Braziliyada ermənilərə 3 AĞIR ZƏRBƏ

Braziliyada ermənilərə


Braziliya hökuməti daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsinin icrasına çağırır. Məlum qətnamələr Braziliyanın 1993-1994-cü illərdə BMT TŞ-da qeyri-daimi üzvlüyü zamanı qəbul olunub və hətta 1993-cü ilin 14 oktyabr tarixində 874 saylı qətnamənin qəbulu Braziliyanın Təhlükəsizlik Şurasında sədrliyi dövrünə təsadüf edib. Braziliya tərəfi bu qətnamələrin icrasını mütləq hesab edir və erməni tərəfinin onların "köhnəlməsi" fikrini qətiyyətlə rədd edir.

BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələrin icrasının zəruriliyi barədə Braziliyanın mövqeyi Braziliya dövlət iyerarxiyasında ikinci şəxs hesab olunan, Braziliya Deputatlar Palatasının sədri Rodriqo Mayanın Azərbaycana bu ilin 30 oktyabr-2 noyabr tarixində etdiyi rəsmi səfər zamanı bir daha vurğulanıb.

Bu ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlar ilə əlaqədar Rodriqo Maya və onun atası, Rio-de-Janeyro şəhərinin sabiq meri Sezar Maya birgə bəyanat yayaraq təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınadıqlarını qeyd etmiş, ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyətin öz səylərini səfərbər edərək BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini icra etməsi üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulamışdılar.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Braziliyanın rəsmi mövqeyindən narazı olan və Azərbaycan-Braziliya əlaqələrinin uğurlu inkişafını qısqanclıqla qarşılayan Ermənistan və Braziliyadakı radikal erməni diasporası Braziliyanın ayrı-ayrı şəhərlərində bələdiyyə hakimiyyətlərinin xarici siyasətlə bağlı kifayət qədər məlumatlı olmadıqlarından yararlanaraq onlara münaqişə ilə bağlı yalan məlumatlar verməyə başlayıblar.

Ermənilərin tipik xisləti, Azərbaycana qarşı düşmən davranışları beləcə bir daha təzahürünü tapmışdı.

Bir müddət əvvəl erməni mediası martın 2-də "Braziliyanın Franku da Roşa şəhər şurasının Stepanakert şəhəri ilə qardaşlaşma ilə bağlı qərar" qəbul etdiyi barədə məlumat yaymışdı.

Həmin sənədi müzakirəyə şəhərin Ağsaqqallar Şurasının üzvü Antoniu Lopes da Silva çıxarmışdı. Ermənilərin iddialarına görə, layihəni şəhər meri Fransisku Daniel Seleqim de Morais təsdiqləmişdi.

Görülmüş tədbirlər nəticəsində, Braziliyanın rəsmi dövlət orqanları Franko da Roşa şəhərinin bələdiyyəsinə müraciət edərək Braziliya hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını zəruri saydığını vurğulayıb, habelə Braziliya tərəfindən qondarma rejimin tanınmadığını və xarici siyasət məsələlərinin yalnız Federal hökuməti səlahiyyətlərinə aid olduğunu bildirərək, Franka da Roşa bələdiyyəsini sözügedən "qərarın" qüvvədən salınması üçün səy göstərməyə çağırıb.

Əldə etdiyimiz məlumata görə, Franka da Roşa bələdiyyəsi Azərbaycan tərəfinə müraciət edərək bu səhvə görə üzrxahlıq edib, sözügedən sənədin ləğv olunduğunu vurğulayıb.

San-Paulu şəhər şurasının üzvü Jilberto Natalini "San-Paulu və Stepanakert şəhərlərinin qardaşlaşması" ilə bağlı qanun layihəsi irəli sürmüşdü.

Rəsmi Bakı, təbii ki, ermənilərin "Stepanakert" adlandırdıqları Xankəndidəki separatçı rejimə dəstək aktı kimi qiymətləndiriləcək bu təxribata yol vermədi.

Zəruri tədbirlər görüldü və Braziliyanın XİN-i San-Paulu şəhər şurasına müraciət edərək Braziliya hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını zəruri saydığını vurğuladı, Braziliya tərəfindən qondarma rejimin tanınmadığını və xarici siyasət məsələlərinin yalnız federal hökuməti səlahiyyətlərinə aid olduğunu bildirərək, sözügedən qanun layihəsinin geri götürülməsini vacib saydı.



J.Natalini Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf bölgələrinin işğal altında olduğunu və Azərbaycanın dinc əhalisinin etnik təmizləməyə məruz qaldığını bilmədiyini söylədi. Daha sonra isə o, yerli erməni icmasının ona yalan məlumat verdiyini dedi və Azərbaycandan üzr istədi.

Beləliklə, bu sənədlə bağlı da ermənilərin ümidləri puç oldu.

Daha sonra Quarulyos

Franku da Roşa və San-Pauluda ümidləri doğrulmayan, planları alt-üst olan ermənilər son olaraq bəxtlərini Quarulyosda sınamaq qərarına gəliblər.

San-Paulu ştatındakı Quarulyos Şəhər Şurasının üzvü Quti Qustavo "Quarulyos və Stepanakert şəhərlərinin qardaşlaşması" qanun layihəsini irəli sürmüşdü.

Lakin bu bəfə də Braziliyanın XİN-i və ölkənin mərkəzi hakimiyyət dairələri Quarulyosdakı ermənipərəstlərə sərt xəbərdarlıq edərək, onların ölkənin yürütdüyü rəsmi xarici siyasətə qarşı çıxmalarının yolverilməzliyini xatırlatdılar.

O da vurğulandı ki, xarici siyasət məsələləri, o cümlədən "qardaşlaşma" ilə qərarları yalnız federal hökumət verir.

Quarulyosda da əvvəlki olaylar təkrarlandı, sənəd layihəsi geri çağırıldı.

Və Q.Qustavo erməni diasporunun pullarına şirniklənən Franko da Roşa və San-Paulu bələdiyyəsindəki bir para mənhus "siyasətçi"lər təki aldadıldığını, erməni icmasının ona yanlış məlumatlar verdiyini söyləyib. Azərbaycandan üzr istəyən Q.Qustavo, təbii ki, sənəd layihəsini geri çağırıb.

Sözügedən sənəd noyabrın 11-dən bəri arxivdədir.

Göründüyü kimi, Braziliyada ermənilər bütün səylərinə, dəridən-qabıqdan çıxmalarına və bəzi yerli siyasətçiləri ələ almaq üçün pulları sel kimi səpələmələrinə rəğmən niyyətlərinə çatmırlar. Onların ələ almağa çalışdıqları siyasətçilər isə "bağışlayın, erməni icması mənə yalan məlumatlar verdi" söyləyərək Bakı qarşısında üzrxahlıq edirlər.

Ermənistanın və radikal erməni diasporasının Azərbaycanın işğal olunmuş ərazilərində separatçı, terrorçu rejimi Braziliyada "legitimləşdirmə" cəhdləri iflasa uğrayıb.

Braziliya hökuməti isə Azərbaycanın haqlı mövqeyinə bir daha dəstək verib.

Orxan Hun



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...