Trampın Kim sevgisinin sirri - Ağ Ev başçısı nəyə can atır?

Trampın Kim sevgisinin sirri -

Ekspert: “Tramp əslində özünü təlxək kimi aparsa da, çox böyük siyasət aparır”

ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə Şimali Koreyanın ikinci ən güclü adamı adlandırdığı generalla 80 dəqiqə görüş keçirib. Daha sonra Tramp müxbirlərə deyib ki, onunla Şimali Koreya lideri Kim Çen İn arasında iyunun 12-də Sinqapurda sammit baş tutacaq.


Lakin Tramp gözləntiləri azaldıb və deyib ki, sammit “bir başlanğıc” olacaq və Pxenyanı nüvəsizləşdirməyə razı salmaq üçün əlavə müzakirələr aparılmalıdır. “Biz iyunun 12-də heç nəyə imza atmayacağıq. Biz prosesi başladacağıq”,- deyə Tramp bildirib.

Prezident Şimali Koreyaya qarşı sanskiyaların, onlar nüvə arsenalından əl çəkməyənədək aradan qaldırılmayacağına da bildirib.

Maraqlıdır ki, bir zamanlar ABŞ-la Şimali Koreyanın arasında müharibənin başlayacağı gözlənilsə də, birdən-birə münasibətlər yumşaldı. Bəs Trampın İn sevgisi nə ilə bağlıdır?

“Yeni Müsavat”a danışan ekspert Yeganə Hacıyeva bildirib ki, əslində bütün bunlara cavab tapmaq üçün Donald Trampın prezident kimi fəaliyyətə başlamasının ilk günlərində baş verən proseslərə nəzər salmaq lazımdır: “Kənar müdaxilələr nəticəsində prezident olmuş Donald Tramp və onun işlərini araşdıran tədqiqat qrupu vardı. Həmçinin eyni prosesi Senatda aparırdılar. Bütün bu araşdırmaların sonunda nüfuzdan düşən, qeyri-ciddi qəbul olunan və ən əsası, seçilməyinin obyektivliyi sual altında olan prezident vardı. Belə olan halda prezident, təbii ki, xarici siyasətdə addımlar atmağa başlamalı idi. Çünki daxili siyasətdə o, şoumen kimi qəbul olunur, qeyri-ciddi hesab edilirdi. Nəticədə daxildəki proseslərə girişə bilmədi və öz qeydlərini xarici siyasətdə həyata keçirməyə başladı. İlk olaraq Donald Trampın Suriyanı vurmasının şahidi olduq. Bir gecənin içərisində Suriyada aeroportu dağıtması, daxildə nüfuz qazanmasına hesablanmışdı. Perspektiv olaraq düşən nüfuzunu qaldırmaq üçün Trampın nələrə əl atacağı müzakirə olunan zaman Şimali Koreya ehtimalları da var idi. Əlbəttə ki, bu ehtimal iki istiqamətdə idi. Onlardan biri müharibə cəhdi idi. Nəzərə alaq ki, Tramp nə qədər çılğın olsa da, ağıllı insandır və düşündü ki, bu yol, qısa müddətliyə nüfuz gətirsə də, uzun müddət üçün keçərli olmayacaq. Digər məqam kimi Rusiya ilə paralel diqqətləri yayındırmaq üçün Şimali Koreya ilə də münasibətləri yaxşılaşdırmaq yolunu seçdi. Son bir il ərzində ABŞ tərəfindən Şimali Koreya ilə bağlı üç fərqli mesaj eşitmişik. Hər üç mesajın strateji hədəfi sülhlə bağlıdır. Ancaq onlardan ikisi qarşıya qoyulacaq məqsədlərə çatmayacaq qədər qeyri-ciddi idi. Belə ki, Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq üçün ilk növbədə Cənubi Koreya ilə yaxınlaşma nəzərdə tutulurdu. Nəzərə alaq ki, onlar eyni xalqdırlar. Nəticə olaraq deyək ki, dünya nə qədər Trampı qeyri-ciddi siyasətçi kimi qəbul etsə də, onun addımlarında qətiyyətli prezidentin qərarları sezilir. O, daha çox Amerikanın iqtisadiyyatını sağlamlaşdırmağa yönəlik addımlar atır. Eyni zamanda Yaxın Şərq gedişlərindən başqa hal-hazırda Avrasiya səviyyəsində Mərkəzi Asiya və Avropa arasındakı təbii qaz nəqlində birbaşa olaraq Amerikanın rolunun dərinləşməsi Trampın adı ilə bağlıdır”.

Ekspert hesab edir ki, Trampın addımları Amerika siyasəti üçün yeni tərz sayılsa da, əslində faydalıdır: “Əslində Tramp prezidentliyə namizədlik dövründə bildirdiyi kimi, Amerikanın maraqlarına xidmət edən addımlar atır. Tramp çılğınlığı ilə bərabər bütün riskləri də nəzərə alır. Meksika ilə bağlı da sərhədin çəkilməsini demişdi. Əslində bunun özü də ikili addım idi. Çünki o, prezidentliyə namizədliyi dövründə Meksikadan gələn miqrant axınının qarşısını almağa söz vermişdi. O, bu addımları ilə göstərdi ki, həqiqətən də sərhədi bağlamaq istəyir, ancaq Senat imkan vermir. Yəni görünən budur ki, Tramp sadəcə, olaraq dəli kimi qələmə verilib. Əslində isə Vyetnam müharibəsindən sonra Trampdan başqa Amerikanın Yaxın Şərq və Mərkəzi Asiyada möhkəmlənən ikinci belə bir prezidenti olmayıb. Bunun üç il öncə proqnoz olaraq desəydik, hər kəs qeyri-ciddi yanaşardı. Hazırda Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı strateji sənədin imzalanması ərəfəsindədir. Razılaşdırılmamış məqamlar var, ancaq bu da müzakirə mövzusudur. Yaxın Şərqdə isə Əfqanıstan, Pakistan və Hindistan və Türkmənistanın sərhədinə yaxın olan Mərkəzi Asiyada transkontinental qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Xəzər ətrafında ən aparıcı neft-qaz şirkətləri isə Amerikanındır. Bu, Rusiyanın sıxışdırılmasıdır. Bəli, Rusiya Xəzər ətrafında söz sahibidir. Ancaq pulu kim verirsə, diktə edən də odur. Pulu isə amerikanlar verir. Bütün bunlar onu deməyə əsas verir ki, Tramp özünü təlxək kimi aparmaqla böyük siyasət aparır. O, Amerikanın ticarətini çoxmilyardlıq artıq yükdən azad edir, beynəlxalq təşkilatlardakı yüklərini azaldır, Mərkəzi Asiyada isə mövqelərini möhkəmləndirir. Bütün bunlar kiçik işlər deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...