“Həmin qüvvələr seçkilərdə təzyiq etməyə çalışacaq” – Siyavuş Novruzov
"Bu dəfə bir neçə partiya seçkilərdə iştirakdan imtina etdi. Boykot tamam başqa bir anlayışdır. Boykotda insanlar yığışır, böyük tədbirlər keçirilir, etirazlar olur. Buraya, sadəcə olaraq, xaricdən maliyyə alan bir neçə siyasi partiya daxil oldu. 1998-ci ildən bu yana nə Müsavat, nə də AXCP ümumilikdə, prezident seçkilərində iştirak etməyiblər”.
Bunu YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzov 11 apreldə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı "Yeni Müsavat”a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, seçkidə iştirakdan imtina edən partiyaların heç bir elektaratı olmadığından belə addım atmağa məcburdurlar: "Onlar məğlub olacaqlarını əvvəlcədən bilirlər. Sosial bazalarının, elektoratlarının olmadığını görüblər. Bu baxımdan iştirakdan imtina edirlər. Dünya təcrübəsində adətən belə görürük, seçkilərdə bir dəfə məğlub olan namizədi sonrakı seçkilərdə başqası əvəzləyir, yəni yeni bir şəxsin namizədliyi irəli sürülür. Amma bunlarda namizəd qıtlığı var. Bir nəfər uduzur, yenə də arxa-arxaya onun namizədliyini irəli sürürlər. Bir dəfə İsa Qəmbərin namizədliyi 2003-cü ildə irəli sürüldü, ondan sonra onun üzərində ilişib qalıblar. İsa Qəmbər 2003-cü ildə seçki marafonunda uduzdu. O, tez-tez Amerikadan misal gətirir. Unutmayaq ki, Albert Qor ilə Corc Buşun seçkisində Qor cüzi səslə seçkiləri uduzmasına baxmayaraq, növbəti seçkilərdə onun namizədliyini irəli sürmədilər. Bu təcrübələri onlar öyrənməlidirlər. İstər Müsavatda, istərsə də AXCP-nin daxilində elə bir şəxs yoxdur ki, onun namizədliyini daxilin özü dəstəkləsin, hələ kənarı belə demirəm. Biz Müsavatın son qurultayında çox şeylərin şahidi olduq. Hansı biabırçılıqların, saxtakarlıqların olduğunu sadalamağa gərək görmürəm. AXCP-də də hər şey aydındır. Kim Əli Kərimliyə qarşı demokratik fikir söyləyirsə, o, dərhal qeyri-qanuni olaraq partiyadan uzaqlaşdırılır. Bu da antidemokratiyanın bir nümunəsidir. Bu baxımdan onların özlərinin daxillərində bir vahidlik yoxdur. Daxillərində ədalətli bir seçki keçirə bilmirlərsə, ədalətli mühit yaratmırlarsa, bu qlobal seçkidə nə edə bilərlər? Bu gün Azərbaycanda namizədliyini verə biləcək onlarla partiya sədri var ki, hər birinin hörməti və nüfuzu onlardan qat-qat üstündür. Burada müxalifətdə, mərkəzçi, sosialyönlü olanlar var. Ona görə də bunlar iştirak etmirlər deyə seçkilərə hansısa bir təsirlərin olacağını demək düzgün deyil. Kim istəyirsə, buyursun iştirak etsin. Kimsə qorxub iştirak etmirsə, bu da onun öz işidir. Yaxud kimsə erməni lobbisinin və xarici qüvvələrin təhriki ilə fəaliyyət göstərirsə, onlar insanlar üçün bəllidirlər”.
Partiya funksioneri boykotçuların keçirə biləcəyi etiraz aksiyalarına da toxunub: "Onlar hava şəraiti ilə oturub durublar. Bunlar özlərinə tərəfdar yığmırlar. Hava proqnozu ilə işləyirlər. Hava soyuq və ya isti oldu mitinqlər dayanır. Bunlar hava normal olsun mitinqlər keçirək düşüncəsindədirlər. Sərbəst toplaşma azadlığını həyata keçirmək üçün istənilən şərait yaradılıb. Bu şəraitə baxmayaraq, il ərzində bunlar cəmi iki mitinq təşkil edə bilirlər. O mitinqlərdə də qohum-əqrabələri iştirak edirlər. Demək mümkün olmur ki, onlar hansısa əqidənin daşıyıcısıdırlar. Orada islamçısı da, millətçisi də, işsizi də, banka borcu olan da var. Ora hərə bir arzu-istəklə gəlir. Əqidə ilə olan mitinq keçirilmir. Bunların sərbəst toplaşmalarına heç kim qoşulmur, çünki bunlara inanmırlar”.
S.Novruzov martın 1-də REAL sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsi tərəfindən Azərbaycana göndərilən sorğuya cavab verilməsi üçün qoyulan vaxt bitməsi, cavab verilməzsə, Avropa Şurası başda olmaqla beynəlxalq qurumlar seçkiöncəsi bu faktordan yararlana bilməsi ehtimalından da danışıb: "Müəyyən bəhanələr var ki, hər zaman bundan istifadə edirlər. Daim Azərbaycanda ədalətli, demokratik seçkilər keçirilib. Dünya ölkələrinin təcrübəsindən görmüşük ki, onların heç biri Azərbaycan qədər demokratik seçki keçirməyiblər. Lakin ədalətsiz şəkildə ayrı-ayrı dövlətlərin, müxtəlif lobbilərin təhriki ilə seçki haqqında düzgün olmayan informasiya verməklə təzyiq metodu kimi bundan istifadə edirlər. Azərbaycanın təbii sərvətindən bəhrələnmək istəyənlər var. Bu seçkilərdə də təbii ki, bu qüvvələr çalışacaqlar öz çirkin niyyətlərini həyata keçirsinlər. Müxtəlif rəylər formalaşdırmağa cəhdlər olacaq. Amma "elin gözü tərəzidir”. Ona görə də onların verdikləri rəylərin önəmi yoxdur, əsas seçim xalqındır”.
Millət vəkili bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara da toxunub. Bildirib ki, bu mümkün deyil: "Parlamentin səlahiyyət müddəti konstitusiyamızda göstərilib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ilk növbədə, referendum keçirilməli və dəyişikliklər olunmalıdır. Hansısa bir naşı fikirləşmədən belə bir iddia ortaya atıb. Belə bir zərurət duyulacaqsa, parlament seçkilərinin keçirilməsi zərurəti yaranacaqsa, o zaman öncəliklə konstitusiyada dəyişikliklər olmalıdır. Bu dəyişiklik isə yalnız referendumla mümkündür. Parlament bir neçə halda buraxıla bilər ki, bu da son referendumda göstərilib”.
838 dəfə oxundu