General ekspertizadan imtina etdi - Həbsdə qaldı

General ekspertizadan imtina etdi -
10 il 6 aylıq həbsə məhkum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb.

General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq istəyir.

Məlumat üçün deyək ki, ağır xəstəlikdən əziyyət çəkən məhkumlar həkim komissiyasının rəyi ilə vaxtından tez azadlığa buraxıla bilər.

6 ay əvvəl Xəzər Rayon Məhkəməsi məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Maraqlıdır ki, Elçin Quliyev müayinə edilmək üçün cəzaçəkmə müəssisəsindən çıxmaqdan imtina edib. Bu barədə məhkəməyə məlumat daxil olub.

Belə olan halda hakim İlham Cəfərzadə yekun qərarını elan edib. Elçin Quliyevin müraciəti rədd edilib.

Generalın cəza müddətinin bitməsinə isə 1 il qalıb.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...