Hakimiyyət payız islahatlarına hazırlaşır - Mühüm postlara yeni simaların gətirilməsi gözlənilir

Hakimiyyət payız islahatlarına hazırlaşır -

Apreldə keçirilən prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi də daxil olmaqla bir çox sahələrdə müəyyən qədər kadr islahatları aparıldı. Xüsusilə rəhbər postlarda dəyişikliklərin edilməsi orta məmur eşalonunda da ciddi kadr islahatlarından xəbər verirdi. Kadr islahatlarının aparılması bir sıra sahələrdə, xüsusilə də vergi, kənd təsərrüfatı və gömrükdə daha çox özünü büruzə verdi. Bəzi mənbələrə görə növbəti islahat dalğası payızın ilk aylarına təsadüf edəcək.

Məlumata görə cari ilin sonuna qədər dəyişiklik edilməmiş bir çox sahələrdə kadr islahatları aparılacaq və bu da qurumların iş fəaliyyətində müsbətə doğru dəyişikliklərə hesablanıb.

Ümumiyyətlə, uzun zamandır ki, kadr islahatlarının aparılması ilə bağlı fikirlər səsləndirilir, təkliflər verilirdi, hökumət rəsmiləri də kadr islahatlarının olacağını istisna etmirdi, hətta bunun zəruriliyini vurğulayırdılar. Bəs hakimiyyət kadr islahatlarını hardan, hansı sahədən başlayacaq? Bu gün bir çox sahələrdə uğursuz kadrların yaratdığı problemlər qabarıq görünür.

Xüsusilə də vətəndaşlarla daim təmasda olan dövlət qurumlarının əməkdaşlarının yaratdığı süni bürokratik əngəllər zaman-zaman ciddi sosial narazılıqların yaranmasına zəmin yaradır. İlkin məlumatlara görə hakimiyyət kadr islahatlarına elə icra hakimiyyətlərindən başlayacaq.

Əslində islahata ehtiyac olan ən vacib sahələrdən bəlkə də birincisi icra hakimiyyətləridir. Hesablama Palatasının ötən il yaydığı hesabatlarda 14 icra hakimiyyətində büdcə vəsaitlərinin mənimsənilməsinə yol verildiyi göstərilmişdi. Ancaq buna görə heç kim cəzalandırılmadı. Gözlənilən odur ki, bu və digər baş verən amillər nəzərə alınaraq bu sahədə ciddi islahatlar aparılacaq. Digər bir müzakirə mövzusu isə icra hakimiyyətlərinin tamamilə ləğv edilməsi və regional idarəetmə sisteminə keçidlə bağlıdır.

Nəzərə alsaq ki, hələ də Bakı şəhər İcra Hakimiyyətinə başçı təyinatı olmayıb, bu sistemdə də hansısa dəyişikliklərin ediləcəyi gözləniləndir. Manatın iki devalvasiyasından sonra hökumət qeyri-neft sektoruna aid olan sahələrin, xüsusilə də turizmin inkişafında maraqlıdır. Bu yöndə müxtəlif addımlar atılıb və proses hələ də davam etdirilir. İslahatların təhsil və səhiyyə sistemini də əhatə edəcəyi bildirilir. Doğrudur, təhsil sahəsində müəyyən kadr islahatı aparıldı, yeni təyinatlar oldu. Nazir dəyişdi, ancaq bütövlükdə sistemdə köklü islahatlar olmadı. İndiki nazir isə o islahatları apara biləcəkmi-bilməyəcəkmi, bu da hələ məlum deyil. Ona görə də əsas gözlənti yaxın gələcəkdə, yəni, yeni dərs ilinin başlanmasına qədər, xüsusilə də bölgələrdə olan təhsil idarələrində ciddi dəyişiklər olacaqdır.

Dəyişikliklərin miqyası haqqında isə danışmaq hələ tezdir. Ancaq müzakirələr ondan ibarətdir ki, bu sahədə inkişafa nail olmaq üçün geniş miqyasda zəruri addımların atılması planda ön sıradadır. Səhiyyə sistemində də vəziyyət ürəkaçan deyil. Təsadüfi deyil ki, son zamanlar ən çox şikayət olunan sahələrdən biri də məhz səhiyyə sistemidir. Səhiyyənin mövcud durumu hakimiyyətin ən yüksək qatını da narazı salıb. Xüsusilə də ötən il və cari ilin ilk yarısında reallaşan layihələrin uğursuz olması bu qənaəti kəskinləşdirib. Kadr islahatlarının yan keçməyəcəyi qurumlar siyahısına kommunal xidmət göstərən dövlət şirkətləri də aid ediləcək. Xüsusilə də baş verən enerji böhranından sonra bu sahədə xidmət göstərən qurumların yarıtmazlığı aşkar göründü.

Ölkə rəhbərliyi səviyyəsində tənqid olunan qurum rəhbərlərinin islahat dalğasının qurbanlarından olacağı əsas müzakirə predmetidir. “Azərenerji” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB və adıçəkilən qurumların yerli idarələrinin iş fəaliyyəti daim vətəndaşlar tərəfindən tənqid olunub. Belə bir görüntü yaranıb ki, həmin qurumların fəaliyyəti vətəndaşları ancaq narazı salmağa hesablanıb. Bu qurumlarda aparılacaq kadr islahatları daha ciddi və geniş miqyaslı olacaq. Məlumata görə cari ilin sonuna qədər islahat prosesi tamamilə yekunlaşacaq. Hazırda isə hökumətdə yarıtmazlıq sindromunda öndə olan bütün qurumlara fəaliyyətlərini tənzimləmək üçün konkret tapşırıqlar və zaman verilib. Verilən tapşırıqların necə icra olunacağı isə yaxın zamanlarda bəlli olacaq. Bu hakimiyyətin kadr islahatı fikrindən dönməyə təsir etməsə də, islahatların miqyasına müəyyən qədər təsir göstərə bilər. Ancaq bütün hallarda payızda ciddi kadr islahatları aparılacağı və məsuliyyətisiz kadrların hakimiyyət strukturlarından kənarlaşdırılması gözlənilir.
Cebhe.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...