“AŞPA-dakı bəzi qüvvələr Azərbaycana qarşı qərəzli və düşmənçilik...”

“AŞPA-dakı bəzi qüvvələr Azərbaycana qarşı qərəzli və düşmənçilik...”

Xəbər verdiyimiz kimi, AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.

Metbuat.az xəbər verir ki, S. Seyidovun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi AŞPA-nın layihəsinə daxil edilib. Eyni zamanda, nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib.

Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib. Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı isə deyib ki, Azərbaycanı utandırmaq üçün istənilən cəhdin özü elə korrupsiyadır. O, Azərbaycandan olduğu üçün fəxr etdiyini qeyd edib:

“Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır".

AŞPA-nın “korrupsiya hesabatı” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərindəqurulmuş subyektiv mülahizələrdir. Bu “hesabat” Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. AŞPA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir vəmüstəqil dövlətlərə təzyiq məqsədi güdür.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, hesabatla tanışlıq göstərdi ki, çox qərəzli və qeyri-peşəkar hazırlanan sənəddir: “Çox təəssüf ki, Azərbaycanla bağlı fikirlərdə ümumiyyətlə Azərbaycan reallığı haqqında xəbəri olmayan insanlar rəy yaratmağa çalışırlar. Azərbaycanla bağlı heç bir əsası olmayan iddialar səsləndirilir və ən qəribəsi odur ki, Azərbaycandan bunun qeyd-şərtsiz qəbul edilməsi tələb edilir. Yəni, bu məsələnin özünün qoyuluşu qeyri-demokratik və qeyri-sivildir.

Avropa Şurası tərkibində müəyyən bir qrup var ki, onlar Azərbaycana qarşı qərəzli və düşmənçilik siyasəti yeritməkdə maraqlıdılar. Onlar üçün maraqlı olardı ki, Azərbaycan demokratik dəyərlərdən, Avropa təfəkküründən imtina etsin, Avropa Şurasından uzaqlaşsın və Azərbaycanı daima siyasi təzyiq altında saxlasınlar. Ancaq bu, onlara müəssər olmayacaq. Azərbaycanın apardığı siyasət bu gün müasir dövrün tələblərinə və Azərbaycan xalqının milli maraqlarına cavab verir. Azərbaycan özünü heç bir halda forpost, maraqların həyata keçirildiyi alət kimi istifadə edilməsinə imkan verməyəcək”.

Millət vəkili Musa Quliyev isə deyir ki, təəssüf edirəm ki, istər AŞPA, istərsə də ATƏT Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirirlər və bu, yeni deyil: “Orada Azərbaycanın siyasi, iqtisadi inkişafını görmək istəyən və yaxud da gözü götürməyən, erməni lobbisinin təsiri altında olan deputatlar var. Onların Azərbaycanla bağlı müxtəlif dövrlərdə qərəzli qərarları, qətnamələri olur. Buna da Azərbaycan ictimaiyyəti, siyasətçiləri istər Milli Məclis səviyyəsində, istər Xarici İşlər Nazirliyi, istərsə də ayrı-ayrı Qeyri-Hökumət Təşkilatları səviyyəsində adekvat cavab verirlər. Biz onlara səhv mövqelərini göstəririk.

Ancaq düşünürəm ki, belə qərarlar, qətnamələr Azərbaycan-AŞPA, Azərbaycan-ATƏT münasibətlərinin pozulmasına gətirib çıxarmamalıdır. Çünki biz, Avropa məkanında kifayət qədər yer tutmuşuq, tanınırıq, ATƏT-in də, Avropa Şurasının da Qarabağla bağlı ədalətli qərarlarıvar. Düzdür, onlar icra olunmur, amma hər halda hüquqi baxımdan Qarabağın Azərbaycan torpağı olması və işğal edilməsini təsdiq edən qərarların olması da bizim üçün lazımlıdır. Bilirsiz ki, Azərbaycanla bağlı o qərarlara, qətnamələrə də sonradan onlar baxa bilərlər, səhvləri də düzəldə bilərlər.

Bizim nümayəndə heyətinin oradakı fəal mövqeyini dəstəkləyirəm və hesab edirəm ki, bu cür mövqe davam edəcək. Bilirsiz münasibətlər heç vaxt bir xətt üzrə getmir, gah enən xətt olur, gah qalxan xətt olur. Düşünürəm ki, bizim bundan sonrakı siyasətimiz də AŞPA ilə əməkdaşlığı davam etdirmək xəttilə olmalıdır. Təbii ki, onlara nöqsanlarını da, dediklərinin həqiqət olmadığını da göstərməliyik, amma münasibətləri pozmağa da düşünürəm ki, ehtiyac yoxdur”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...