İrəvanda proseslər Kremlin nəzarətindən çıxdı - ŞƏRH

İrəvanda proseslər Kremlin nəzarətindən çıxdı -

Görünür ki, Emənistandakı proseslər müəyyən ssenari üzrə gedir və idarə edilir. Rusiya burada birmənalı şəkildə marağındadır ki, özünün regional vassalı olan Ermənistan onun əlindən çıxmasın.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, ümumiyyətlə Serj Sərkisyanın istefasından sonra Ermənistandakı vəziyyətin daha da gərginləşəcəyi məlum idi:

“Çünki burada bir neçə problemlər var. İlk növbədə onu qeyd edim ki, Rusiya heç vaxt İrəvanda həddən artıq qarışıqlığın yaranmasına yol verə bilməz. Çünki Rusiyanın burada hərbi bazası var, eyni zamanda NATO və Rusiyanın sərhədi məhz Ermənistandan keçir. Hətta rus politoloqların açıqlamalarında Rusiyanın bura hərbi müdaxilə edəcəyi ilə bağlı mesajlar verilir. Digər tərəfdən, Karen Karapetyan məlum məsələdir ki, Rusiyanın adamıdır və Sərkisyanın komandasındandır. Paşinyanın son hərəkətləri artıq öz məcrasından çıxmış mitinqlərə bənzəyir. Paşinyanın baş nazir olmaqla bağlı iddiası var. Paşinyan istəyir ki, baş nazir seçildikdən sonra öz komandasını formalaşdıraraq, parlamenti buraxsın və yeni parlament seçkilərinə getsinlər. Lakin bunu Rusiya qəbul edə bilmir. Rusiya heç vaxt burada ikinci - Ukraynadakı kimi Maydanın yaranmasını istəməz. Bu artıq idarə olunmayan xaotik bir məsələyə çevirilir”.

Politoloq qeyd edib ki, məhz buna görə də həm Fransa, həm də Rusiya buradakı proseslərə müdaxilə etmək məcburiyyətindədir:

“Bundan başqa, ortada Dağlıq Qarabağ məsələsi də var. Paşinyanın verdiyi anonslardan bir daha görürük k, o, KTMT-ya üzv olan ölkələrin Qarabağ məsələsində Ermənistanı müdafiə etməli olduğunu deyir. Danışıqlarda artıq Qarabağın 3-cü tərəf kimi çıxış edəcəyi ilə bağlı bəyanat verir. Ermənistanda problemlər həddən artıq böyüyür və şişirdilir. Hətta gələcəkdə prezident Armen Sərkisyanın da legitimliyi məsələsi sual altına düşə bilər. Buna görə də Rusiya prosesləri nəzarət altına almağa çalışır, ancaq dünənki proseslər Kremlin bu istəyinə nail olduğunu deməyə əsas vermir”.

Qeyd edək ki, bu gün hakim Respublika Partiyası 1 mayda keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini açıqlayıb. Parlamentdə ana müxalifət Çarukyan Bloku "xalqın namizədini", Respublika Partiyası ilə koalisiyadan ayrılan və hökumətdəki nazir vəzifələrini boşaldan Daşnaksütyun isə Çıxış Blokunun namizədi Nikol Paşinyanı dəstəkləyəcəyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...