Elmar Məmmədyarovun “danışıqlara hazırıq” bəyanatı etiraz doğurdu

Elmar Məmmədyarovun “danışıqlara hazırıq” bəyanatı etiraz doğurdu

Tofiq Zülfüqarov: “Biz blogger Lapşini məhz həmin cinayətə görə - Qarabağa qanunsuz səfər etməsinə görə tutmamışdıqmı?”; Elxan Şahinoğlu: “Sülh Azərbaycan torpaqlarının boşaldılması halında mümkündür”
Məlum olduğu kimi, xarici işlər naziri Elmar Məmmədyarov 15 may tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb. Bu danışıqlar zamanı XİN rəhbərinin səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb, hətta etirazlar doğurub.

Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib. Məlumata görə, görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

“Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır” mövqeyinə təpki göstərənlər bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın qanunsuz olaraq Qarabağa gəlməsini və oradan Azərbaycanı təhdid edən bəyanatlar verməsini önə çəkir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın Azərbaycanı təhdid edən bəyanatlarından cəmi bir neçə gün sonra nazir səviyyəsində danışıqlara hazır olduğumuzu bəyan etmək düzgün mövqe deyildi: “Ermənistan doğrudan da sülhə nail olmaq istəyirsə, Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Bu, sülhə ən qısa yoldur. Ancaq Paşinyan Azərbaycan qanunlarını kobud şəkildə pozub, ölkəmizin ərazi bütövlüyünə qarşı bəyanatlar verib. Buna sərt reaksiya verilməli idi. Ermənistanın baş nazirinin Qarabağa qeyri-qanuni gəlməsinə Azərbaycan xalqı çox sərt reaksiya verdi. Ölkə əhalisi deyir ki, Paşinyanın vertolyotu vurulmalı idi. Çünki xarici ölkənin vətəndaşı beynəlxalq qanunları kobud şəkildə tapdayıb, Azərbaycanın ərazi bütövlüyünü pozub, təbii ki, onun vertolyotunu vurmaq lazım idi. Ancaq bunun qarşılığında ”danışıqlara hazırıq" bəyanatını vermək qəbulolunmazdır".

T.Zülfüqarov Qarabağa qanunsuz uçuşların adi hal almaması üçün konkret təklif də irəli sürdü: “Əvvəlcədən bəyan etmək lazım idi ki, biz oranı uçuşa bağlı zona elan edirik. Bütün dünyaya yaymaq lazımdır ki. filan koordinatlar üzrə hava məkanı uçuşlara qapalı zonadır. Əks təqdirdə, hərbi, yaxud sivil təyyarələrin hamısı koordinatlara uyğun olaraq vurulacaq. Hər bir ölkənin belə bir addım atmaq hüququ var. Paşinyanı da xəbərdar etmək lazım idi ki, Qarabağa uçsan, vuracağıq! Yəni uçma, peşman da olma!”

Sabiq nazir bir daha E.Məmmədyarovun danışıqlarla bağlı mövqeyinə qayıtdı: “Biz blogger Lapşini məhz həmin cinayətə görə - Qarabağa qanunsuz səfər etməsinə görə tutmamışdıqmı? Onda niyə Qarabağa qanunsuz səfər edən Paşinyanla danışıqlara hazır olduğumuzu bəyan edirik? Bu bəyanat nəyə lazım idi, kim gözləyirdi bunu? İstənilən halda, məntiqəuyğun olmayan addımdır”.

T.Zülfüqarov XİN rəhbərinin bununla təlimata uyğun davrandığı barədə fikirləri bölüşmədi və öz təcrübəsindən danışdı: “Mən mərhum Heydər Əliyevlə işlədiyim dövrdə şahidi olmuşam ki, dövlət başçısı əsas təklifləri mütəxəssislərdən alırdı. Yaxud hansısa ideyalar irəli sürülürdü və tətbiq olunurdu. Heç olmasa sən nazir kimi təklif ver! Nazir bu gün ictimaiyyətin rəyini nəzərə almalıdır, ona uyğun davranmalı, ortaya mövqe qoymalıdır. Amma bizdə ictimaiyyətin səsi heç eşidilmir. Ermənilər ictimai rəyə istinad edirlər. Paşinyanın bu bəyanatları çox kəskin əks-səda doğurub, buna uyğun addım atılmalı olduğu halda, tamam başqa mövqe tutuldu. Paşinyanın səfərinə uyğun olaraq bəyan etmək lazım idi ki, hələlik atəşkəsi pozmuruq. Amma bizim ərazi bütövlüyümüzə qəsdi bağışlamayacağıq”.

Sabiq nazir həmsədrlərlə son görüşdən və onların yaydığı bəyanatdan gözləntisini bu şəkildə ifadə etdi: “Heç nə gözləmirəm”.

“Xarici işlər naziri Elmar Məmmədyarovu anlamaqda çətinlik çəkirəm. Ermənistanın baş naziri qanunsuz olaraq işğal altındakı torpaqlara gəlir, Azərbaycanın ünvanına aşağılayıcı fikirlər söyləyir, Məmmədyarov isə Parisdə həmsədrlə görüşdə sülh prosesinin irəli aparılmasından danışır”.

Bu fikirləri isə politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a söylədi. Ekspertin sözlərinə görə, indi bu bəyanatın yeri deyildi: “Məmmədyarov deməliydi ki, Ermənistan rəsmiləri Qarabağ qanunsuz gəlmələri, işğal altındakı torpaqlarda qeyri-qanuni infrastruktur çalışamaları aparmaqla və təxribatçı açıqlamaları ilə sülhün əldə olunmasını mümkünsüz hala gətirirlər, bu da cəbhə bölgəsindəki vəziyyəti gərginləşdirir. Bunun əvəzinə Məmmədyarov sülhdən danışır. Sülh Azərbaycan torpaqlarının boşaldılması halında mümkündür. Ermənistanda bir-birini dəyişən hakimiyyətlər isə torpaqları boşaltmaq istəmirlər. Belə görünür ki, Məmmədyarov sərt bəyanat vermək iqtidarında deyil. Onun yumşaq açıqlamaları danışıqlarda bizim mövqeyimizi zəiflədir”.

Qeyd edək ki, Paşinyan Soçi toplantısında daha uzağa gedərək, Belarus prezidenti Lukaşenko ilə görüşü zamanı Azərbaycana silah satılması məsələsini də qaldırıb. Erməni baş nazirin sözlərinə görə, Belarus prezidentinin bu məsələyə reaksiyası “normal” olub. Həmçinin Rusiya prezidenti ilə görüşdə də Azərbaycana silah satışının dayandırılması iddiasını səsləndirib. Göründüyü kimi, Paşinyan işğala son qoymaqdansa, Azərbaycana silah sanksiyasının tətbiqinə çalışır. Belə olan halda, onunla danışıqların mənası qalmır.

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız İrəvanın adından danışmağa hazır olduğunu bildirmişdi ki, bu bəyanat hətta onun öz ölkəsində təpkilərə səbəb olub. Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir. Nikol Paşinyanın sözlərinə görə, əgər tərəflər problemi həqiqətən həll etmək niyyətindədirlər, nəzərə almalıdırlar ki, “məsələnin həllinin başlıca komponenti danışıqların düzgün formatda aparılmasıdır”. Azərbaycan bildirir ki, Qarabağ münaqişəsi üzrə danışıqlar formatının dəyişdirilməsi qeyri-məqbuldur. “Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər vardır, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, ”Artsax" Respublikası (tanınmamış DQR-red.) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır", - Ermənistanın yeni baş naziri deyib. Hazırda danışıqlar masası üzərində olan qarşılıqlı güzəştlər məsələsinə gəldikdə, Nikol Paşinyanın sözlərinə görə, bu barədə söhbət “yalnız o zaman gedə bilər, nə zaman ki, erməni tərəflərinə Azərbaycandan Bakının Artsax xalqının öz müqəddəratını həll etmək hüququnu tanımağa hazır olduğu haqqında konkret siqnal verilər”.

N.Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı verdiyi açıqlamalar Bakıda tənqidlə qarşılanmışdı. Azərbaycan XİN onun danışıqlar prosesi haqqında verdiyi “ziddiyyətli açıqlamaları”nın təəssüf doğurduğunu bildirmişdi. “Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir”, - Azərbaycan XİN-ın mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi. Bəyanatda ümid edilirdi ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin “səhvlərini təkrar etməyəcək”, və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün “sivil münasibətlər qurmağa çalışacaq”.

Lakin görünən budur ki, Paşinyan sələflərinin səhvlərindən nəticə çıxartmaq istəmir və Bakının Ermənistanla danışıqlara hazırlığını bəyan etməsi işğalçı ölkəni bir az da şirnikləndirə bilər...

Ekspertlərin XİN rəhbərinin fikirlərinə tənqidi münasibətinə nazirlikdən münasibət öyrənmək cəhdimiz isə nəticə vermədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...