Bahar Muradovadan MM-in yeni rəhbərliyi barədə AÇIQLAMA

Bahar Muradovadan MM-in yeni rəhbərliyi barədə

“Azərbaycanın müstəqilliyinin bərpası illərində həm ölkəmizi inkişaf etdirmişik, həm də dəyişikliklər, islahatlar siyasəti həyata keçirmişik. Ayrı-ayrı vaxtlarda isə islahatların sürəti gözlədiyimizdən yüksək, nəticələri daha effektiv olub”.

Bu sözləri Modern.az-a altıncı çağırış Milli Məclisin (MM) fəaliyyətə başlaması barədə danışarkən keçmiş vitse-spiker Bahar Muradova deyib. O qeyd edib ki, bu gün islahatların ən yüksək mərhələlərinin birini yaşamaqdayıq:

“Düşünürəm ki, islahatlar prosesinə töhfə verəcək parlament formalaşıb və bütün prosedurlardan sonra hərtərəfli funksiyalarını həyata keçirməyə tam hazırdır.

Diqqət çəkən məqamlar çoxdur. Həm parlament seçkilərinə hazırlıq, seçkilərin keçirilmə prosesi, həm də nəticələrinin dəyərləndirilməsi və Milli Məclisin bundan sonrakı fəaliyyəti üçün ilk iclasında həyata keçirilən dəyişikliklər müsbət məqamlardır.

Həmin məqamlar bundan əvvəlki siyasətin davamıdır və bundan sonrakı mərhələdə daha gözəl nəticələrə, məqsədəuyğun fəaliyyətin qurulmasına istiqamətlənəcək. Ona görə, inanıram ki, gələcəkdə də bu mənada islahatçı addımlar davam edəcək, müsbət nəticələr gətirəcək”.

Bahar Muradova müxalifət nümayəndəsi olan deputat Fəzail İbrahimlinin parlament idarəçiliyində iştirakına da münasibət bildirib. O xatırladıb ki, Azərbaycan parlamenti həmişə çoxpartiyalılıq prinsipi ilə formalaşıb:

“İndiyə qədər müxtəlif siyasi partiyaların nümayəndələri parlamentin işində iştirak ediblər, töhfə veriblər, öz mövqelərini ifadə ediblər. Parlament rəhbərliyində, xüsusilə komitələrin idarəçiliyində də parlament partiyalarının nümayəndələrinin iştirakı arzu olunan idi.

Bu gün həmin hədəf reallaşıb. VI çağırış parlamentin rəhbərliyində tək Yeni Azərbaycan Partiyası, bitərəf deputatlar deyil, müxalifət partiyasının nümayəndəsi də təmsil olunur. Onlar yalnız hansısa qanuna münasibətlərin ifadəsində deyil, həm də qanunların hazırlanmasında iştirak edə biləcəklər. Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən parlament fəaliyyətində siyasi partiyaların da iştirakının təmin edilməsi öz töhfəsini verəcək.

Bu, artıq Azərbaycan seçicilərinin mövqeyi ilə müəyyən olunmuş siyasi konfiqurasiyadır. Parlamentdə yaranan yeni müstəvidə əməkdaşlığa, dialoqa böyük ehtiyac var. Düşünürəm ki, həm parlament çoxluğu, həm müstəqil parlament üzvləri, həm də müxtəlif partiyaların təmsilçiləri bu müstəvidən, onun yaratdığı imkanlardan istifadə edəcəklər”.

Parlamentin fəaliyyətinin günün tələbləri səviyyəsinə qaldırılmasına gəlincə, sabiq vitse-spiker bildirib ki, Milli Məclisin funksiyalarının sonadək ardıcıl yerinə yetirilməsinə, ölkədaxili və xarici proseslərdə parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin bərabərhüquqlu iştirakının təmin edilməsinə töhfə verəcək fəaliyyəti hələ qabaqdadır:

“Mən inanıram ki, ölkə başçısının tövsiyələrini də nəzərə alaraq, yeni seçilmiş parlament rəhbərliyi fəaliyyətin səmərəli və faydalı olması üçün səmimi şəkildə bu işə qoşulacaq.

Nöqsan axtarmağa çalışmaq, “daha çox nəyi tənqid etmək olar” deyə düşünmək yox, mövqeləri uzlaşdırmaq, məsələlər ətrafında razılaşmanı necə əldə etmək, Azərbaycanın daxili sabitliyini və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə yaxşı xidmət istiqamətində müzakirələr aparacaqlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...