Moskvadakı çeçen-azərbaycanlı insidentində kənar güclərin izi və marağı - TƏHLİL

 Moskvadakı çeçen-azərbaycanlı insidentində kənar güclərin izi və marağı -

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentə hər iki dövlətin rəsmiləri, ictimai şəxsləri reaksiya verdilər, çağırışlar etdilər.

Birmənalı şəkildə bildirildi ki, baş verən hadisəni heç də diasporlar arasında insident kimi qələmə vermək olmaz.

Hadisədən dərhal sonra açıqlama verən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirdi.

Ə.Həsənov bildirdi ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz: “Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyevlə Çeçenistan prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar”.

Eləcə də Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun açıqlamasına cavab verib.

Çeçen nazir Çeçenistan rəhbərliyinin hadisə haqqında məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, hökumət hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib.

Belə iddialar var ki, bu olayda kənar qüvvələrin təxribat xarakterli rolu var. Təxribatda ermənilərin, hətta Kremldəki bəzi dairələrin izi olması haqda versiyalar səslənir.

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, hadisədə Rusiyada müəyyən dairələrin izinin olması şübhə doğurmur: “Bəllidir ki, ABŞ və Avropanın bu kimi hadisələrdə rolundan danışmağa dəyməz. Ancaq Moskvanın özü çox komponentli, tərkiblidir. Orada müəyyən qüvvələr var ki, çeçenləri də əzməyə çalışırlar. Əslində Ramzan Kadırov Çeçenistana rəhbərliyi dövründə çox böyük uğur əldə etdi. O, ”Çeçen neft"i Moskvanın sərəncamından aldı. Bu isə o deməkdir ki, Kadırov Çeçenistana xeyli investisiya cəlb edə bilər. Ədalət naminə onu da demək lazımdır ki, SSRİ dövründə bütün neft-kəşfiyyat işlərini azərbaycanlılar aparıb. Rusiyanın, Qazaxıstanın, Türkmənistanın ərazisində bütün yataqları Azərbaycan neftçiləri aşkar ediblər. Çeçenistanın hazırda “Çeçen neft”i işlətməyə resursları yoxdur. Bunun üçün hökmən Azərbaycana müraciət etməlidirlər. Prosesi də Rusiyadan müəyyən adamlar izləyirlər. Bu mənada onlar maraqlıdırlar ki, Çeçenistanla Azərbaycan arasında gərginlik yaransın və nəticədə Azərbaycanı neft məsələlərinə gətirə bilməsinlər. Kadırov məhz neftlə əlaqədar olaraq hazırda ərəb dövlətlərində səfərdədir və orada danışıqlar aparırlar. Ərəb dövlətləri də Çeçenistanda Azərbaycan vasitəsilə iş görmək niyyətindədirlər. Bu, şəksiz məsələdir. Eləcə də Moskvada müəyyən qüvvələr var ki, onlar da Azərbaycanla Çeçenistan arasında gərginliyin tərəfdarıdır. Bu qüvvələr daha çox ermənilərə yaxındırlar. Onların məqsədləri budur ki, yaxınlarda Azərbaycan Dağlıq Qarabağ tənzimləməsində müharibə variantına əl atarsa, o zaman Rusiyanın Azərbaycana qarşı qoşun yeritməyə birbaşa ixtiyarı yoxdur. Eyni zamanda biz Donbasa, Suriyaya və digər bu kimi ərazilərə baxarsaq görərik ki, həmin yerlərdə Rusiyanın adından qeyri-formal hərbçilər iştirak ediblər. Onların da əksəriyyəti çeçenlərdir. Ermənipərəstlər Azərbaycan Dağlıq Qarabağda müharibəyə başlayacağı təqdirdə belə bir plan hazırlamışdılar ki, Rusiyanın adından ermənilərə dəstək məqsədilə çeçenlərdən ibarət qrup göndərsin".

Politoloq bildirib ki, real proseslər isə fərqli formada inkişaf etdi:

“O zaman Azərbaycan prezidentinin dəvəti ilə Ramzan Kadırov Bakıya gəldi. Onlar arasında olan söhbətlər də mətbuatda dərc edildi və bilindi ki, iki rəhbərin və xalqın bir-birinə münasibəti çox yaxındır. Gördülər ki, Kadırovu heç bir şərt daxilində Azərbaycana qarşı çevirmək mümkün olmayacaq. Ona görə də bu cür təxribata əl atdılar ki, Moskvada çeçenlərlə azərbaycanlıları döyüşdürüb, münaqişəni davamlı hala çevirsinlər. Eləcə də digər amillər də ola bilər. Mümkündür ki, ermənilər bizə Qazaxıstan hadisələrinə görə cavab versin. Ermənilər belə heyrətamiz yalan ortaya atıblar ki, guya Qazaxıstandakı restoranda qazaxlarla azərbaycanlılar vuruşub və sadəcə olaraq, azərbaycanlılar ağıllı tərpənərək, işi ermənilərin boynuna atıblar. İndi də ola bilər ki, Moskvada azərbaycanlıların olduğu restorana hücum edənlər də çeçenlər deyil.

Mümkündür ki, danışıqları çeçen dilində aparıb, bir-iki nəfər çeçen salıblar həmin dəstəyə. Eyni zamanda biz Şimali Qafqazdakı vəziyyətə də nəzər salmalıyıq. Çeçenistandakı vəziyyət strateji baxımdan Azərbaycanla Rusiyanın arasında çox vacib bir bağdır. Nə qədər Azərbaycan- Rusiya münasibətləri gərgin idi, Rusiya Şimali Qafqazda sabitlik əldə edə bilmirdi. Elə ki, Azərbaycan gücləndi, Rusiya ilə əlaqələr möhkəmləndi, Şimali Qafqazda da vəziyyət sabitləşdi. Rusiyada müəyyən qüvvələr bunu da nəzərə alırlar ki, azərbaycanlılarla Şimali Qafqaz xalqları arasında ədavət yaratmaqla, Bakı ilə Moskvanın münasibətlərini korlasınlar. Artıq bizim prezidentimiz və Kadırov vəziyyəti tamlığı ilə doğru başa düşüb, düzgün də reaksiya veriblər. Azərbaycanlılar harada olsalar da, prezidentimizə tabedirlər və onun sözünə qulaq asırlar. Azərbaycan prezidentinin sözü işləkdir. Eləcə də dünyanın harasında yaşamasından asılı olmayaraq, Kadırova tabe olmayan çeçen yoxdur. Bu, sübut olunub. Hər iki lider artıq işi öz üzərinə götürüblər. Bu baxımdan düşünürəm ki, bəzi qüvvələrin niyyətləri indidən puç olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...