“Moskva sovet dövründəki kimi Zaqafqaziya hərbi dairəsini yenidən yaratmağa çalışır”

“Moskva sovet dövründəki kimi Zaqafqaziya hərbi dairəsini yenidən yaratmağa çalışır”


“Rusiya sülhməramlıları Qarabağa ancaq Bakının razılığı ilə daxil ola bilərlər”

"Rusiya-Ermənistan hərbi birləşməsinin yaradılması erməni hərbçilərinin Rusiyanın hərbi maşınına dərin inteqrasiyası deməkdir. Geniş mənada isə Rusiyanın hədəfləri daha dərinlərə gedib çıxır. Moskva bu və ya digər formada sovet dövründəki Zaqafqaziya hərbi dairəsini yenidən qurmağa çalışır".

Musavat.com Ermənistan mətbauatına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın hərbi eksperti Pavel Felgenqauer Rusiya və Ermənistan arasında imzalanan yeni hərbi sazişi şərh edərkən söyləyib.

Felgenqauer hər iki tərəfin birləşmiş hərbi qruplar yaratmaqda maraqlı olduğunu bildirsə də, tərəflərin strateji hədəflərinin müxtəlif olduğunu qeyd edib:

“Qafqazda vahid hərbi quplaşmanın yaradılması Rusiyanın hesabladığı uzun müddətli planın tərkib hissədir. Plan regionda keçmiş sovet sərhədlərini tam əhatə edərək Azərbaycan və Gürcüstanın da hərbi birliyə daxil edilməsini nəzərdə tutur”.

Müxbir Aram Sərkisyan yeni yaradılan qruplaşmanın öz qarşısında hansı hərbi vəzifələri qoyduğu barədə rusiyalı ekspertin rəyini öyrənib.

Pavel Felgenqauer hərbi birləşmənin hər iki ölkə üçün əhəmiyyət daşıdığını qeyd edərək, burada bəzi nüansların olduğunu da söyləyib:

“Başa düşmək lazımdır ki, birləşmiş qrup olmasına və vahid komandanlığa tabe olmasına rəğmən qrupa daxil olan milli kontingentlər ilk növbədə öz siyasi rəhbərliklərinin əmrlərini icra edəcəklər. Məsələn, deyək ki, Moskvanın razılığı ilə qrupa erməni komandan təyin edilsə də, aydın məsələdir ki, rus hərbçiləri Moskvadan təsdiq gəlməyənə qədər onun əmrlərini yerinə yetirməyəcəklər.

- Belə çıxır ki, bu hərbi əməkdaşlıqdan daha çox siyasi xarakter daşıyır?

- Bəli, Rusiya Gürcüstan və Azərbaycanın da daxil olduğu vahid Zaqafqaziya hərbi dairəsini yenidən qurmaq istəyir. Ermənistan üçünsə vahid qruplaşma Rusiyanın Ermənistanı müdafiə etməklə bağlı üzərinə daha çox öhdəlik götürməsi deməkdir. Ona görə də hədəflər müxtəlif görünür. Əslində Ermənistan üçün dəyişən bir şey yoxdur. Bu saziş Ermənistanın Avrasiya İttifaqına, vahid gömrük məkanına inteqrasiyası kimi bir şeydir. Rusiya üçün isə bu hərbi inteqrasiya kimi əhəmiyyət daşıyır və Moskva bu birliyə Gürcüstan və Azərbaycanın da daxil olmasını istəyir”.

Müxbir Ermənistanın Azərbaycanla hərbi münaqişədə olduğunu xatırladaraq, bu qrupun Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edə biləcəyi ehtimalına toxunub.

Felgenqauerin bu suala cavabı belə olub:

“Rusiya hərbçiləri yalnız Rusiyanın əmri ilə döyüşə bilərlər. Formal olaraq qruplaşmaya erməni generalının komandanlıq etməsi Rusiyanın öz milli suverenliyindən imtina etməsi anlamına gələ bilməz.

“Bizdə isə fikirləşirlər ki, öz milli suverenliyindən imtina edən Rusiya yox, Ermənistandır, məgər elə deyilmi”, - Aram Sərkisyan müsahibinin bu sözlərinə qarşı sual verib.

Pavel Felqenqauer öz fikrində qalıb:

“Prinsip etibarilə heç kim tam olaraq nədənsə imtina etmir, çünki milli silahlı qüvvələr ilk növbədə milli hökumətlərin əmrlərini icra edirlər. Heç kim milli rəhbərliyin icazəsi olmadan özbaşına vuruşan deyil”.

Felgenqauer Rusiya və Ermənistan arasında yaranan yeni hərbi birləşmə ilə sovet dövründəki Varşava müqaviləsi (keçmiş sosialist ölkələrin hərbi təşkilatı-red.) arasında analogiya aparıb:

“Varşava müqaviləsində digər ölkələr formal suverenliklərini saxlasalar da, bütün məsələlər Rusiya tərəfindən həll edilirdi. Burda da belədir: Vahid qruplaşmanın mövcudluğu milli suverenliyin tam itirilməsi demək deyil. Bu, həm də kiminsə başqa dövlətin əmri ilə digərindən ötrü vuruşacağı anlamına da gəlmir.

Lakin bu inteqrasiya üçün mühüm addımdır. Rusiya üçün isə belə bir prosesin getməsi çox önəmlidir. Rusiya bu nümunə ilə Azərbaycana da gələcəkdə özünü necə aparmalı olduğunu göstərmək istəyir.

Rusiya Azərbaycanla hələlik hərbi ittifaqda deyil, lakin gələcək perspektivdə bu Moskva üçün arzu olunan variant sayılır”, - Felgenqauer cavab verib.

Müxbirin son sualı Qarabağ məsələsi ilə bağlı olub:

- Ermənistanda bir çox ekspertlər Moskvanın strateji hədəfinin rus əsgərlərinin sülhməramlı adı altıında münaqişə zonasına yerləşdirilməsi və belə bir konteksdən yanaşaraq Rusiya-Ermənistan hərbi birliyinin bunun üçün mexanizm ola biləcəyi barədə fikirlər yürüdürlər. Bu fikirlə razısınızmı?

- Xeyr, əgər Qarabağda sülhməramlılar peyda olsa onların Rusiya-Ermənistan vahid hərbi birləşməsinə heç bir aidiyyatı olmayacaq. Sülhməramlılar yalnız Bakının razılığı ilə bölgəyə yeridilə bilər. Rusiya sülhməramlıları Qarabağda olmayacaqlar və şübhəsiz ki, onlar Rusiya-Ermənistan qruplaşmasının tərkib hissəsi də ola bilməzlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...