Məmmədyarov Nalbandyanla dekabrın 7-8-də Vyanada görüş təklifini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, danışıqlar konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb: "Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
H. Hacıyevin sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".
***
Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şoferlə (ABŞ) görüşü başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunur.
Qeyd edək ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.
901 dəfə oxundu