Qərbin inqilab ssenariləri Azərbaycanda iflas oldu – səbəb...

Qərbin inqilab ssenariləri Azərbaycanda iflas oldu –

Fəzail Ağamalı: “Ölkəmizdə ”məxməri inqilab" və digər bu kimi planları gerçəkləşdirmək mümkünsüzdür, o səbəbdən ki..."
Amerika başda olmaqla, Qərb dairələrinin Cənubi Qafqazın iki ölkəsində - Gürcüstan və Ermənistanda inqilab ssenarilərini davam etdirdiyi müşahidə olunur. Son iki ayda Ermənistanda inqilabın baş verməsi, Gürcüstanın isə son günlərdəki aksiyalarla buna zəmin hazırlanması bir çox mətləblərdən xəbər verir. Ekspertlər bildirirlər ki, daha əvvəlki illərdə Azərbaycan üzərində də xaosla müşahidə olunan bu cür ssenarilər reallaşdırmaq niyyəti olub. Ancaq hakimiyyətin önləyici planları ilə bu cəhdlər iflas olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan hökumətinin hər zaman ayıq-sayıq olmasının vacibliyi vurğulanır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, 2003-cü ildən başlayaraq, Azərbaycanda bu cür layihələrin həyata keçirilməsi üçün cəhdlər olub: “Hətta xatırlayıram ki, 2003-cü ildə ulu öndərimizin səhhətində problemlər yarandığı vaxt həm iqtidar daxilində, həm də iqtidardan kənar ən müxtəlif gəlişmələr var idi. Eyni zamanda Azərbaycanda ciddi maraqları olan həm Qərb, həm Rusiya, həm də İran çalışırdı ki, özünə münasib bir adamı, yəni o ölkənin maraqlarını Azərbaycanda tam reallaşdırmağı bacaran kimsəni hakimiyyətə gətirsin. Sonradan Qərb 2005-ci ilin parlament seçkiləri ərəfəsində ”məxməri inqilab" etməyə çalışdı. Narıncı köynəklər geyinib, qalstuk taxmalarla deputat olmağa cəhdlər edildi. Bunun arxasında Qərb dayanırdı, külli miqdarda vəsait buraxılmışdı. Azərbaycanda bu layihələrin başında İsa Qəmbər və onunla bərabər hakimiyyət daxilində bu planda yer alanlar da var idi. Onlardan biri də o zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev idi. Başqa bir bucaqdan Əli İnsanov da layihənin içərisində yer alırdı. Ondan sonrakı illərdə də buna bənzər və digər cəhdlər oldu. Lakin bunların heç biri reallaşmadı. Bunun isə ən başlıca səbəbi xalqın mütləq əksəriyyətinin ulu öndərimizin ideyaları ətrafında sıx birləşməsi və qısa zaman kəsiyində İlham Əliyevin xalqın etimadını, inamını qazanması oldu.

Qərb istəyərdi ki, birmənalı şəkildə Azərbaycanın milli maraqlarını qoruyan şəxs deyil, qərbpərəst biri hakimiyyətə gəlsin. Mixail Saakaşvili və hazırkı Nikol Paşinyan tipli adamların ölkəmizdə rəhbər olmasına cəhdlər var idi. Bununla Qərb öz maraqlarını Azərbaycana yeritmək, NATO qüvvələrini bura yerləşdirmək istəyirdi. Faktiki, Cənubi Qafqazı təsir dairələrinə salmaq istəyirdilər. Cənab prezident söykəndiyi ulu öndərimizin təməl prinsiplərinə sədaqətlidir. Azərbaycanı yüksək səviyyədə idarə edir, xalqın istəklərini reallaşdırır. Xalqımızın mütləq əksəriyyəti prezidentlə bərabərdir. Bunun üçün də Azərbaycanda “məxməri inqilab” və digər bu kimi planları gerçəkləşdirmək mümkünsüzdür. Gürcüstan, Ukrayna və digər ölkələrdə baş verənləri Azərbaycanda gerçəkləşdirə bilməzlər. Qərb artıq yaxşı başa düşür ki, istədiklərini Azərbaycanda həyata keçirə bilməz. Təsadüfi deyil ki, cənab prezident Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyində belə bir tezis irəli sürdü ki, ölkəsinə qarşı xaricdən hər hansı bir təhlükə gözlənilmir. Bununla ölkə rəhbəri demək istədi ki, xaricdən Azərbaycanda bu və ya digər layihələrlə hakimiyyət dəyişikliyi etmək mümkün deyil".

F.Ağamalı hakim komandanın gücü olmasının da bu cür planların qarşısının alınmasında mühüm rol oynadığını düşünür: “Bu komanda kifayət qədər yetkindir, ölkə rəhbərinin ətrafında sıx birləşib. Xüsusilə daxili işlər orqanları çox peşəkardır. Adını çəkməyə ehtiyac duyuram, daxili işlər naziri Ramil Usubov və onun formalaşdırdığı komanda dövlətçiliyimizə son dərəcə bağlıdır, ölkə prezidentinə sədaqətlidirlər, onlar yüksək peşəkarlıqla bu və ya bunabənzər layihələrin həyata keçirilməməsi üçün zamanında qanunvericiliyin tələblərinə uyğun şəkildə addımlarını ata bilirlər. Xüsusi xidmət orqanlarının vacib tərkib hissəsi olan MTN-də ciddi dəyişiklik aparılandan, bu qurum ləğv edilib DTX yaradılandan sonra rəhbərliyə xalqını, dövlətinin bütün qəlbi ilə sevən bir insan gəldi. Mədət Quliyev Azərbaycanda hakimiyyətin zorla ələ alınmasına qarşı böyük mücadilə aparan, qəhrəmanlıq, sədaqət göstərən, hətta yaralanan və sonradan milli qəhrəman adına layiq görülən insandır.

Ölkəmizin Müdafiə Nazirliyi də dövlətimizə son dərəcə sədaqətlidir. Digər nazirlər, bəzi istisnalar olmaqla, öz səlahiyyətləri çərçivəsində dövlətə layiqli xidmət edirlər, separat düşüncələrdən uzaqdırlar. Bunlar da çox vacib amillərdir. Ölkə başçısı yürütdüyü xarici siyasətlə faktiki şəkildə etibarlı müttəfiq imicini qazanıb. Balanslaşdırılmış siyasət aparmaqla, hər şeydən öncə ölkənin milli maraqlarına söykənərək xarici siyasət qurmaqla prezident bütün güclərlə yüksək səviyyədə əməkdaşlıq edir. Strateji partnyor kimi etibarlılıq qazanıb. Bunlar da ”Məxməri inqilab" kimi ssenarilərin qarşısını alan əsas səbəblərdən biridir. Azərbaycanda bu planı həyata keçirmək istəyənlər bunları düşünməmiş deyillər. Dediyim arqumentlərə söykənərək birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı bundan sonra da uzun illər ölkə prezidentini müdafiə edəcək, onu dəstəkləyəcək. Biz bir yerdə dayanmalı deyilik. Əldə etmiş olduğumuz uğurlardan başımız gicəllənməməlidir. Dünyada gedən proseslər bundan sonra da ciddi şəkildə nəzərə alınmalı, islahatlar daha da dərinləşdirilməli, ölkəmizdə məmurla vətəndaş münasibətləri şəffaflıqla təmin olunmalıdır. Məmurlar özünün əməlləri ilə ölkə prezidentinə, dövlətinə sədaqət hissini göstərməlidirlər. Vətəndaşla dövlət münasibətləri ən yüksək səviyyədə qalmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...