səhifəm oğurlandı. Mən də müsahibələrimin birində demişdim ki, cəbhəçilərdən şübhələnirəm. Hakimiyyət etmiş olsaydı, bunu əvvəlcədən sındırardı. Yanan bina ilə bağlı dəfələrlə məmurları tənqid etmişəm. Onlar istəsəydilər, səhifəmi qıra bilərdilər. Nə oldu, mən AXCP-ni tənqid edən kimi səhifəm oğurlandı. Əsas gətirirlər ki, mən cəbhəçilərə şər atıram. "Facebook" səhifəmin oğurlanması ilə bağlı MTN-ə müraciət etmişəm. Partiyada belə bir şayiə yayırlar ki, mən guya cəbhəçilərdən polisə şikayət etmişəm. Hansı ki, səhifəmin kimlər tərəfindən oğrulanmasının araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlamışam. Hər halda, mən partiyanın yuxarı orqanlarına etirazımı yazacam. Qəbul etsələr də, etməsələr də, sağ olsunlar. Mən AXCP-də olmasam da, fəaliyyətim davam edəcək. Sadəcə bu insanlar özlərini nüfuzdan salırlar".
1390 dəfə oxundu