“İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi”

“İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi”

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa çıxıb. Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.
REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlaması zamanı deyib ki, bununla bağlı bir azdan detallar bəlli olacaq:

“Bundan sonra rəsmi açıqlamamız da olacaq. Uzun bir qərardır. Amma əsas odur ki, İlqar Məmmədov artıq azad ediləcək, ailəsinin, dostlarının yanında olacaq. Biz bəraət alınana kimi hüquqi prosedurları davam etdirəcəyik. Çünki İlqar Məmmədovun heç bir günahı yoxdur, bunu hamı bilir. O, bəraət almalıdır və tamamilə məhkumluqdan, cəzadan azad olmalıdır. Təbii ki, son illərin ən xoş xəbəri oldu. Ümid edirəm ki, tezliklə İlqar Məmmədov özü mətbuatla əlaqə saxlayıb açıqlamalar verəcək”.

N.Cəfərli qeyd edib ki, İlqar Məmmədovun bu gün azadlığa çıxması gözlənilən deyildi:
“Əslində İlqarın azadlığa çıxacağı ilə bağlı ümidlər var idi. Avropa İnsan Hüquqları üzrə məhkəməsinin də iki qərarının yerinə yetirilməsi istiqamətində Azərbaycan üçün şərtlər qoyulmuşdu. Təbii ki, İlqar Məmmədovun bu gün azadlığa çıxacağını gözləmirdik. Yaxın günlərdə olacağına ümidlər var idi”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...