Müsavatda daha bir bölünmənin anonsu verildi

Müsavatda daha bir bölünmənin anonsu verildi


"Ağ Blok"un təsisçisi, Müsavat Partiyasının üzvü və başqanlığa keçmiş namizəd Tural Abbaslı maraqlı açıqlamalar verib.

T.Abbaslı Müsavat Partiyasına da mesajlar göndərib. Görünən budur ki, qarşıdan gələn parlament seçkilərindən sonra bu partiyanın içindən daha bir siyasi təşkilat çıxacaq. Başqa sözlə, ADR Hərəkatından sonra "Ağ Blok" da partiyaya və ya ictimai hərəkata çevriləcək və Müsavatın üzvlərinin bir hissəsini özü ilə aparacaq.

Tural Abbaslı bəyan edib ki, 2000-ci ildən Müsavat Partiyasının üzvüdür və 15 il partiya üzvü olduğu müddətdə tutduğu yolun müsbət nəticə verəcəyinə inanıb: "Görəndə ki, bunun nəticəsi olmadı, çox mədəni şəkildə, etikaya, nizamnamə qaydalarına uyğun şəkildə partiya daxilində müzakirələrə başladıq. Bizə deyirdilər ki, bu addımı atın, müsbət nəticə olacaq. O halda biz üzərimizə düşən vəzifələri yerinə yetirdiksə, bəs nəticə hanı? Nəticə tələb etdikdə, gördük ki, heç də hər şey göründüyü kimi deyil.

Çalışdıq ki, ilk növbədə partiya daxilində metodları dəyişək. Çünki həmişə eyni üsuldan istifadə etməklə, eyni sürətlə getməklə qarşıya qoyulan məqsədə çatmaq olmur. Biz bu metodları və sürəti dəyişməyi təklif etdik. O zaman müqavimətlə qarşılaşdıq. Görəndə ki, böyük əksəriyyət bu nəticəsizlikdən razıdır, bizim başqa alternativimiz qalmadı. Qərara gəldik ki, özümüz nə isə etməyə cəhd edək. Başqaları kimi biz vəd vermirik ki, bu, yaxud gələn il nə isə edəcəyik".

T.Abbaslı xatırladıb ki, bütün müxalifət partiyalarının məqsədi hakimiyyətə gəlməkdir: "Amma müəyyən etmək lazımdır ki, hakimiyyət sənin məqsədindir, yoxsa ideyalarını həyata keçirmək üçün vasitədir? Şəxsən mən hakimiyyətə arzularımın, ideyalarımın reallaşdırılmasının vasitəsi kimi baxıram".

Müsavat başqanlığına sabiq namizəd daha sonra deyib ki, "Ağ blok" hələlik ilkin mərhələdə parlament seçkilərini hədəfə almış bir qurumdur: "Ancaq biz əvvəlcədən də bəyan etmişik ki, seçkilərdə iştirakla kifayətlənmək istəmirik. Çünki seçkilər 2 ay kimi qısa müddətdə baş verəcək. 2 aydan sonra seçki adlı maraqlı bir proses qalmayacaq. Biz sadəcə olaraq, seçki mühitinin verəcəyi bu imkandan istifadə edib, yeni bir hərəkatın başlanmasının tərəfdarıyıq. Burada "Ağ" termini ləkənin antonimi kimi seçilib. Bu, blok da ola bilər, hərəkat da, partiya da. Ancaq sağ mərkəzçilikdən uzaqlaşmaqdan söhbət getmir. Ümumiyyətlə, ideoloji kursu da müəyyənləşdirməmişik. Seçkidə qələbə qazanıb-qazanmamaq normal demokratik ölkələrin seçki prosesində baş verir. Hansısa bir uğurlu siyasi şüar seçki kampaniyasının taleyini həll edir, yaxud hansısa qərar seçki prosesini iflas edir. Bizdə isə təbliğat-təşviqat kampaniyası cəmi 21 gün təşkil etdiyi üçün həmin müddətdə bilinəcək ki, qələbə qazana biləcəyik, ya yox. Onu da deyim ki, əgər "Ağ blok" seçkilərdə məğlub olsa belə, bu gənclərin ilk siyasi məğlubiyyəti olacaq. 1993-cü ildən bəri saysaq, görün neçə prezident, neçə parlament seçkiləri uduzulub. Bizim hələ limitimiz var. Ancaq demək istəmirik ki, gözləyin, biz də 4 prezident, 4 parlament seçkilərini uduzaq, sonra baxarıq".

"Ağ blok"un partiyaya çevriləcəyi məsələsinə gəldikdə Abbaslı deyib ki, istəyirlər ki, öz ideyalarımızı üzv olduqları partiyada həyata keçirsinlər: "15 il kiçik müddət deyil və biz şüurlu həyatımızın böyük hissəsini bu yola həsr etmişik. Amma doğma partiyalarımızda bu fəaliyyət imkanı tükənəcəksə, biz də məcburuq özümüzə uyğun bir mühit formalaşdıraq. Siyasi, hüquqi, maliyyə və digər baxımdan nə qədər çətinliklərlə üzləşəcəyimizin fərqindəyik. Ancaq çətin də olsa, öz partiyamızı quracağımıza inanırıq. Biz istəyirik ki, siyasi şərait dəyişsin, siyasi səhnəyə yeni oyunçular gəlsin. Bunun necə və hansı formada baş verəcəyini isə zaman göstərəcək. Qanunvericiliyə görə bir vətəndaş yalnız bir partiyada fəaliyyət göstərə bilər. Burada söhbət yalnız Müsavatdan getmir. İstər KXCP olsun, istər AXCP və digəri. Blok partiyaya çevrilsə, üzvlərimiz də, yəqin ki, öz keçmiş partiyadaşları ilə yollarını ayıracaqlar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...