Sarkisyanı məhvə aparan iki səbəb - İrəvanda iğtişaşlar olacaq

Sarkisyanı məhvə aparan iki səbəb -


Ermənistan müxalifəti apreldə keçiriləcək parlament seçkisinə ciddi hazırlaşır. Prezident Serj Sarkisyana müxalif olanların sayı artmaqdadır. Sarkisyan Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdıqdan sonra eks-nazir siyasi fəaliyyətə başlayacağını elan edib və keçmiş xarici işlər naziri Vardan Oskanyanla siyasi blok yaradıb. Bloka Ermənistanın tanınmış siyasətçisi, keçmiş dissident Paruyur Ayrikyan da qoşulub.

Ayrikyan müstəqillikdən bu yana Ermənistan hakimiyyətinə qarşı hər zaman müxalifətdə olub, ruspərəst siyasətin əleyhinədir. Ayrikyan özü yeni blokun müvəqqəti xarakter daşıdığını bildirir, əsas məqsədlərinin Serj Sarkisyanın parlament seçkilərində qələbəsini əngəlləmək olduğunu deyir.

Sarkisyanın partiyadakı müavini, keçmiş baş nazir Ovik Abramyan da hakim partiyadan istefa verib. Abramyanın müxalifətin sıralarını genişləndirəcəyi ehtimalı yüksəkdir. Doğrudur, erməni eskpertlər Ovik Abramyanın tərəfdarlarının çox olmadığını yazırlar, ancaq onun prezidentin və hakim partiyanın daxili mətbəxi haqqında bilgiləri müxalifətin işinə yaraya bilər.

Digər tərəfdə isə Sarkisyanın keçmiş dostu, eks-prezident Robert Köçəryan var. O, da hakim rejimin əsas tənqidçilərindəndir. Doğrudur, Köçəryan müxalifət sıralarına qoşulduğunu hələ elan etməyib, ancaq parlament seçkisinə yaxın siyasi qərarını verə bilər. Bu sıraya keçmiş prezident Levon Ter-Petrosyanı da əlavə etmək lazımdır. Levon Ter-Petrosyan itirilmiş mövqelərini geri qaytarmaq istəyir.

Bütün baş verənlərin fonunda Sarkisyanın aqibəti necə olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, apreldə Serj Sarkisyanı ciddi sınaq gözləyir: “Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçüm növbəti dəfə qarşıdurmaya gedəcək, İrəvan küçələrində kütləvi silahlı toqquşmaların olacağı istisna deyil. İndi əsas məsələ Ermənistanda indiki hakimiyyətin uzanmasına və ya əksinə, hakimiyyət dəyişikliyinə Moskvanın icazəsinin alınmasıdır. Əslində Moskvada Sarkisyana böyük simpatiya yoxdur. Təsadüfi deyil ki, hakimiyyətdə təmsil olunmamalarına rəğmən, Robert Köçəryan Vladimir Putinlə, Ovik Abramyan isə Dmitri Medvedyevlə bir neçə dəfə görüşüb. Çünki, Ermənistanda hakimiyyət dəyişikliyi üçün Kremlin icazəsi alınmalıdır. Bir dəfə Ermənistandakı siyasi partiyalar Moskvanın icazəsi olmadan hakimiyyəti dəyişmək istədilər, 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edildi, prezidentliyə real namizədlər baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçiyan öldürüldülər. Ona görə də Serj Ssrkisyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən müxalifətin bir sıra təmsilçisi tez-tez Moskvaya səfərlər edirlər.

Ermənistanın baş naziri Karen Karapetyan da bu həftə Moskvaya gedərək rusiyalı həmkarı Dmtri Medvedyevlə görüşdü. Karapetyanın əsas məqsədi Rusiyanın əlavə olaraq Ermənistan iqtisadiyyatına 300 milyon dollar yatırmasıdır. Bu investisya apreldə keçiriləcək parlament seçkisi öncəsi Karapetyana çox lazımdır. Karapetyanın islahatlar üçün maliyyə resursları yoxdur ki, iqtisadi və sosial həyatda nəsə yenilik edə bilsin. Yeganə ümid yeri Rusiyayadır. O, 300 milyon dollarla bir balaca manevr imkanı qazana bilər. Əks halda Karapetyan nüfuzu daha sürətlə aşağı enəcək. Digər tərəfdən Karen Karapetyan Rusiyanın siyasi dəstəyini alsa, baş nazir kreslosunu Serj Sarkisyana təhvil verməyə də bilər. Bu halda hakim Respublika Partiyası parçalanacaq”.

Politoloq qeyd edib ki, erməni saytlarından biri Ermənistanın demoqrafik vəziyyəti ilə bağlı maraqlı statistika açıqlanıb: “2016-cı ilin avqust və sentyabr ayında Ermənistandan Avropaya köçənlərin sayı 9 ilin ən yüksək göstəricisidir. Əgər 2008-ci ildə hər ay Ermənistandan Avropa ölkələrinə köçənlərin sayı 385 nəfər idisə, keçən ilin avqust ayında 1110, sentyabr ayında isə 1185 nəfər ölkəni tərk edib. Köçənlərin əksəriyyəti 18-34 yaşlarında olan gənclərdir. Ən maraqlısı odur ki, ötən il bir qrup silahlının İrəvan yaxınlığında polis məntəqəsini ələ keçirməsi hadisəsi köçün artmasına səbəb olub.

Sarkisyanın hakimiyyətdə olduğu 2008-2015-ci illərdə Ermənistanı 300 minə yaxın insan tərk edib. Keçmiş prezident Robert Köçəryanın prezident olduğu 1998-2008-ci illərdə isə Ermənistanı 135 min insan tərk etmişdi. Bu rəqəmlər onu göstərir ki, Köçəryanla müqayisədə Sərkisyanın hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı iki dəfə artıb”.

E.Şahinoğlu vurğulayıb ki, Ermənistan vətəndaşlarını ölkəni tərkə iki başlıca səbəb vadar edir: “Birinci səbəb ağırlaşan iqtisadi və sosial durumdur. İnsanlar yaxın gələcəkdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inanmırlar. Bunun üçün resurs yoxdur. Ermənilər inandıqları və etibar etdikləri hakimiyyətı formalaşdırsalar belə, həmin hakimiyyət əlindəki resursla vətəndaşlarının həyatını müsbətə doğru dəyişə bilməyəcək.

İkinci səbəb isə cəbhə bölgəsindəki ağır vəziyyətdir. Ermənistanla Azərbaycan arasında sülh olmadığına görə Dağlıq Qarabağ ətrafında vəziyyət gərgin olaraq qalacaq, Ermənistan ordusu hər gün itki verir. Müharibə və lokal toqquşmalar ehtimalı yüksəkdir. Ona görə də erməni gənclər Ermənistandan kənarda – Dağlıq Qarabağda ölmək perspektivindənsə ölkəni tərk etməyə üstünlük verirlər. Bu iki səbəb isə Azərbaycanı işğalçı Ermənistana qarşı təzyiqi artırmağa həvəsləndirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...