"Onlar canı dildən öz xozeynlərini müdafiə edirlər" Siyavuş Novruzov

"Onlar canı dildən öz xozeynlərini müdafiə edirlər"

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) XVIII Zirvə Görüşü ilə bağlı müzakirələr səngimir. Tədbirin Azərbaycan üçün önəmi kifayət qədər yüksək dəyərləndirilir. Xüsusilə QH-yə üzv olan 120 dövlətin Ermənistanı işğalçı ölkə kimi tanıması ölkəmiz adına tarixi bir gəlişmə kimi qiymətləndirilir.

Hərəkata sədrliyin qarşıdakı 3 il müddətində Azərbaycana keçməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha bir fürsət kimi dəyərləndirilir.

Amma bununla belə, zirvə görüşünü tənqid edənlər də tapılıb. Sosial şəbəkələrdə əsasən müxalif düşərgəni təmsil edənlər arasında bunun Azərbaycan üçün əhəmiyyətinin olmadığını deyənlərə rast gəlirik. Daha çox da Venesuela prezidenti Nikolas Maduro ilə bağlı statuslar paylaşılır. O, diktator kimi qələmə verilir və belə bir şəxsin Bakıda nə işinin olduğu barədə paylaşımlar edilir. Halbuki Venesueladan sədrliyi Azərbaycana təhvil vermək üçün Maduro mütləq gəlməli idi.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov mövzu ilə bağlı danışarkən dedi ki, Qoşulmama Hərəkatı dünyada dövlətlərin sayına görə BMT-dən sonra ən böyük təşkilatdır: “Orada 120-dən artıq dövlət üzv kimi təmsil olunur. Bu hərəkat 60 ilə yaxındır fəaliyyət göstərir. Onun tədbirinin Azərbaycanda keçirilməsi çox mühüm bir tarixi hadisədir. Ölkəmizin iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, Azərbaycan prezidentinin dünyada olan nüfuzuna görə hərəkatın toplantısı Bakıda keçirildi. 60-dan artıq dövlət başçısı bu tədbirdə iştirak etdi. Onların hər biri öz fikirlərini dünyanın gələcək inkişafı ilə bağlı ortalığa qoydu. Nəzərə alaq ki, dünyanın iqtisadi resurslarının yarıdan çoxu bu ölkələrin payına düşür. O cümlədən enerji və neftin 75%-ni, qazın 55%-ni, dünya əhalisinin yarıdan çoxunu bu təşkilata üzv dövlətlər təşkil edir. Azərbaycan oradakı fəaliyyətinə görə həm təşkilata sədr seçildi, həm də tədbir ölkəmizdə keçirildi. Bu təşkilata sədrlik sıralamaya görə deyil, cənab prezidentin nüfuzuna görə Azərbaycana keçdi. Və bir də ölkəmizin dünyaya verdiyi töhfələrin nəticəsi olaraq, təşkilata sədrliyi cənab prezident İlham Əliyev edəcək. Digər tərəfdən, 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Canında, qanında azərbaycanlı olan hər kəs buna sevinməlidir. Burada kimin iştirak etdiyini axtarmaq lazım deyil. Qoşulmama Hərəkatı Ermənistanı işğalçı dövlət kimi qiymətləndirdi. O cümlədən, mədəniyyətlər, sivilzasiyalararası münasibətlərə öz dəstəyini bildirdi, ən humanist qərarları qəbul etdi. Orada ikili standartlara, bir ölkənin digər ölkənin daxili işlərinə qarışmamasına fikirlərini, rəylərini bildirdi, bəyanat qəbul etdi. Bu da təbii ki, Ermənistanı, onun havadarlarını, o cümlədən Ermənistanın havadarlıq etdiyi Azərbaycanın bir qrup müxalifətini, onlara işləyən insanları, internet televiziyasında veriliş aparanları çox narahat edir. Azərbaycanda belə bir böyük tədbirin keçirilməsini həzm edə bilmirlər. Qoşulmama Hərəkatının üzvləri, orada təmsil olunan beynəlxalq qurumlar Azərbaycanın gözəlliyinin şahidi oldular. Bu isə həmin qüvvələri narahat edir. Onlar istəyirlər ki, Azərbaycan dağılmış, xaraba qalmış, heç bir əlaqəsi olmayan, geridə qalan bir ölkə kimi görünsün. Fikir verin, bu tədbir haqqında bir fikir belə formalaşdırmırlar. Halbuki bütün tədbirlərində Azərbaycanın ərazi bütövlüyünü həmin təşkilat dəstəkləyir. Təzada diqqət yetirin. Bir tərəfdən ”28 May" metro stansiyasının qarşısına insanları toplamağa cəhd edirlər, guya Qarabağı tələb edəcəklər. Amma digər tərəfdən Qarabağın Azərbaycana məxsus olduğunu, ərazilərimizin işğal edildiyini, BMT qətnamələrinin yerinə yetirilmədiyini bəyan edən 120 dövlətə qarşı özlərinin etirazlarını bildirirlər. Budur bunlar saxtakarlığı, riyakarlığı, ikiüzlülüyü. Bütün bunlar onu göstərir ki, Qarabağ bunlar üçün nə deməkdir. Necə ki, 90-cı illərdə Qarabağ kartı ilə oynayıb hakimiyyətə gəldilər. İndi də eyni proqramdan istifadə etmək istəyirlər. Bunların əməlləri budur. Qarabağı hər hansı bir evdar qadın, insan, gənc yox, 120 dövlət tələb edir, Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyirlər".

Deputat Maduroya yönəlik tənqidlərə daha sərt reaksiya verdi: “Kim Maduronu diktator elan edib? Hansısa bir dövlətin tapşırığını yerinə yetirmirsə, hansısa dövlət onun ərazisində təbii sərvətlərini istismar etmək istəyirsə, o, buna imkan vermirsə, xalqının maraqlarını təmsil edirsə, niyə ona diktator deməliyik? Bu statusu kim müəyyənləşdirib? Əli Kərimli, Cəmil Həsənlimi? Onların minlərlə adı var. Çox qeyri-ciddi münasibət sərgiləyirlər. Maduronu diktator adlandıran dövlətlər bu gün elə dövlətlərlə dost, qardaşdırlar ki, o ərazilərdə monarxiya sistemi hökm sürür. Buna nə cavab verəcəklər? Qoşulmama Hərəkatına üzv dövlətlərin hər birinin BMT-də bir səsi var, dövlətin böyük və kiçik olmasından asılı olmayaraq. Digər tərəfdən, o ölkələrin tarixinə, inkişafına nəzər salsaq, görürük ki, bu ölkələr inkişaf etməkdə olan dövlətlərdir. Bu gün dünyada aparıcı ölkələrə çevrilmək üzrədirlər. Onlara alternativ olan dövlətlər görürlər ki, onların həm təbii, həm insan resursları, həm inkişaf strategiyası, həm də öz xalqlarının maraqlarını təmsil etməsi bunları üstələyir. Azərbaycan artıq 3 il sədrliyi almaqla bir çox hədəflərinə çatdı. Ölkəmizin tanınması, 120 ölkənin Azərbaycan haqqında məlumat alması nöqteyi-nəzərindən çox mühüm nəticələr əldə etdik. Azərbaycanın gələcəkdə hər hansı bir məsələsi BMT-də müzakirəyə çıxarılanda orada artıq 120 səsimiz var. BMT-də haradasa 200-ə yaxın dövlət təmsil olunur. 120 dövləti və yerdə qalanlarla münasibətlərimizi nəzərə alsaq, bu bütövlükdə BMT deməkdir. Azərbaycan artıq özü üçün bu məsələni həll etdi. İkinci bir tərəfdən hər bir dövlətlə münasibət qurmaq bacarıq tələb edir. Bunlar öz dostları, partiya silahdaşları ilə münasibət qura bilmirlər. Əgər kimsə birini ”like" etmirsə, partiyadan xaric edirlər. Bu cür adamların düşüncə tərzi naftalinli düşüncə tərzidir. Onların yanaşma tərzləri bundan ibarətdir. Biz Azərbaycan olaraq, çox şeyi sübut etdik. Onların tanıdığı bir qapı var, o da Avropaya tərəfdir. Çünki bunlara şirə oradan gəlir. Bu baxımdan onlar başqa qapı tanımırlar. Harada çörək yeyirlər, ancaq o qapını tanıyırlar. Qoşulmama Hərəkatı tipli təşkilatlar təbii ki, onlara alternativlik yaradır. Ona görə də bunlar canı dildən öz xozeynlərini müdafiə edirlər".

Əhəd Məmmədli ile ilgili görsel sonucu

AĞ Partiya başqanının I müavini, politoloq Əhəd Məmmədli isə bildirdi ki, Qoşulmama Hərəkatının Bakıda keçirilməsini Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirir: “Bu tədbirdə 120 dövlətin Ermənistanı işğalçı dövlət kimi tanıması, sədrliyin 3 il müddətinə Azərbaycana verilməsi təqdirəlayiq haldır. Ümumiyyətlə, belə bir genişmiqyaslı tədbirin Bakıda keçirilməsi onlarla ölkənin başçılarının, rəsmi nümayəndələrinin paytaxtımıza təşrif buyurması Azərbaycan üçün müsbət nəticədir. Bakı toplantısı bir daha dünyaya Azərbaycanı və Qarabağ məsələsində haqlı mövqeyimizi tanıtdı. Yüksək səviyyədə bu qədər qonağın qəbul edilməsi Azərbaycanın təşkilatçılıq bacarığını ortaya qoydu. Qarşıdakı 3 ildə toplantılar Azərbaycanın sədrliyi altında keçəcək. Bu 3 ildə Azərbaycan üçün fürsətdir ki, Qoşulmama Hərəkatının tribunasından istifadə edib dünyada mövqelərini gücləndirsin, beynəlxalq miqyasda əlaqələrini daha da genişləndirsin. Tənqidlərə gəlincə, onu deyim ki, funksioneri olduğum müxalif AĞ Partiya bütün milli məsələlərdə dövlətimizin yanındayıq. Qoşulmama Hərəkatını ələ salan, əhəmiyyətsiz hesab edən, müxaliflik edənlər qərəzli görünürlər. Məsələn, deyirlər ki, bu tədbirdə əhəmiyyətsiz ölkələr iştirak edirdi. İslam dünyasında yeganə nüvə derjavası Pakistan, əsrlərdir imperiya, dövlətçilik ənənələri olan İran prezidentlərinin iştirak etdiyi tədbiri əhəmiyyətsiz, qeyri-ciddi hesab etməyin özü bir qeyri-ciddilikdir. Və yaxud ”Maduro niyə iştirak edir" deyənlərin menyusuna: Maduronun Qoşulmama Hərəkatının son sədri kimi tədbirdə iştirak etməsi vacib idi. Ən azı ona görə ki, sədrlik estafetini ev sahibi İlham Əliyevə ötürsün. Deyirlər sivil dünya Maduronu qəbul etmir. Əvvəla, Maduronun legitimliyini ən azından xalqının yarısı, bir də Türkiyə, Rusiya, Çin kimi dövlətlər qəbul edir. Ortaya onda sual çıxır ki, deməli, Maduroya dəstək verən qardaş Türkiyə belələri üçün sivil ölkə deyil? Bir də sivil dünya dedikləri, hərbi çevriliş yolu ilə hakimiyyəti qəsb edən, ölkənin prezidenti və onun oğlunu həbsxanada öldürən diktator Sissini qəbul edəndə yaxşıdır, rəsmi Bakı xalqı tərəfindən seçilən legitim prezident Maduronu qəbul edəndə pis olur?! Yuxarıda qeyd etdiyim kimi, Qoşulmama Hərəkatının Bakıda keçirilməsini, Maduro və bu toplantıda iştirak edən digər dövlətləri tənqid edənlər yanaşmalarında təəssüf ki, qərəzlidilər, beynəlxalq siyasətdə savadsızlıqlarını nümayiş etdirirlər. Tənqid naminə tənqid etmək cığallıqdır. Ələlxüsus da milli, dövlət mənafeyi məsələlərində tənqid əsaslı olmalıdır, ziyanlı olmamalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...