ABŞ “düşməni” İrana güzəşt edir, “dostu” Türkiyəni isə... – Şərh

ABŞ “düşməni” İrana güzəşt edir,

Təhlükəsizlik zonası qardaş Türkiyə üçün vacib bir məsələ idi. Bu məsələdə Prezident Ərdoğan heç cür geri çəkilə bilməzdi və çəkilmədi də.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Suriya məsələsində tarixi anlaşma əldə olunması haqqında danışarkən deyib. O bildirib ki, təhlükəsiz tampon bölgə məsələsində Ərdoğan istədiyini aldı:

“Alınan qərarları Suriyada çoxluq təşkil edən sünni kəsimi və Türkiyə üçün müsbət dəyərləndirirəm. Rəsmi Ankaranı problemin həllində məqsədlərinə çatmış kimi qiymətləndirmək olar. İkinci Dünya savaşında Britaniyanın Baş naziri Çörçill belə söyləmişdi: ”Amerikan bizonu və rus ayısının arasındayıq”. Eyni vəziyyəti Türkiyə haqqında da söyləmək olar. Türkiyənin iki nüvə derjavası - ABŞ və Rusiya arasında Suriyada bərabər tərəfdaş olması bir yana, rəsmi Ankara bu iki derjavanın müəyyən məsələlərdə geri çəkilməsinə, onunla razılaşmasına da nail oldu. Türkiyə iki böyük gücə Suriya reallığını qəbul etdirdi və bəzi məsələlərdə geri çəkilməyə məcbur etdi. Təbii ki, bunu Türkiyənin aktivinə yazmalıyıq. Türkiyə əvvəl ABŞ-a, sonra Rusiyaya “Sülh çeşməsi” hərbi əməliyyatının legitimliyini qəbul etdirdi”.

Politoloqun sözlərinə görə, “Sülh çeşməsi” onu göstərdi ki, ABŞ Türkiyədən başqa Suriyanı Rusiya, İran və Əsəd rejiminə verməyə hazırdır:

“YPG-PKK terror təşkilatının da Türkiyədən başqa hər kəsin qucağında oturmağa razı olduğunu gördük. ABŞ İraqı guya düşməni olan İrana verdi, amma Şimali Suriyanı müttəfiqi Türkiyəyə vermədi. Bu onu göstərdi ki, ABŞ Yaxın Şərqi Rusiya və İrana verər, lakin Türkiyəyə verməz. Yəni Qərb ABŞ başda olmaqla, müsəlman coğrafiyasında öz maraqlarına əsas təhdidi İranda deyil, Türkiyədə görür. İran aldadıcı manevrdir, onların əsas problemi Türkiyədir”.

Ə.Məmmədli bildirib ki, Ankara ilə imzalanan razılaşma Moskvanın da maraqlarına cavab verir:

“Bu da o deməkdir ki, YPG-yə başqa yol qalmır. Terrorçular Ankara ilə Moskva arasında razılığa gəlinən bölgədən ya könüllü çıxacaqlar, ya da güclə. Moskva çalışır ki, Ankara ilə Dəməşqi bir araya gətirsin. Gedişat onu göstərir ki, bu, gec-tez baş verəcək, lakin zaman lazımdır. Əsəd dünən yenə sayıqlayıb. Türkiyəni Suriya neftinin və ərazilərinin oğrusu adlandırıb. Bu cür sayıqlamalarla Əsəd Ankaranı daha da qəzəbləndirir”.

Politoloqun sözlərinə görə, Türkiyə sərhədi boyu təhlükəsizlik zonasını qurub, orada 4 milyona yaxın qaçqın-köçkünü yerləşdirə bilsə, onda strateji baxımdan müharibənin qalibi Türkiyə olacaq:

“Çünki ”Sülh çeşməsi" antiterror əməliyyatından sonra Türkiyə ilə sərhəd boyu qurulan təhlükəsizlik zonasında suriyalı qaçqın və köçkünlərin həyatı təmin edilsə, orada deyilən kimi şəhərlər, qəsəbələr salınsa, bu, dövlət içində alternativ dövlət deməkdir və həmin o alternativ dövlət də gec-tez Dəməşqi də nəzarətə götürəcək. Çünki Suriyada böyük əksəriyyət sünnilərdir və bu sünnilərin də arxası, dayağı Türkiyədir. Əsəd rejimi bu vətəndaş müharibəsindən çox zərər gördü və daha əvvəlki kimi ölkəsini idarə edə bilməyəcək. Bu da sonda Əsədin hakimiyyətdən getməsinə gətirib çıxaracaq. Rusiya, sadəcə, Əsəd rejiminin ömrünü uzatdı. O ki qaldı Vaşinqtondan gələn növbəti sanksiyalar hədə-qorxusuna, bu, artıq vəziyyəti dəyişmək gücündə deyil. Çünki Suriya kartı Moskva ilə Ankaranın nəzarətindədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...