“Kiminsə geyiminə, yaşam tərzinə müdaxilə etmək olmaz” - Deputatlardan etiraz

 “Kiminsə geyiminə, yaşam tərzinə müdaxilə etmək olmaz” -


“Heç bir insanın geyiminə, geyim tərzinə, ümumən şəxsi həyatına müdaxilə edə bilməz və edilməməlidir”. Bunu millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib. Millət vəkili deyib, bu, Konstitusiya ilə tənzimlənən insan hüquq və azadlıqlarına da kobud müdaxilədir, həmin müddəaların tapdalanması deməkdir.
“Biz hüquqi, demokratik, dünyəvi, unitar, çağdaş və sivil bir ölkədə yaşayırıq. Bütün hüquqlarımız Konstitusiya ilə, müvafiq demokratik qanunlarımızla tənzimlənir və qorunur. Konstitusiyamızda da, qanunlarımızda da insan hüquq və azadlıqlarına hər hansı müdaxilə kobud qanun pozuntusu sayılır və buna görə də müvafiq cəzalar, sanksiyalar nəzərdə tutulur. Bu baxımdan, insanların geyiminə, geyim tərzinə, şəxsi həyatına müdaxilə də qanun pozuntusu və cinayət sayılır. Kimsənin buna, belə məsələlərə qarışmağa haqqı və hüququ yoxdur. Geyim, şəxsi həyatla bağlı məsələlərdə hər kəs sərbəstdir, azaddır. Axı, biz quldarlıq və ya feodalizm quruluşunda, şəriət qanunları idarə olunan bir ölkədə yaşamırıq ki?! Biz linç dövrünün insanları deyilik ki?! Biz kifayət qədər açıq, şəffaf, modern, demokratik, sivil bir dövlətdə, quruluşda yaşayırıq…Belə bir quruluşda da, belə bir dövlətdə də geriliyin, cahilliyin, savadsızlığın əlamətləri olan bu kimi hallardan uzaq olmalıyıq…Kim nəyi necə istəyir, geyinə bilər…Mənim geyimimə kim qarışa bilər ki? Təbii ki, heç kim!!!
Düzdür, hər bir kəs də öz geyim-keçiminə fikir verməli, aşırı, əndazəni aşan geyim, həyat tərzindən uzaq durmağı bacarmalıdır.Yəni, hər kəs özü şüurlu şəkildə, kənar müdaxilə olmadan anlamalıdır ki, aşırı, əndazəni tam aşan, milli dəyərlərə tam uyğun gəlməyən geyim və yaşam tərzi ona xoş olmayan münasibət formalaşdıra, onu rahatsız edə bilər… Bunu hər kəsin öz iç dünyasında götür-qoy etməsi və daha düzgün qərar verməsi lazımdır…Amma durub demək ki, sən niyə belə geyinirsən, niyə belə seçim edirsən və yaxud, daha da irəli gedərək, kiməsə qarşı öz fikirlərini zorla, hətta, fiziki güc yolu, təhqirlə, şantajla təlqin etməyə çalışırsan, bu, tamamilə yoverilməz və qəbuledilməzdir. Kimsəyə belə haqq, ixtiyar verilməyib. Hər kəs də öz etdiklərinə cavabdehdir, kimsə kimsənin yerinə nə bu dünyada, nə o dünyada cavabdehlik daşımayacaq”.
Amma millət vəkili bir daha qeyd edib ki, belə məsələlərdə milli mentaliteti də, əsrlərdən üzü bəri gələn gözəl adət-ənənələrimizi, dəyərlərimizi də nəzərə almaq lazımdır:
“Unutmamalıyıq ki, biz hansı dəyərlərin sahibi olan xalqın, uca Türk millətinin nümayəndələriyik. Bizim millət, bizim xalq, xüsusilə də, xanımlarımız hər zaman öz abır-həyası, isməti, zövqlü, xanım-xatın geyimi ilə seçiliblər, necə deyərlər, həm daxili, həm zahiri gözəllikləri ilə fərqləniblər. Yəni, Azərbaycan xanımları öz daxili gözəlliklərini xarici gözəlliklərinə, zövqlü geyim, həmçinin, ləyaqətli yaşam tərzlərinə transformasiya edə biliblər, gözəlliklərinə əlavə gözəlliklər qatıblar. Ona görə bu cür məsələləri əslində daha çox mənəvi qanunlar tənzimləməlidir, yoxsa, durub hər kəsin başının üstündə bir əxlaq polisi dayanmamalıdır ki?! Onda biz nə olarıq? Biz öz kökümüzdən, öz ruhumuzdan kənar olmarıqmı, öz dəyərlərimizə, keçmişimizə xəyanət etmərikmi?! Biz milli-mənəvi dəyərləri olan müasir, sivil millətin nümyəndələriyik və bunlara da xələl gətirməməliyik”.
Digər millət vəkili Eldəniz Səlimov da son günlər bəzi media quruluşlarında və sosial şəbəklərdə az qala əsas gündəm mövzularından birinə çevrilən geyim, geyim tərzi ilə bağlı məsələlər ətrafında əsassız və sadəcə, saxta vətənpərvərlikdən irəli gələn fikirlərin səslənməsindən narahatlığını ifadə edib:
“Bəziləri özlərini əsl vətənpərvər, əxlaq, tərbiyə mücəssiməsi kimi təqdim etməyə, insanlara şəxsi həyat tərzləri, geyimləri ilə bağlı nələrisə təlqin etməyə, onları dizayn etməyə qalxırlar. Axı, onlara kim belə bir ixtiyar verib? Onlar bu hüququ kimdən və haradan alıblar? Nə haqla başqalarının geyiminə, şəxsi həyat seçiminə müdaxilə edirlər? Özlərində hər şey yerindədirmi, hər şey qaydasındasındarmı belələrinin? Üzr istəyirəm ifadəmə görə, özlərinin geyimlərində də, əxlaq-yaşam tərzlərində də kifayət qədər problem olanlar başqalarına sanki əxlaq, insanlıq dərsi keçirlər…Axı, siz kimsiniz? Sizin nə ixtiyarınız var ki, haqqınız və əsasınız olmaya-olmaya başqalarına yön, dizayn verməyə çalışırsınız?
Təbii ki, hər kəs fikirlərini bildirə, düşüncələrini bölüşə bilər, amma hər şey etik dəyərlər, normalar çərçivəsində olmalıdır, söyüş, təhqir, şantaj, az qala insanları intihar həddinə çatdırma kimi hallar olmamalıdır. Bunlar insanlıqdan kənar və əslində isə cinayət əməlləridir. Bunun da qanunlarla tənzimlənən cəza formaları var. İnsanlar-bunu heç də hamıya aid etmirəm-niyə bunları bilə-bilə belə əməllərə yol verirlər, belə əməllərə gedirlər? Bilmirlərsə, o zaman başqalarının geyim, həyat tərzinə müdaxilə etməkdənsə, özlərini daha ağıllı, daha əxlaqlı və sair göstərməyə çalışmaqdansa, zəhmət çəkib qanunlarımızı, həm də dünyaya örnək ola biləcək mənəvi qanunlarımızı, dəyərlərimizi öyrənsinlər… O zaman bilərlər ki, başqalarının geyiminə, yaşayış tərzinə qarışmaq nə qədər ayıb və qanunsuzluqdur.
Əlbəttə, bir Azərbaycan-Türk kişisi olaraq mən də cəmiyyətimizdə belə məsələlərdə əndazəni aşmamağın, ölçü-biçini itirməməyin, dəyərləri heçə saymamağın tərəfdarıyam. Mən də bu düşüncədəyəm ki, geyimimizə, yaşam tərzimizə, davranışlarımza ciddi nəzarət etməliyik, xüsusilə də, tanınmış, ictimai əhəmiyyətli insanlar belə məsələrdə örnək, nümunə olmalı və olmağa çalışmalıdır. Hətta, irad tutanda da elə etməlidirlər ki, kimlərinsə qəlbinə, hislərinə toxumasınlar, aşağılmasınlar və ən əsası eyni ittihamlarla üzləməsinlər. Gərək özün ilk növdə özünə qiymət verəsən, özün nümunə olsan ki, sonra da sənə laqiq olduğun qiymətin verilməsini gözləyəsən, səndən nümunə götürülməsini istəyəsən, arzulyasan.Amma bütün hallarda bir daha belə hesab edirəm ki, insanlara geyimlərinə, seçimlərinə, yaşamlarına görə kimsə müdaxilə etməməlidir və etməyə də haqları yoxdur. Belə məsələlərdə yalançı, saxta vətənşüvənlik keçmir və keçməməlidir”.
//etikxeber.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...