Deputat: “Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı indiki kimi görmək istəyirdilər”

Deputat: “Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı indiki kimi görmək istəyirdilər”

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması bizim tariximizin ən şanlı səhifəsidir. Bu gün hər bir azərbaycanlı haqlı olaraq bu tarixlə fəxr edir. Zaman keçdikcə Azərbaycanın müstəqil olmasının dəyəri daha da artacaq”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O qeyd edib ki, AXC çətin və mürəkkəb tarixi şəraitdə yaradılmışdı və 23 ay ömür sürməsinə baxmayaraq, çox böyük işlər görə bildi:

“Ən əsası isə Azərbaycan xalqının müstəqillik arzusu həyat keçirildi, ölkəmiz müstəqil dövlətlər ailəsinə üzv ola bildi. Azərbaycan 1920-ci ildə müstəqilliyini itirsə də, xalqımız heç zaman bu ideyanı beynindən silmədi, ürəyindən çıxarmadı. Bunun nəticəsində 1991-ci ildə müstəqilliyimizi bərpa edə bildik”.

Ü.Quliyev bildirib ki, ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan Cümhuriyyətin varisidir. Onun sözlərinə görə, ölkəmizdə AXC qurucularının xatirəsi hər zaman əziz tutulur:

“Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini davam etdirərək daha da genişləndirdi, möhkəmləndirdi. Ümummilli lider bir sıra dövlət qurumlarının peşə bayramlarının, o cümlədən Polis gününün, Prokurorluq işçilərinin peşə bayramının, Silahlı Qüvvələr gününün təsis edilməsi barədə fərmanlar imzalayan zaman məhz həmin qurumların 1918-ci ildə yaradıldığı günləri əsas götürüb. Ulu öndər həmin fərmanları imzalayana qədər istər Polis günü, istər Prokurorluq işçilərinin peşə bayramı, istərsə də Silahlı Qüvvələr günü fərqli tarixlərdə qeyd edilirdi və yaranma günləri heç də 1918-ci ildən hesablanmırdı. Ümummilli lider Heydər Əliyevin fərmanları sayəsində həmin qurumların yaranma tarixləri Azərbaycan Xalq Cümhuriyyətinin dövründən hesablandı. Bunun nəticəsində biz 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə yanaşı, milli ordumuzun, polisimizin, prokurorluğumuzun da 100 illiyini qeyd etdik. Bütün bunlar ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənəsinə, ideya və siyasi xəttinə, ilk müstəqil dövlətimizi yaradan tarixi şəxsiyyətlərə, onların fəaliyyətinə, xalq qarşısında xidmətlərinə və bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin mirasına yüksək qiymət və böyük önəm verdiyini təsdiqləyir. Hesab edirəm ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan Xalq Cümhuriyyəti və onu yaradanlar layiq olduqları ən yüksək qiyməti aldılar”.

Ü.Quliyev bildirib ki, Prezident İlham Əliyev ulu öndərin bu siyasətini davam etdirib: “Cənab Prezidentin imzaladığı sərəncamlar, fərmanlar və verdiyi tapşırıqlar nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırılması, onu yaradanların həyat və fəaliyyətlərinin gənc nəsilə çatdırılması istiqamətində böyük addımlar atılıb. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamına uyğun olaraq, ilk müstəqil dövlətimizin yaradılması geniş formada qeyd olunub. Bundan başqa, cənab Prezident 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında sərəncam imzaladı. Bu sərəncamlara uyğun olaraq, bir il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması geniş formada qeyd olundu”.

Deputat hesab edir ki, 102 il əvvəl müstəqillik qazanan Azərbaycan hazırda özünün ən güclü dövrünü yaşayır: “Bu gün Xalq Cümhuriyyəti qurucularının bütün ideya və arzuları həyata keçirilib. Azərbaycan uğurlu inkişaf ilə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dünyada Azərbaycanın sözünü eşdirilər, ölkəmizə və onun liderinə böyük hörmətlə yanaşırlar. İndiki Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzu etdikləri, görmək istədikləri ölkədir. 1918-ci ildə İstiqlaliyyət bəyannaməsinə imza atan şəxsiyyətlər Azərbaycanı indiki kimi müstəqil, azad, demokratik, firavan, inkişaf etmiş görmək istəyirdilər. Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin həyata keçirdikləri uğurlu siyasət nəticəsində bunların hamısına nail olmuşuq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...