Daha bir deputatdan ATƏT-lə əməkdaşlığı dayandırmağa ÇAĞIRIŞ

Daha bir deputatdan ATƏT-lə əməkdaşlığı dayandırmağa ÇAĞIRIŞ

"Seçki günü hər hansı seçki məntəqəsi və seçki dairəsində seçki pozuntusu hallarının baş verdiyini konkret faktlarla göstərə bilməyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun təmsilçiləri qərəzli, standart və daha çox siyasi xarakter daşıyan hesabat ortaya qoyublar. Bu da haqqlı olaraq Azərbaycanda hər kəsin narazılığına səbəb olub".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. F.Ağamalı deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun təmsilçilərinin qərəzli bəyanatı həm də seçki prosesində iştirak edən namizədlərin, siyasi partiyaların, jurnalistlərin və Mərkəzi Seçki Komissiyasının haqlı narazılığına səbəb olub:

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Biz onlarla əməkdaşlığa son qoymalıyıq. Çünki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunu ədalətə çağırmağımız, obyektiv şəkildə aparılan seçki proseslərinə cəlb etməyimiz artıq mümkün deyil. Görünən reallıq odur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun fəaliyyətində anti-Azərbaycan qüvvələri xüsusi yer tutur. Onların içərisində isə ermənilər üstünlük təşkil edir. Ona görə də belə bir qurumla əməkdaşlığa ehtiyac olmadığını düşünürəm. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası bununla bağlı birmənalı qərar qəbul etməlidir".

Deputat qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun Azərbaycana qarşı qərəzli münasibəti uzun illərdən bəri ortadadır:
"Onlar hər zaman Azərbaycana qarşı böhtan xarakteri daşıyan və həqiqəti əks etdirməyən bəyanatlar hazırlayaraq, Bakıya səfər edirlər. Seçki başa çatandan sonra isə hazırlamış olduqları şablon bəyanatı gündəliyə gətirirlər. Bununla da öz missiyalarını bitmiş hesab edirlər. Çox təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun fəaliyyəti bu dəfə də eyni oldu".

F.Ağamalı əlavə edib ki, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri olduqca mükəmməl və şəffaf olub:

"Seçki prosesinin bütün mərhələrində seçkilərə yüksək hazırlıq var idi. Azərbaycan qanunvericiliyinə uyğun olan bütün müddüəlar nəzərə alınmışdı və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün tam hazır vəziyyətə gətirilmişdi. Seçkilərin bütün mərhələləri Avropa standartlarına uyğun idi". Xatırladaq ki, Milli Məclisin deputatı Arif Rəhimzadə də ATƏT-lə əməkdaşlığın dayandırılamsını istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...