“Ruhani İrəvana gedib qondarma soyqırımı abidəsini ziyarət edərsə...” - Elxan Şahinoğlu

“Ruhani İrəvana gedib qondarma soyqırımı abidəsini ziyarət edərsə...” -
İran prezidenti Həsən Ruhani gələn ayın 2-də Ermənistana səfər edəcək. Cənub qonşumuzun rəhbəri Avrasiya İqtisadi Birliyi sammitinə qatılmaq üçün erməni baş nazir Nikol Paşinyanın dəvəti ilə İrəvana gedəcək.

Ruhaninin gözlənilən səfəri Azərbaycanda da müzakirə mövzusuna çevrilib. İran prezidenti əvvəllərdə olduğu kimi, bu dəfə də İrəvanda qondarma soyqırımı abidəsini ziyarət edərsə, bunun Azərbaycan tərəfdə də ciddi etirazla qarşılanacağı vurğulanır. Eyni zamanda Ruhaninin düşmən ölkədən verəcəyi mesajlar da maraqlıdır.

Digər tərəfdən, inqilab yolu ilə hakimiyyətə gələn və nisbətən Qərbə meyillənən Paşinyanın İran prezidentini ölkəsinə dəvət etməsinin Amerikada qıcıq oyada biləcəyi vurğulanır. Çünki bu səfər ABŞ-ın İranı sanksiyalarla zəiflətmək bəlkə də sıradan çıxarmaq niyyətində olduğu bir dövrə təsadüf edir.

Politoloq Əhəd Məmmədli Ruhaninin bu səfərini ciddi sayır: “İran üçün Ermənistan çox mühüm tərəfdaşdır. SSRİ dağılandan, 15 müttəfiq respublika müstəqilliyini bərpa edəndən sonra İranın xarici siyasətinin prioritetlərindən biri də Ermənistanla isti münasibətlərin qurulması oldu. Ermənistana yönəlik İranın yuxarıda qeyd edilən siyasəti indi də davam edir. Azərbaycanın İran-Ermənistan dostluğuna narahatlığına cavab kimi Tehran Bakıya Azərbaycan-İsrail dostluğundan narahat olduğunu bildirir. Baxın, belə qapalı və dairə formada davam edir. Kuluarlarda İran nümayəndələri söyləyirlər ki, Ermənistanın Qərbin nəzarətinə keçməməyi üçün bu ölkədə maraqlarını qorumağa məcburdurlar. Düzdür, İran Azərbaycanın da tərəfdaşıdır. Təbii, könül istərdi ki, ümumi tariximiz, İran qeyd-şərtsiz Azərbaycanın yanında dursun. İndiki məqamda düşünmürəm ki, Ruhani qondarma soyqırımı abidəsini ziyarət etsin. Türkiyə ilə yaxşı münasibətləri olan İran indiki vəziyyətdə bu münasibətlərə xələl gətirməyə risk etməz. ABŞ-Ermənistan münasibətləri tarixdə olmadığı kimi bəlkə də gərgindir. Amerika Ermənistana tələb qoyub ki, Suriyadan hərbiçilərini çıxartsın. Erməni xarici işlər nazirinə amerikalılar bu mesajı çatdırıblar. Müdafiə naziri Tonoyan Suriyadan çıxmaqlarının əleyhinə çıxıb. Aydın məsələdir ki, bu cəsarəti Ermənistan Rusiyadan alır. Ruhaninin Ermənistana səfərini amerikalılar diqqətlə izləyir. Görünən odur ki, Ermənistanın İran və Rusiya ilə yaxınlaşması Amerika ilə onu uzaqlaşdırır. Paşinyanın iki stulda eyni vaxtda oturmaq xarici siyasəti iflasa uğradı.

Yeni erməni iqtidarı eyni vaxtda Amerika və Rusiya ilə yaxşı münasibətlər qura bilmədi. Fikrimcə, rəsmi Bakı bu səfərlə bağlı İrana heç bir mesaj ünvanlanmayacaq. Əvvəla, bu, rəsmi Bakının xarici siyasət üslubuna ziddir, sonrada mesaj verib nə edəcəyik ki? Durub İrana hədə-qorxu gələn deyilik ki. Biz əvvəlcədən İran prezidentinə durub ”bunu et, bunu etmə" söyləyə bilmərik. Nə biz o gücdə deyilik İrana bunu söyləməyə, nə də İran o dövlət deyil ki, onunla hədə-qorxu tonunda danışasan. Uzaqbaşı qeyri-rəsmi mesajlar verə bilərik. Hesab edirəm ki, düzü də budur. Azərbaycanın İrana ən böyük təzyiqi Cənubi Azərbaycan məsələsidir. Bu təzyiqdən də Bakı o gücdə deyil ki, Tehrana qarşı istifadə etsin. Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər İranla Cənubi Azərbaycan söhbəti etmək iqtidarında deyil. Həmçinin unutmayaq ki, İran Azərbaycana qarşı hər an şiə kartından istifadə edə bilər. Azərbaycanla İran arasında qeyri-rəsmi razılaşma var, biz Cənubi Azərbaycan, onlarda şiə məsələsinə toxunmurlar. Bu səfərə adi tədbir gözü ilə baxmaq olmaz. İrəvanda keçirilən Avrasiya İqtisadi Birliyi sammitini Bakı ciddi izləməli və lazımi nəticələr çıxarmalıdır".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Ermənistan çoxdandır ki, İranı da Avrasiya İqtisadi Birliyinə qatmaq istəyir. Belə təşəbbüslə çıxış edir. O biri dövlətlərin məsələyə münasibətini bilmirəm. İranın özünün də məsələyə münasibəti məlum deyil ki, Avrasiya İqtisadi Birliyinin üzvü, yaxud müşahidəçisi olmaq istəyirmi? İndi əgər bu məqsədlə Həsən Ruhani zirvə toplantısına qatılmaq üçün İrəvana gedəcəksə, bu o demək olacaq ki, o biri dövlətlər də İranın bu təşkilatda yer almasını bu və ya digər dərəcədə istəyirlər. Amma indiki gərgin vəziyyətdə Həsən Ruhaninin Ermənistana gedib hansı məsələləri müzakirə edəcəyi sual altındadır. Düzdür, İran çalışır ki, ətrafındakı blokada yarılsın, bir çox dövlətlərlə əməkdaşlığı genişləndirsin ki, Amerikanın təzyiqləri nəticəsiz qalsın. Əgər Həsən Ruhani İrəvana gedib qondarma soyqırımı abidəsini ziyarət edərsə, bu, Azərbaycan üçün xoş olmayan mesaj olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...