“İndi bizə manatın 2 dəfə ucuzlaşmasını irad tuturlar” - Əli Əhmədov

“İndi bizə manatın 2 dəfə ucuzlaşmasını irad tuturlar” -

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov Qurtuluş günü ilə bağlı keçirilən tədbirdə çıxış edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Ə. Əhmədov bildirib ki, Milli Qurtuluş günü Azərbaycanın tarixində dönüş nöqtəsidir: "Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra hər bir ölkə vətəndaşına məlum olan xaos, anarxiya, müstəqilliyin əldən getməsi təhlükəsi yaranmışdı. Azərbaycan xalqı ölkəmizin düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. 1993-cü ilin 15 iyununda H.Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, özbaşınalıq aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi, ermənilərin Azərbaycan ərazilərinin dərinliklərinə gəlməsinin qarşısı alındı. Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi böhrandan ölkə çıxa bildi, hakimiyyət böhranı da aradan qaldırıldı. İnsanların çörək növbələrinə durması kimi dəhşətli mənzərə qısa müddətdə aradan qaldırıldı və beləliklə Azərbaycanda sözün həqiqi mənasında normal həyat təmin edilmiş oldu. Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu və ölkədə dərin H.Əliyev islahatları həyata keçirilməyə başlandı.

Bu gün Azərbaycan ən güclü, ən müasir dövlətlər içərisində özünə layiqli yer tutur. Vətəndaşlar özlərini xoşbəxt hesab edirlər ki, müstəqil Azərbaycan vətəndaşlarıdır. Bütün bu uğurlar, nailiyyətlər 26 il bundan əvvəl H. Əliyevin Azərbaycana dönüşünün nəticəsidir. H. Əliyev siyasəti onun vəfatından sonra da uğurla həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir və hesab edirik ki, bu inkişaf uzunmüddətli olacaq və vətəndaşların rifahı daha da yaxşılaşdırılacaq.

İndi bizə manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasını irad tuturlar. O zaman isə inflyasiya 1600 faiz idi, insan yatırdı, səhər duranda görürdü ki, cibindəki pulla dünən aldığı məhsulun heç üçdə birini ala bilmir. Sovet respublikasından qalma zavodlar, müəssisələr məhv edilmişdi. İnsanlar çörək ala bilmək üçün gecədən növbəyə dururdular. Azərbaycan vətəndaşları bu həyatı yaşamağa məcbur edilmişdi. Eyni zamanda, ölkədə separatçı qüvvələr baş qaldırmışdı, Azərbaycanın bütövlüyü sual altında idi. Heydər Əliyev olmasaydı, bu parçalanmanın qarşısını almaq mümkün olmayacaqdı. Ölkə müstəqil olmasına baxmayaraq, o zamankı hakimiyyət nizami ordu yarada bilməmişdi. Silahlı dəstələr ölkənin hər yerinə dağılmışdı, bunlar əhalini qorxu altında yaşamaq üçün edilirdi. Batalyonlar isə sıravi vətəndaşların vətənpərvərlik ruhunda irəli sürdüyü təşəbbüslərinin nəticəsində yaranmışdı. Heydər Əliyevin rəhbərliyi ilə nəinki nizami ordu yaradıldı, hətta Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasına qoşuldu.

Sabitlik, əmin-amanlıq təmin edildi, iqtisadi tənəzzül cilovlandı və illərlə inkişaf etdirildi. Azərbaycanda bugünkü həyatımızın təmin olunmasında, neft strategiyası, Heydər Əliyev strategiyası mühüm rol oynayıb. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra insanların həyatında rifah səviyyəsi yüksəlməyə başladı".

Tədbirin girişində Qurtuluş günündən əvvəlki vəziyyət və Heydər Əliyevin hakimiyyətə dəvət olmasından sonrakı dövrə aid video çarx nümayiş olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...