“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov

“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” -

“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə sözsüz ki, qərəzlidir. Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var”

Bunu Azvision.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Avropa Parlamentində Azərbaycana qarşı təşkil edilən dinləmələrə və qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, son bir ayda Azərbaycanla bağlı nə baş veribsə, hamısı bu qətnamənin qəbuluna zəmin hazırlamaq məqsədilə edilib: “Ola bilsin ki, Avropa Parlamentindən sonra Avropa Şurası Parlament Assambleyası da Azərbaycanla bağlı qətnamə qəbul etsin. Qəbul olunan qətnaməyə 533 deputat səs verib. Amma onların hamısı anti-Azərbaycan mövqeli deyil, sadəcə məsuliyyətsizcəsinə, işin mahiyyətini bilmədən əllərini qaldırıb səs veriblər”.

S.Məmmədov qeyd edib ki, qətnamənin qəbulunu təşkil edən lobbi qüvvəsinin bir neçə məqsədi var: “Birincisi və əsas məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasındakı Starateji Tərəfdaşlıq Prioritetlərinə dair sazişin imzalanmasını əngəlləməkdir. İkincisi, erməni lobbisinin bu işə dəstək verməkdə məqsədi Azərbaycanın beynəlxalq arenada imicini korlamaq, ölkənin anti-demokratik imicini formalaşdırmaq, bununla da guya Ermənistanda demokratik inkişafın getdiyini və Dağlıq Qarabağda yaşayan ermənilərin belə bir xalqla yaşaya bilməyəcəyini göstərməkdir. Digər məqsəd isə Azərbaycanın Avropanın alternativ enerji təchizatını təmin etməsini əngəlləməkdir”.

Hüquq müdafiəçisi əlavə edib ki, qətnamənin sifarişçiləri ölkədə xaos, qarşıdurma yaratmağa çalışanlardır: “Qətnamənin qəbulu yaxşı hal olmasa da, hüquqi nəticəsi, əhəmiyyəti də yoxdur: “Bu, Azərbaycana qarşı sanksiya da deyil. Bir sözlə, qəbul olunan qətnamə kağız parçasıdır və uzağa gedən nəticəsi yoxdur. Amma istənilən halda buna müxtəlif mərkəzlər, agent şəbəkələri, ölkədəki qüvvələr də daxil olmaqla böyük resurs sərf olunub və onlar böyük enerji, vəsait sərf edərək belə bir qətnamənin qəbuluna nail olublar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...