Fəzail İbrahimlini vəzifəyə o təklif etdi – VHP sədri

Fəzail İbrahimlini vəzifəyə o təklif etdi –
Parlament rəhbərliyindəki dəyişikliklər məni ürəkdən sevindirdi. Bilirəm ki, bu heyət çox böyük işlərə imza atacaq, parlamentin ümumi statusunun və nüfuzunun artmasına xidmət edəcək.

Bu sözləri Axar.az-a VI çağırış Milli Məclisin deputatı, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı parlamentdəki dəyişiklikləri qiymətləndirərkən deyib.

Millət vəkili bildirib ki, Milli Məclisdə çox uğurlu seçimlər olub:

“Ümumiyyətlə, Milli Məclisin rəhbərliyi və komissiya sədrlərinin seçimindəki dəyişiklik islahatların bir istiqaməti oldu. Bu yeniliklər müsbət bir addım kimi qiymətləndirilməlidir.

Sahibə Qafarovanın Milli Məclisin sədri seçilməsi özlüyündə ən uğurlu addımdır. Həmçinin sədr müavinləri də öz şəxsi keyfiyyətləri, peşəkarlıqları və bacarıqları ilə daim diqqət mərkəzində olan insanlardır. Əli Hüseynli və Adil Əliyevin peşəkarlığı göz önündədir. Parlamentə, millətə məhz bu insanlar lazımdır”.

S.Rüstəmxanlı bildirib ki, Milli Məclisdə müxalif partiya üzvü olan bir deputatın sədr müavini seçilməsi olduqca təqdirəlayiq addımdır:

“Partiyamızın təmsilçisi, millət vəkili Fəzail İbrahimlini (VHP sədrinin müavinidir – red.) parlamentin sədr müavini postuna partiyadan olan digər deputatımız Rafael Hüseynov təklif etmişdi. Parlament çoxluğunun və ümumiyyətlə, deputatların Fəzail İbrahimliyə yüksək etimad göstərilməsi məni ürəkdən sevindirdi və çox razı saldı.

Cənab Prezidentin çıxışında da aydın göründü ki, o da parlamentdə çoxpartiyalılığın olmasının, parlament rəhbərliyində yenilənmələrin tərəfdarıdır. Prezident bildirdi ki, parlamentdə dəyişiklik olmalı və deputatlar vətəndaşları qəbul etməkdə, onlarla görüşməkdə maraqlı olmalıdır. Bütün bunlar ölkədə ümumi aparılan işin məntiqi nəticəsidir”.

Millət vəkili bildirib ki, onun parlamentdə komitə sədri və ya sədr müavini olmaq kimi bir arzusu yoxdur:

“Partiyamız parlamentdə də, parlament rəhbərliyində də təmsil olunur və VHP sədri kimi mənim əsas marağım da budur. Hər birini şəxsən təbrik edib, əllərini sıxıb uğur arzulamışam. Şəxsən özümün isə Məclisdə hansısa komitə sədri və ya sədr müavini olmaq kimi bir arzum və istəyim yoxdur. Mənim bütün günü Milli Məclisdə məmur kimi oturmaq imkanım da yoxdur. Mən seçildiyim region üzrə vətəndaşları qəbul etməkdə, onlarla görüşlər keçirməkdə daha çox maraqlıyam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...