Oqtay Əsədov: “Bu, ilk sanksiya deyil”

Oqtay Əsədov: “Bu, ilk sanksiya deyil”

Parlamentdə Səməd Seyidovla bağlı qərara qarşı sərt çıxışlar

Milli Məclisin plenar iclasında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova qarşı sanksiya qərarı deputatların sərt reaksiyaklarına səbəb olub.

Deputat Fəzail İbrahimli bildirib ki, bu qərar Azərbaycandakı sabitliyə qarşı qısqanc yanaşmanın nəticəsidir: “Qüdsdə baş verənlərə baxın, dünya hüququn yox, gücün yedəyində gedir. Türkiyədəki siyasi gərginliyə baxın. Bölgədə sabit həyatını yaşayan bir ölkə var, o da Azərbaycandır. AŞ PA-da baş verənlər Azərbaycanı da gərginliyə salmaq istəyinin nəticəsidir. Həmkarım Səməd Seyidovun hədəf seçilməsinin səbəbi odur ki, o, avropalılarla Avropanın öz dilində danışırdı, ölkəmizin maraqları uğrunda mübarizə aparır, sözünü deyirdi. Ümid edirəm ki, bundan sonra bizim nümayəndə heyətimiz daha mübariz olacaq, Səməd Seyidov daha prinsipial və daha ardıcıl fəaliyyət göstərəcək.
Deputat Sahibə Qafarova bildirib ki, AŞ PA-dakı anti-Azərbaycan dairələrin bu cür qərarları heç bir nəticə verməyəcək.

Deputat Əli Hüseynli da bildirib ki, AŞ PA-dakı nümayəndə heyəti daim milli maraqlardan çıxış edib, Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlamaq və Ermənistanı ifşa etməkdən ibarət olub. O vurğulayıb ki, Səməd Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. “Amma sonda heç bir günahı olmadığı halda, ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov qanunsuz cəzalanıb. Bu, AŞ PA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da fəal şəkildə mübarizə aparacaq”.

Spiker Oqtay Əsədov dedi ki, bu, Azərbaycana qarşı ilk sankiya deyil: “Bundan əvvəl Avropa Şurasının alt komitələrinin iclaslarının iki il ərzində Azərbaycanda keçirilməməsi barədə də sanksiya qəbul olunmuşdu. Bir il sonra özləri peşman oldular. Dedilər gələk, iclaslarımızı keçirək. Mən dedim ki, yox, ehtiyac yoxdur, bizə qaşı sanksiya qərarınız var. Hansı ki, özlərinin də büdcəsi yox idi. İndi belə bir qərar qəbul edilib. Qərar ondan ibarətdir ki, Səməd Seyidova seçkili orqanlara seçilmək icazəsi verilməyəcək. Heç iştirak etməsin. Nə var burda? Səməd Seyidov bizim mübariz deputatımızdır, öz fəaliyyətini bir az da gücləndirəcək”.

Deputatlar sədrin bu fikirlərini əl çalaraq alqışlayıblar.

Deputat Zahid Oruc dedi ki, bu, Azərbaycana qarşı total hücum deyil, ayrı-ayrı şəbəkələrin fəaliyyətinin nəticəsidir.
Deputat Aydın Mirzəzadə də S.Seyidova qarşı ədalətsizliyin yol verildiyini bildirdi. O dedi ki, sabah AŞ PA-dakı digər nümayəndələrimizə qaı da bənzər sanksiya qərarı verilə bilər, bu, təəccüblü deyil: “Bu, Azərbaycan üçün növbəti sınaqdır”.

Deputat Asim Mollazadə son vaxtlar Avropada “Səlib yürüşü” prosesinə start verilib: “Avropa Şurasının araşdırma komissiyası yazır ki, Səməd Seyidovun heç bir günahı yoxdur, amma sonda onu cəzalandırırlar. Səməd Seyidovun günahı var. Türkiyəni müdafiə etməsinə, Serj Sərksiyana qarşı sərt mövqe nümayiş etdirməsidir onun günahı”. A.Mollazadə dedi ki, informasiya müharibəsi gedir, Azərbaycan və Türkiyə hədəfdədir.

Deputat Fazil Mustafa AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədrinə qarşı sanksiya qərarı ilə bağlı təklif verib. O, beynəlxalq komitə, yaxud Milli Məclis səviyyəsində bəyanat hazırlamağı, növbəti iclasda yaymağı təklif etdi.
F.Mustafa həmçinin iyul ayında Strasburqda Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir tədbir keçirməklə də sanksiya qərarını verən quruma cavab verilməsini zəruri saydı.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı tətbiq edilən sanksiya ilə bağlı Milli Məclisdə çıxış edib.

O çıxışında qeyd edib ki, bir insan kimi onun üçün bu asan deyil, çünki ədalətsizliklə qarşılaşıb: “Uzun illərdir mən Avropada fəaliyyət göstərmişəm, indi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil.
Ancaq buna baxmayaraq bununla şərəf duyuram. Çünki mən dövlətimin milli maraqları uğrundakı fəaliyyətimdə bununla rastlaşmışam. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq olunur?! Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP alyihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətidir və heç kim bunu sarsıda bilməz. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Bizim balalarımız bu gün cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...