Məzahir Pənahov prezident seçkilərində iştirak edəcək namizədlərdən danışdı

Məzahir Pənahov prezident seçkilərində iştirak edəcək namizədlərdən danışdı

“Azərbaycan ictimaiyyəti qarşıdan gələn prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin, onlar çalışacaqlar ki, prezident seçkilərində iştirak etsinlər”.
Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, azad, ədalətli seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası bütün addımları atacaq: “Biz artıq gələn il üçün tədbirlər planları üzərində işləyirik. Yanvar ayının əvvəllərində rəsmi şəkildə təsdiq edəcəyik. İl ərzində bizim müxtəlif səpkili tədbirlərimiz olacaq. Aşağı seçki komissiyası üzvlərindən başlamış digər səlahiyyətli qurumlara qədər maarifləndirmə tədbirləri keçiriləcək. Eyni zamanda, cəzaçəkmə, tibb və müalicə müəssisələrində səsvermə ilə bağlı tədbirlər keçiririk ki, o insanların səsvermə hüququ pozulmasın.

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və prokurorluq orqanları ilə xüsusi komissiyalar təşkil edirik. Müraciətlərə baxılması, xoşagəlməz hallar baş verərsə, operativ ölçü götürülməsi baxımından bu cür əməkdaşlıq çox əhəmiyyətli olur. Prezident seçkiləri və referendumda Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız da səs verməlidir. Xarici ölkələrdəki nümayəndəliklərdə məntəqələr yaradılacaq. Təsəvvür edin ki, seçkilərlə bağlı coğrafiya nə qədər genişdir. Çalışırıq ki, Azərbaycandan kənarda olan seçicilər diqqət mərkəzində olduqlarını hiss etsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...