“KXCP sönə-sönə, çokə-çökə gedir“ - Ədalət Yusibov

“KXCP sönə-sönə, çokə-çökə gedir“ -


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) avqustun 1-də qurultay keçirmək niyyətindədir. Amma qurultaya KXCP-nin heç də bütün təşkilatlarından nümayəndə seçilməyib. Kənarda saxlanılan qurumlardan biri də KXCP Salyan rayon təşkilatıdır. GUNDEMİNFO.AZ xəbər verir ki, təşkiların sədri Ədalət Yusibov Teleqraf.com-a müsahibəsində onlara qarşı biganə mövqedən gileyləndi:

- KXCP-nin qurultayının nə vaxt keçiriləcəyini indi sizdən eşitdim. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi ilə KXCP Salyan rayon təşkilatı arasında heç bir əlaqənin olmaması ucbatından biz məlumatsız qalmışıq. Burada əsas məsuliyyət Təşkilat Komitəsindədir.

- Aranızdakı uçurumu aradan qaldırmaq mümkündürmü?

- Hesab etmirəm ki, mənim və ya Salyan rayon təşkilatının KXCP ilə arasında hansısa uçurum var. Problem partiyanın bizə qarşı münasibətindədir. Uçurumu da onlar yaradırlar, biz yox. Biz KXCP-nin tərkib hissəsiyik və nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstəririrk. KXCP-nin yaradılmasında böyük xidmətləri olan insanlar partiyanın gələcəyindən narahatdılar. Aramızdakı münasibətlər baxımından mənəvi sorumluluq və mənəvi keçilməzlik var. KXCP-nin hazırkı siyasi fəaliyyəti aramızdakı münasibətləri aydınlaşdırmaq, yoluna qoymaq üçün müzakirələr aparmağa imkan vermir. Hesab edirəm ki, KXCP-dəki dəyərli insanlar partiya rəhbərliyi qarşısında ciddi tələblər, suallar qoyacaq. 2000-ci ildən sonra KXCP-nin zəifləməsi və indiki duruma düşməsinə görə, rəhbərlik məsuliyyəti öz üzərinə götürməli və cavab verməlidilər. KXCP-nin Qurultay tərəfindən seçilmiş sədri ilə mənim aramda heç bir problem yoxdur, istənilən məsələni onunla müzakirə etməyə hazıram. Bilirəm ki, istənilən məsələdə haqlı tərəf mənəm. Partiya rəhbərliyi mənim qaldırdığım məsələlərin müzakirəsindən qaçır.

- Salyan rayon təşkilatına qurultay üzrə konfransın keçirilməsi üçün hansısa müraciət olubmu?

- Bununla bağlı bizə heç bir müraciət, göstəriş olmayıb. Əgər qurultaya dəvət etməsələr, biz işçi konfransı keçirəcəyik. Konfransımız KXCP-nin qanunsuz keçiriləcək qurultayı günü olacaq. Biz həm fraksiya, həm də KXCP Salyan rayon təşkilatı olaraq proseslərə adekvat cavab verəcəyik.

- KXCP-nin qurultayından nə gözləyirsiz?

- KXCP-də hazırda hansı süstlük hökm sürürsə, qurultaydan sonra da eyni vəziyyət hökm sürəcək. Partiyada heç nəyin nöqtəsinə, vergülünə toxunulmayacaq.

- Təklifləriniz nədən ibarətdir?

- İlk növbədə partiya üzvlərinə qarşı münasibət dəyişməlidir. Ənənəvi fəaliyyət üsulları dəyişdirilməlidir. İndiki idarəçilik metodologiyasından birmənalı şəkildə imtina edilməlidir. Qəbul olunmuş qərarlara, fəaliyyət proqramlarına ciddi, ardıcıl şəkildə əməl olunmalıdır. Nizamnamənin tələbləri yerinə yetirilməlidir. Ən əsası çıxdığımız yolda əsas götürdüyümüz ideoloji, mənəvi dəyərlərə hörmət etməli və fəaliyyətimizdə onlara söykənməliyik. Qeyd etdiyim məsələlərə əməl olunmadığına görə, KXCP sönə-sönə, çokə-çökə gedir. KXCP-nin avqustun 1-də keçirəcəyi qurultay 2011-ci il iyunun 24-də keçirdiyi qurultaydan iki dəfə zəif olacaq, daha sonra keçiriləcək qurultayda isə rayon təşkilatları qalmayacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...