Partiyalar da karantindən çıxdı: Əli Kərimli evdən çıxmadı - ona görə çıxmır ki...

Partiyalar da karantindən çıxdı: Əli Kərimli evdən çıxmadı -

Koronavirus epidemiyasının qarşısını almaq üçün 24 martdan etibarən ölkədə xüsusi gücləndirilmiş karantin rejimi tətbiq edildi.

Sonradan karantin rejimin müəyyən qədər yumşaldılması ilə bağlı qərar verildi. Hazırda karantin rejimi müəyyən məhdudiyyətlər saxlanılmaqla demək olar ki, ləğv olunub. Yalnız sosial izolyasiya qaydalarına əməl etməklə, qoruyucu maska, əlcək və dezinfeksiyaedici məhlullardan istifadə olunaraq icazə almadan (Bakıdan rayona, rayonlardan isə paytaxta hərəkət istisna olmaqla) hərəkət etmək mümkündür.

Karantin qaydaları bir çox sahələrdə olduğu kimi siyasi partiyaların işində də axsamalara səbəb oldu. Partiya sədrləri də sadə vətəndaşlar kimi bütün qaydalara əməl etməli idi, evdən yalnız nəzərdə tutulmuş qaydalar çərçivəsində çıxmalarına icazə verilirdi. Qeyd edək ki, bir sıra partiya sədrləri karantin müddətində onlara sərbəst hərəkət imkanı verilməməsindən şikayətçi olduqlarını bəyan etdilər. Hətta evdə “dustaq” edildiklərini də bəyan edən siyasilər yox deyildi.

Maraqlıdır, indi vəziyyət necədir? Partiya sədrləri sərbəst hərəkət edə bilirlərmi?

Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, qurumun fəaliyyəti karantin rejimində də dəyişməyib:

“Bildiyiniz kimi mən partiya sədri olaraq siyasi bir qurumun fəaliyyətinə və uğuruna cavabdehəm. Yəni, mən istəsəm də, karantin müddətində evdə tam otura bilməzdim. Yəni partiya sədri kimi vəzifəmi icra etməli idim. Odur ki, elə karantin müddətində də ətrafımın və özümün sağlamlığını təhlükəyə atmadan, fəaliyyətdə idim, evdən çıxırdım. Təbii ki, karantin qaydalarını pozmurdum. Karantin şərtləri yumşaldılandan sonra belə mənim üçün həyat və fəaliyyətimin tempi o qədər də dəyişməyib. Ancaq indi təbii ki, evdən çıxmaq, hansısa işləri həll etmək daha rahatdır. Hələlik elə bir xüsusi problem yaşamamışam”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da fəaliyyətini bərpa etdiyini deyib:

“İşə gedib-gəlirik. Amma hələ də məsafə saxlamaq kimi müəyyən məhdudiyyətlər qalmaqdadır. Bunları da nəzərə alaraq demək olar ki, partiyanın fəaliyyətini bərpa etmişik”.

Karantin müddətində daha çox şikayətlənən “Yurd” sədri Əli Kərimli oldu. O, dəfələrlə evdə “dustaq” edildiyini bəyan etdi, hətta blokada şəraitində yaşadığını bildirdi. Hazırda karantin qaydaları yumşaldılıb və vətəndaşların evdən çıxmasına heç bir maneə yoxdur. Amma Əli Kərimli hələ də evdən çıxmayıb.

Maraqlıdır, Əli Kərimli bəs indi niyə çölə çıxmır?

SMS-lə icazə qaydası götürülüb, “Yurd” sədri rahatlıqla evdən çıxa bilər. Sadəcə, ona görə çıxmır ki, bir sıra internet televiziyalarının 1 aydır car çəkdikləri “Əli Kərimli blokadaya alınıb” mifi dağılacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...