“Ölü” partiyaları “diriltmək” hakimiyyətin nəyinə lazımdır?

“Ölü” partiyaları “diriltmək” hakimiyyətin nəyinə lazımdır?

Azərbaycanın siyasi həyatında yeni dönəm başlayıb. Martın 10-da Milli Məclis rəhbərliyinin yenidən formalaşması əhalinin siyasi proseslərə olan marağını bir qədər artırıb. Buna səbəb hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, digər siyasi qüvvələrin də parlament rəhbərliyində təmsil olunmasıdır.

Yenisabah.az bildirir ki, Milli Məclisin yeni rəhbərliyi sürpriz fiqurlardan formalaşıb. Adı heç vaxt rüşvət və korrupsiyada hallanmayan, hər hansı “biznes imperiyası”na sahib olmayan, siyasi mədəniyyəti və əlçatanlığı ilə seçilən şəxslərin parlament rəhbərliyinə gətirilməsi qarşıdakı dövrlə bağlı maraqlı mülahizələrin ortaya çıxmasına səbəb olub.

Vitse-spikerlərdən birinin müxalifyönümlü VHP üzvləri arasından seçilməsi, digər vitse-spikerin bitərəflərin təmsilçisi olması, komitə sədrlərinin və müavinlərin arasında bitərəf və müxalifyönümla deputatların da bulunması siyasi proseslərə rəng qatıb. Yaxın vaxtlara kimi arzuolunmaz qüvvə sayılan əks düşərgə təmsilçilərinə edilən bu jestlər nə ilə bağlıdır?

Qeyd edək ki, siyasi partiyalara münasibətin yaxşı mənada dəyişməsi bununla yekunlaşmır. Artıq bir neçə gündür ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev partiya rəhbərləri ilə görüşlərə başlayıb. Demək olar ki, aparıcı siyasi partiya təmsilçilərinin əksəriyyəti Prezident Administrasiyasında olublar. Hakimiyyət təmsilçisinin radikal mövqeyi ilə seçilən AXCP, Müsavat kimi partiyaların liderlərinə dəvət göndərməsi, hətta dövlət qeydiyyatından keçməyən Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylini də Prezident Administrasiyasına dəvət etməsi maraqla qarşılanıb.

Əksər müşahidəçilər bunu ölkədə yeni siyasi şəraitin yaranması kimi qiymətləndirirlər. Parlament rəhbərliyində baş tutan dəyişikliklər, PA rəsmisinin bir-birinin ardınca siyasi partiya təmsilçiləri ilə görüşməsi ölkədəki siyasi ab-havanın müsbət mənada dəyişəcəyinə inamı bir qədər də artırıb.

Diqqətçəkən başqa bir məqam isə Ədalət Vəliyevin uzun illərdən bəri siyasi proseslərdən uzaqlaşmış partiyaları, onların sədrlərini “diriltmək” cəhdidir. Adı siyasi kluarlarda çəkilməyən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədovla, “Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümovla görüşlərin keçirilməsi, xəstə yatağında olan ASDP sədrinin “Ağ Ev”ə çağrılması ciddi siyasi islahatların anonsu sayıla bilər.

Son vaxtlar baş verən hadisələrin təhlili bu qənaətə gəlməyə əsas verir ki, iqtidar siyasi partiyaların cəmiyyətin həyatındakı rolunu artırmaqda maraqlıdır. Bunda iki əsas səbəb var.

Birinci səbəb siyasi mühiti aktivləşdirməklə ictimai nəzarəti gücləndirməkdir. Hakimiyyətdə çox gözəl başa düşürlər ki, təkcə inzibati üsullarla, yəni hüquq-mühafizə orqanlarının gücü ilə ölkədə rüşvət və korrupsiya kimi neqativ halların qarşısını almaq mümkün deyil.

Digər səbəb isə özünü əks düşərgənin “ağa”sı hesab edən, müxalifətdə əsas söz sahibi sayılan radikal siyasi partiyaların meydanını daraltmaqdır. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov və “Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümovla görüşlərin keçirilməsi bu siyasətin tərkib hissəsi sayıla bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...