“AXC olmasaydı, Azərbaycan SSRİ respublikalarından biri olmayacaqdı” - Vilayət Quliyev

“AXC olmasaydı, Azərbaycan SSRİ respublikalarından biri olmayacaqdı” -

Son günlər Azərbaycan Xalq Cümhuriyyətinin vətənə, millətə xəyanət etməkdə günahlandırmaq dəbə minib. Hər kəs bir ağızdan səsinin tonu ümumi xora düşdü-düşmədi dövlətimizin qurucu liderlərinin ünvanına nə gəldi danışırlar. Keçmiş Xarici işlər naziri, indiki Macarıstandakı fövqəladə və səlahiyyətli səfirimiz, professor Vilayət Quliyevin “Daily News Hungary” nəşrinə eksklüziv müsahibəsi AXC-nin 102 il əvvəl əkdiyi “ağac”ın meyvəsini yeyən zümrələrə verilmiş cavab kimidir.

Müsahibənin tərcüməsini Gundeminfo.az oxucularına təqdim edirik:

- Mayın 28-i Azərbaycanda Respublika Günüdür. Həmin gün Azərbaycan xalqı birinci respublikanın yaranmasının ildönümünü qeyd edir. Oxucularımıza 1918-ci il hadisələri haqda məlumat verə bilərsinizmi?

- Siyasi müstəqillik tarix boyu hər bir xalq üçün ən böyük qazanc olub və bu gün də belədir. Siyasi müstəqillik hər bir xalq üçün ən müqəddəs var-dövlətdir. Azərbaycan xalqı birinci respublikanın qurucularının siyasi iradəsi və azadlıq uğrunda mübarizəsi sayəsində müstəqillik qazanmış xalqların cərgəsinə hələ 102 il əvvəl qoşulub. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Yaxın Şərq və Mərkəzi Asiyada yaradılmış ilk parlamentli demokratik respublika idi. Eyni zamanda, o, həm də İslam dünyasının ilk demokratik respublikası olub. Amma dağılmış Rusiya imperiyasının qalıqları üzərində qurulmuş bu ölkə cəmi 23 ay yaşaya bilib. 1920-ci ildə o, Leninin rəhbərlik etdiyi Sovet Rusiyası tərəfindən işğal olunub.

Azərbaycan 1991-ci ildə, yəni 71 il sonra bərpa etdiyi müstəqillik yolunda azadlıq hissilə alışıb-yanan çox insanını qurban verib, bu yolda çox adam şəhid olub.

- Əslində, 23 ay bəşər tarixi üçün çox qısa vaxtdır. Bəs AXC həmin iki ildə hansı nailiyyətləri əldə etmişdi?

- AXC-nin müstəqilliyi Paris Sülh Konfransında de-fakto tanınmışdı. Dövlətin milli rəmzləri olan bayraq və gerb də qəbul edilmiş, bayraq bütün ölkə boyu qaldırılmış, hər yanda dalğalanmağa başlamışdı. Bundan başqa, 23 ay ərzində 30 minlik güclü ordu yaradılmışdı. Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsindən təxminən 5 ay sonra isə ölkədə ilk milli universitet – Bakı Dövlət Universiteti təsis edilmişdi. Yeri gəlmişkən, ilk Azərbaycan hökuməti Gəncədə formalaşdırılmışdı. O, Bakıya yalnız şəhərin Böyük Britaniyanın hərbi birləşmələrindən və terrorçu daşnak qruplarından təmizlənməsindən sonra köçmüşdü.

Bakı Dövlət Universitetinin yaradılmasının nə qədər əhəmiyyətli hadisə olduğunu anlamaq üçün bir məqamı qeyd etmək yerinə düşər. Çar Rusiyası Azərbaycanı 1828-ci ildə işğal etmiş və 90 il ərzində ölkəmizdə təhsilin inkişafı üçün heç bir iş görməmişdi. Rusiya imperiyası yalnız təbii resurslarımızı istismar etməklə məşğul idi. 90 illik müstəmləkə idarəçiliyi dövründə heç olmasa oğurladıqları neftin qarşılığında bir universitet belə, yaratmamışdılar. Əksinə, azərbaycanlı xeyriyyəçilər yerli şagirdlər üçün məhdud sayda ibtidai və orta məktəblərin tikintisinə icazə almaq üçün Bakının rus qubernatorlarına böyük miqdarda rüşvət verməyə məcbur idilər.

Yeri gəlmişkən, AXC hökuməti Azərbaycan xalqı üçün təkcə universitet açmamışdı, həm də yüzlərlə azərbaycanlı gənci xarici universitetlərdə oxumağa göndərmişdi. Onların təhsil və digər xərclərini hökumət ödəyirdi. Müstəqillikdən əvvəl bunu təsəvvür etmək mümkün deyildi!
Yeni hökumət Azərbaycan dilini dövlət dili elan etmişdi. Bununla yanaşı, etnik və dini azlıqların fundamental hüquqları təmin olunmuşdu. Şərqdə qadınlara seçmək və seçilmək hüququnu ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyəti verib və bununla tarixə düşüb.

Əlbəttə ki, inqilabi dəyişikliklərlə bağlı siyahını uzatmaq olar. Amma AXC hökumətinin ən vacib nailiyyəti xalqa azadlıq hissini bəxş etməsi və azərbaycanlılara müstəqil parlament respublikasının perspektivini göstərməsi idi. Yeni Azərbaycan dövləti müstəqil dövlətlər cərgəsinə qoşulmuşdu. Bu, artıq arzu deyil, reallıq idi!

Bolşeviklər Azərbaycanın sərhədini bir neçə dəfə zorla dəyişmiş, onun ərazilərini hissələrə bölərək Ermənistana vermişdi. Amma AXC-nin mövcud olduğu 23 ay ərzində dövlətin sərhədi dəqiq müəyyən edilib və uğurla qorunub.

Əminliklə deyə bilərəm ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və siyasi liderləri olmasaydı, bolşeviklər dövlətimizi işğal etdikdən sonra Azərbaycan Sovet İttifaqının tərkibindəki respublikalardan biri olmayacaqdı. AXC-nin qurucuları və siyasi liderləri dövlətimizə həm döyüş meydanlarında, həm də diplomatik cəbhədə böyük vətənpərvəlik hissilə, cəsarətlə rəhbərlik edib.

- Təxminən 10 ildir ki, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfirisiniz. Ölkələrimiz arasındakı əlaqələrin tarixi, bu günü və gələcəyi haqda nə deyə bilərsiniz?

- Bu haqda saatlarla danışa bilərəm. Macarıstan Avropada Azərbaycanı ən yaxşı başa düşən ölkədir. Azərbaycanlılar da Macarıstanı Avropadakı ən yaxın dost, hətta qardaş ölkə hesab edir. Əgər Bakı küçələrində istənilən şəxsə sual versəniz ki, “bu iki xalq haqda nə düşünürsünüz?”, cavab belə olacaq ki, “biz qohumuq”. Əlbəttə ki, Macarıstanda da cavab eyni olacaq. Belə münasibət Avropanın digər ölkələri ilə müqayisədə, Macarıstanda yaşam tərzimizin və fəaliyyətimizin daha rahat olmasına gətirib çıxarıb.
Ölkələrimiz arasında 2014-cü ildə Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirilir. Azərbaycanla Macarıstan arasındakı iqtisadi əməkdaşlıq artıq öz bəhrəsini verir. Məsələn, Macarıstan şirkətlərindən biri ötən il “Azəri-Çıraq-Günəşli” yatağındakı səhmlərin 10%-nə sahib olub. Bu, ölkənizin rəqabət qabiliyyətli oyunçu rolunun artdığını göstərir. Macarıstanın əldə etdiyi nailiyyətlərlə qürur duya bilərsiniz.

- Macarıstan universitetlərində minlərlə azərbaycanlı gənc təhsil alır...

- Onlar Macarıstanı sevir. Şəxsən mən bu gəncləri ölkələrimiz arasındakı “canlı körpü” hesab edirəm. Onlar mədəni, siyasi, eyni zamanda, uzunmüddətli tarixi perspektiv baxımından iki ölkəni birləşdirir.

Bildiyiniz kimi, Macarıstan artıq Türk Şurasında müşahidəçi dövlət statusuna da malikdir. Budapeştin bu qurum çərçivəsindəki fəaliyyəti xalqlarımızı və dövlətlərimizi birləşdirən amillərdəndir. Bir sözlə, iki ölkə arasındakı münasibətlərin gələcəyilə bağlı nikbinliyə ciddi əsas var.

- Sanki, bu il Respublika Gününü bir az fərqli keçirirsiniz...

- Təəssüf ki, koronavirus pandemiyası üzündən ənənəvi tədbirlərimizi keçirə bilmədik. Respublika Gününə həsr edilmiş tədbirlərdə ənənəvi olaraq diplomatik korpusun nümayəndələri və çox sayda macarıstanlı dostumuz iştirak edirdi. Bu gün şəhərdən kəndə belə, səfər etmək çox çətindir. Odur ki, onlayn rejimə keçməyə məcbur olduq. Hər halda, gündəlik işimizi davam etdiririk. Bu il açılışını etdiyimiz “Azərbaycan evi” də fəaliyyətini davam etdirir.

Ölkələrimiz arasındakı “canlı körpülər” – Macarıstanda təhsil alan gənc azərbaycanlılar da bu gün xalqlarımız arasındakı mədəni əlaqələri genişləndirməyə davam edirlər. Doğrudur, koronavirus pandemiyası həyatımıza müvəqqəti dəyişikliklər gətirib. Amma bu, bizi dayandıra bilməz. Hər halda, yaxın zamanlarda koronavirus pandemiyası nəticəsində yaranmış vəziyyətin öhdəsindən gələ biləcəyimizə, normal həyatımıza qayıdacağımıza və qarşıya qoyulan bütün hədəfləri yerinə yetirəcəyimizə inanıram.

DAILY NEWS HUNGARY, Macarıstan //Ovqat.com//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...