Dilqəm Əsgərovun oğlu mitinqə gedə bilmədi

Dilqəm Əsgərovun oğlu mitinqə gedə bilmədi

Atam Dilqəm Əsgərov və Şahbaz Quliyevlə yanaşı erməni girovluğundakı əsirlərimizin azadlığının təmin edilməsi üçün Almaniyada keçiriləcək mitinqdən vaxtında xəbərim olsaydı, orada iştirak etmək üçün əlimdən gələni edərdim.

Bu sözləri Axar.az-a altı ilə yaxındır erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov fevralın 22-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Qarabağ mitinqi ilə bağlı danışarkən deyib.

K.Əsgərov bildirib ki, Almaniyada belə bir mitinqin keçiriləcəyindən indi xəbər tutub:

“Mitinq 22 fevral tarixində baş tutacaq və bu gün artıq 18-dir. Mənim bu vaxtdan sonra viza almağım mümkünsüzdür. Bu mitinqdə təkcə atam Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə yox, həm də “Xocalıya ədalət” tələbi ilə iştirak etmək istəyərdim. Ancaq bu 4 gün ərzində viza almaq, getmək üçün lazım olan prosedurları keçməyim mümkün deyil. Təəssüf edirəm ki, belə bir mitinqin təşkil ediləcəyindən çox gec xəbər tutdum”.

Xatırladaq ki, fevralın 22-də Almaniyanın paytaxtı Berlində Qarabağ mitinqi keçiriləcək. Mitinq “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutacaq. Mitinqdə Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla, bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnamələrə Ermənistan tərəfinin riayət etməsi tələbləri də səsləndiriləcək.

Mitinq Berlinin mərkəzində, tarixi Brandenburq qapılarının qarşısında baş tutacaq. Aksiya saat 13:00-dan 15:00-a qədər davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...