Prezident Aparatınının ləğviylə bağlı yayılan məlumatlara - YAP-dan reaksiya/ ŞƏRH

Prezident Aparatınının ləğviylə bağlı yayılan məlumatlara -


Dünən Milli Məclisdə "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi cəmiyyətdə bir-birini təkzib edən fikirlərin formalaşmasına səbəb oldu. Qanundakı dəyişiklik əvvəlcə Prezient Administrasiyasının ləğvi kimi şərh olundu. Daha sonra aparatın birinci vitse-prezidentin idarəçiliyinə verilməsi və aparat rəhbərinin səlahiyyətlərinin azaldılacağını bildirənlər də oldu.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə dəyişikliyi BakiPost.az-a şərh edərək bildirib ki, burada hər hansı bir yeni vəzifə bölgüsündən, kimlərinsə səlahiyyətinin genişləndirilib və ya məhdudlaşdırılmasından söhbət getmir: "Konstitusiyaya zidd heç bir yenilik yoxdur. Sadəcə vəzifə təsnifatı bir qədər genişləndirilib. Bu isə ötən il referendumda konstitusiya dəyişikliyi ilə bağlı yaradılan vitse-prezident postlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Onların özünün fəaliyyətini təmsil edən aparat, müşavirlər postu vəzifəsi dövlət qulluğu təsnifatına salınır.

Çox təəssüf ki, bəzi mətbuat orqanları bunları Prezident Administrasiyasının ləğvi kimi təqdim elədi. Prezident Administrasiyası anlayışı konstitusiyamızda var və bu, qurum ləğv edilmir. Konstitusiyadakı müddəanı, ancaq referendum dəyişə bilər.

Ümumiyyətlə, Azərbaycan cəmiyyətində bəzən Prezident Aparatı ilə Prezident Administrasiyası anlayışını eyniləşdirirlər. Amma Aparat anlayışı Administrasiya anlayışından genişdir. Yəni Prezident Aparatına Prezident Administrasiyası, Prezidentin İşlər İdarəsi və Prezident yanında Tibb Xidməti daxildir. İlk növbədə strukturun hər biri fəaliyyətdə qalır. Həmçinin hər biri konstitusiya ilə üzərinə düşən vəzifəni yerinə yetirir. Burada hər hansı bir yenidən vəzifə bölgüsündən və ya kimlərinsə səlahiyyətinin genişləndirilib, yaxud da məhdudlaşdırılmasından söhbət getmir”.

Aydın Mirzəzadə qeyd edib ki, prezidentin siyasi gündəlik fəaliyyətini təmin edən strateji qurum olan Administrasiya yenə də öz fəaliyyətini davam etdirir: "İşlər İdarəsi prezidentin və administrasiyanın texniki təminatını təmin edən orqandır. Tibb Xidməti isə adından da göründüyü kimi üzərinə düşən vəzifəni yerinə yetirir”.

Məsələnin I vitse-prezidentlə bağlı hissəsinə gəlincə, deputat vurğulayıb ki, birinci vitse-prezidentin fəaliyyətinin tənzimlənməsi üçün onun köməkçiləri, müşavirləri, həmçinin özünün aparatı ola bilər: "Azərbaycanda vitse-prezident institutu yeni yaradılıb. Artıq birinci vitse-prezident təyin olunub. Birinci vitse-prezidentlik dövlət başçısından sonra dövlət idarəetmə strukturunda ikinci vəzifədir. Onun da fəaliyyətinin tənzim edilməsi üçün köməkçiləri, müşavirləri, həmçinin özünün aparatı ola bilər. Bunun hamısı konstitusiya və qanun çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan dünən bəzi mətbuat orqanlarında gedən məlumat insanlarda çaşqınlıq yarada bilərdi. Prezident Administrasiyasının şöbə müdiri çox düzgün və dəqiq izahat verdi. Yəni hər hansı bir idarəetmə strukturunun dəyişilməsindən söhbət getmir. Söhbət dövlət qulluğuna və təsnifata yeni vəzifələrin daxil edilməsi ilə bağlı dəyişiklikdən gedir. Dövlət Administrasiyası, İşlər İdarəsi və Prezident yanında Tibb Xidməti öz fəaliyyətini səlahiyyəti çərçivəsində bundan sonra da davam etdirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...